22 fevral 2021 19:09
2291

Xocalı soyqırımı: İnsanlığa qarşı törədilmiş ən dəhşətli cinayət

1992-ci ilin fevral 25-dən 26-na keçən gecə Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Dünyada misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi.  Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər silahlanması düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi.

Bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımının əsl mahiyyəti ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra geniş araşdırılmış və dünya içtimaiyyətinə təqdim olunmağa başlanılmışdır. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquqi məsuliyyət baxımından təsbit etmiş və 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” kimi qeyd olunması haqqında qərar vermişdir.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən sonrakı müddətdə də Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması  istiqamətində fəaliyyət ardıcıl surətdə davam etdirilmişdir. Ölkə başçısının 2012-ci il yanvarın 17-də “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” Sərəncamında bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində hökumətin fəaliyyətinin gücləndirilməsi və  davam etdirməsi vəzifəsi xüsusi qeyd edilmişdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər də xüsusi vurğulanmalıdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur ki, bunun da əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

Dövlətin və Heydər Əliyev Fondunun gördükləri bu unikal işlərin sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir. Faciənin hər ildönümündə dünyanın bir çox ölkələrində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Hər il nüfuzlu xarici nəşrlərdə faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Bu dəhşətli cinayətin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində öz əksini tapır. Artıq Xocalı soyqırımını tanıyanların sayının artması ilə ermənilərin məkrli siyasəti dünya ictimaiyyətinə çatdırılır.

Bir sözlə, qəhrəmanlıq tariximizə qanlı səhifə kimi yazılmış Xocalı soyqırımı xalqımız tərəfindən heç vaxt unudulmayıb və unudulmayacaq.

Mənsumə Babayeva, “İki sahil”