Mehriban xanım Əliyeva: Azərbaycan dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdəndir
«Qadınlar zəifdir, amma analar qüvvətlidir.» Bu sözlər Tanrının insanlığa bəxş etdiyi əvəzedilməz sərvəti olan analar, qadınlar haqqında deyilən minlərlə müqəddəs kəlamlardan yalnız biridir.
Ana- torpaq sözlərinin qoşa çəkilməsi də təsadüfi deyil. Torpaq da ana qədər övladına həyat bəxş edir, mənəvi sərvətini əsirgəmir. Bir ana ailəsi, övladı üçün əvəzedilməzdir. Amma bütünlükdə xalqı, dövləti üçün tarixi xidmətləri ilə seçilən, bəşəri ideyaları şəxsiyyətində formalaşdıran, təkmilləşdirən, milli-mənəvi dəyərləri söykökünə bağlılıq baxımından qiymətləndirən qadın dövlət xadimləri, diplomatlar çoxdur. Xalqı tərəfindən inam, güvənc yeri olan, milyonların sevincini bölüşən, kədərinə şərik olan, əməlləri ilə neçə-neçə qəlbə mərhəmət bəxş edən belə qadınları təsadüfən «el anası» adlandırmırlar. Çünki onlar eldən qaynaqlanan istəklərin, çağırışların, təşəbbüslərin icraçıları kimi də məsuliyət daşıyırlar, çətinliklərdən qorxmurlar. Övladalarını xalqa, Vətənə məhəbbət ruhunda tərbiyə edib boyüdəndə də ilk sözü bu olur: Sən Vətənə borclu, Vətən sənə əmanətdir. «Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardadır. Bu gücün, bu qüvvənin qüdrətini və təsir dairəsini nəzərə almamaq mümkün deyil. Belə bir qüdrətli amilin mədəniyyətlər və sivilizasiyalararası dialoqa layiqli töhfə verməsi bizim özümüzdən asılıdır» söyləyən Mehriban xanım Əliyeva Birinci vitse- prezident, Heydər Əliyev Fondunun prezidenti kimi xalqımızın hörmət və ehtiramını insanlara qayğısı, diqqəti, nəvazişi, adına layiq mehribanlığı ilə qazanıb.
Qadınlara nümunə, gənclərin hamisi, Vətəni üçün ictimai xadim
Azərbaycan xalqı tarixi günlərini yaşayır. Ermənistanın işğal altında saxladığı torpaqlarımızın 44 gün ərzində azad olunması bütün dünya ictimaiyyətini heyrətə gətirdi. Müharibə davam edən günlərdə sevincini xalqa müraciətləri ilə bildirən Ali Baş Komandan İlham Əliyev düşmən üzərində tarixi qələbəmizi milyonlarla bölüşdü. Xalq-ordu- iqtidar birliyinin sarsılmazlığını, düşmənə arxa çevirməyən əsgərlərimizin qəhrəmanlığını sosial şəbəkələrdəki qələbəyə çağırış sözləri ilə bildirən Birinci vitse-prezident Mehriban xanım Əliyeva müdriklərin qadın mərhəmətinə, sədaqətinə, etibarına verdikləri qiyməti Vətəninə sədaqəti ilə təsdiqlədi: «Hər bir uğurlu kişinin arxasında bir uğurlu qadın dayanır. Ya ana, ya həyat yoldaşı, ya da bu işdə ona kömək edən, inam verən başqa qadın. Ağıllı həyat yoldaşına sahib olan kişi, artıq həyatda ən böyük uğurunu qazanmış sayılır. Çünki ağllı xanımlar hər kəsə etibar etmir. Əgər sənə etibar edib, seçibsə demək artıq ən böyük uğurunu qazanıbsan.» Bu hikməti 4 ildir davam etdirdiyi Birinci vtse-prezident vəzifəsini layiqli xidmətləri ilə doğruldan Mehriban xanım Əliyeva ulu nənələrimizin qəhrəmanlıq salnaməsinə öz dəst-xəttini yazdı. Dövlət xadimi, etibarlı həyat yoldaşı olduğunu işğaldan azad olunan torpaqlara səfəri zamanı Prezident İlham Əliyevlə çiyin-çiyinə dayanmaqla bildirən Mehriban xanım Əliyevanın qələbə sevincindən fərəhlənən əsgərlərlə, əhali ilə görüşlərində keçirdiyi həyəcan, qayğıkeşlik birinci xanıma el hörmətinin ifadəsi idi. Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın və qızları Leyla Əliyevanın ermənilər tərəfindən dağıdılan müqəddəs ocaqlarımızda milli, dini adət-ənənələrimizə bağlılığı, İslami dəyərlərə inam və ehtiramı əsl Azərbaycan qadınına xas mərhətmət, dəyanət, xalqına bağlılıq idi.
Bəşəri inciləri İslami dəyərlərlə zənginləşdirən xeyirxah!
Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində humanitar layihələri, xeyirxah təşəbbüsləri, insanları birliyə, sülhə dəvət edən çağırışları ilə şöhrətlənən Mehriban xanım Əliyeva UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri kimi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər birlik və həmrəylik nümunəsidir. Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz xidmətləri ilə fərqlənən Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşmasına, gender bərabərliyinin qorunmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsinə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib.
Onun Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində ən mötəbər qurumlarından olan UNESCO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni əlaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində mühüm nailiyyətdir. Xalqımıza ulularımızdan ərməğan qalan muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESCO-nun qeyri-maddi, mədəni irs siyahısına daxil edilib. Bundan başqa, İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Təkcə Azərbaycanda deyil, bütünlükdə Şərqdə tanınan, bəşəri dəyərləri dünyada təbliğ edən Mehriban xanım haqqında deyilən sözlər Azərbaycan qadınlarını dünyada tanıdır, şan-şöhrət gətirir.
Bu günlərdə ICESCO tərəfindən elan olunan «Qadınlar ili»” çərçivəsində «Qadınlar və qızlar elmdə» Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə çıxış edən respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrinə sadiqliyindən də bəhs etmiş, təşkilatla əməkdaşlığın müsəlman həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələrdən, ölkəmizdə qadın əməyinə verilən qiymətdən danışaraq bildirmişdir ki, Azərbaycanda uğurla davam etdirilən gender siyasəti, ailə, qadın, uşaq problemlərinin həlli istiqamətində həyata keçirilən layihələr, gənc qızlarımızın elmdə qazandıqları nailiyyətlər Azərbaycan qadınının cəmiyyətdəki rolunun təzahürü, firavan və təhlükəsiz dünya naminə görülən işlərə misilsiz töhfəsidir. Eyni zamanda, qadınlarımızın siyasətdə, ictimai işlərdə, həyatımızda, məişətimizdə rolunun artırılması, gender bərabərliyinin uğurlu davamıdır. Konfransda deyildiyi kimi, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və sivilizasiyaların təmas və ünsiyyət məkanı olub. Asiya və Avropa arasında körpü, çoxkonfessiyalı, çoxmillətli ölkəmizin mədəni müxtəlifliyə sadiqliyinin nəticəsidir ki, respublikamızda dini münasibətlər sağlam zəmində qurulub və inkişaf edir. İnsanlığa dəyərin ifadəsi olan cəmiyyətimizdə hökm sürən tolerantlıq və dözümlülük Azərbaycan xalqının yaşam tərzidir. Qardaşlıq körpülərinin dayaqlarının möhkəmlənməsində insana dəyər verən, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq musiqi müsabiqələrinin və idman yarışlarının yüksək səviyyədə təşkilinə çalışan Mehriban xanımın təşkilatçılıq bacarığı dünyada nümunə göstərilir.
Mehriban xanım Əliyevanın dünyada ictimai-siyasi xadim kimi tanınması gərgin zəhmətin, məsuliyyətin bəhrəsidir
«Mehriban xanımın fəaliyyəti çoxşaxəlidir» sözləri gəlişi gözəl ifadələr deyil, reallığı əks etdirən həqiqətdir. İnsanlıq , bəşəri dəyərlərin qorunması naminə göstərilən xidmətlər isə əvəzsiz qalmır. Mehriban xanımın əməyinə verilən dəyər Azərbaycan xalqının müdrik kəlamlarından olan «Elin gözü tərəzidir» zərb-məsəlinin beynəlmiləl səviyyədə səsləndirilmiş formuludur. «Qızıl ürək» və Ümumünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına layiq görülən Mehriban xanımın «XXI əsrin böyük qadını» laureatı adına, UNESKO-nun «Qızıl Motsart» medalına, Krans Montana Forumunun qızıl medalını ilə təltif olunması illərdən bəri çəkilən zəhmətin beynəlxalq səviyyədə qiymətləndirilməsidir. Ölkə daxilində və dünya arenasında həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım Əliyevanı Vətənimizin ən ali mükafatı - «Heydər Əliyev» ordeni ilə təltif edərkən bildirmişdir ki, Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır.
Fransanın «Şərəf Legionu» ordeninə layiq görülən Mehriban xanımın xeyriyyəçilik işlərində fərqlənməsi , bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə beynəlxalq səviyyəli sorğularda daha çox reytinq toplaması Azərbaycan qadınının ictimai-siyasi işlərdə zəngin təcrübəyə malik olduğunu göstərməklə, dünya birliyində fəal mövqe tutmasının nümunəsidir.
Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı Rus Provoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşmasına qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etməsi də onun çoxsahəli xidmətlərinə verilən dəyərlərdəndir. Moskvadakı Xilaskar İsa Məbədində keçirilən təltifetmə mərasimindəki çıxışında Mehriban xanıma xeyirxahlıq əməllərinə, genişmiqyaslı fəaliyyətinə görə minnətdarlıq edərək Azərbaycan xalqına firavanlıq arzulayan Patriarx Kirill ölkəmizin birinci xanımına ən xoş arzularını da bildirdi: « Siz ölkənizin və xalqınızın həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz.»
«Bizim hamımızın bir Tanrımız var və bu nə qədər sadə səslənməsə, hər bir dinin əsasını təşkil edən dəyərlər ümumbəşəri dəyərlərlə eynidir. Bu, insanları birləşdirən və barışdıran dəyərlərdir» söyləyən Mehriban xanımın fəaliyyətinin əsasını tolerantlığa, multikulturalizmə sədaqət amilləri təşkil edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ötən il Romanın dünyada məşhur muzeylərində, mədəniyyət ocaqlarında olmaları, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidəsini ziyarət etmələri, Vatikanda Skistin Kapellası və Müqəddəs Pyotr kilsəsi ilə tanışlıqları, Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşmələri dünyada sivilizasiyalar və dinlər arasında münsibətlərin daha da inkişaf etdirilməsi istiqamətində atılan önəmli addımalar idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında qurulmuş münasibətlər daha da genişləndiriləcək. Görüşdə kardinal Pietro Parolinin Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçını ( Dama di Gran Croce dell*ordine Piano) Mehriban xanım Əliyevaya təqdim etməsi ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir.
«Qıfıl qorxudursa, açar dialoqdur» sözləri Mehriban xanımın həyat amalıdır
Əməlləri dünyada tanınmış xadimlərin sözləri ilə qiymətləndirilən, humanist təşəbbüslərin, layihələrin müəllifi adlandırılan, xeyirxah insan olan Mehriban xanım Vətənini, xalqını sevdiyi kimi, başqa millətlərin mənəvi dəyərlərinə də hörmətlə yanaşır. İnanır ki, sərhəd tanımayan, tərcüməyə ehtiyacı olmayan musiqi kimi, «dialoqların açarı» da sağlam düşüncəli insanların əlində olarsa, dünyada tolerantlıq, multikulturalizm qalib gələcək, dini radikalizmə, ayrı-seçkiliyə son qoyulacaq, bütün bəşəriyyət üçün faydalı çağırışlar səslənəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq konfranslarda, mədəniyyətlərarası dialoq forumlarında dünya ictimaiyyətinə ünvanlanan, bəşəriyyətin xilasına yönələn çağırışlar terrora, dini radikalizmə qarşı mübarizədir.
Mehriban xanımın tarixi xidmətlərindən olan Dağlıq Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya xalqlarına çatdırılması üçün göstərdiyi vətəndaşlıq mövqeyi də təqdirəlayiqdir. Heydər Əliyev Fondunun xətti ilə müxtəlif dövlətlərdə təşkil olunan dinləmələr, keçirilən aksiyalar, münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində də Avropa və Qərb dövlətlərində böyük siyasi nüfuza , hörmətə , ehtirama layiq Mehriban xanımın səyləri əvəzsizdir.
Təbii fəlakətlərdən əziyyət çəkənlərə, məcburi köçkün və qaçqınlara diqqət və qayğı Mehriban xanımın gündəlik iş prinsipinin ən aktual məsələlərindəndir.
«Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir» söyləyən Mehriban xanım artıq öz yolunu müəyyənləşdirib: Xalqa xidmət, Vətənə sədaqət. Bu həqiqəti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin sözləri də təsdiqləyir: «Mehriban xanımın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz bu fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilibdir… Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Sadaladığım bütün bu amilləri nəzərə alaraq, mən bu qərara gəldim və bu gün Mehribanın həyatında yeni dövr başlayır.»
Xalq naminə göstərilən xidmətə verilən dəyər insanların ürəklərindən gələn “Sizinlə fəxr edirik, Mehriban xanım!” sözləridir
Xuraman İsmayılqızı, «İki sahil»