23 fevral 2021 21:48
1063

Murat Aslan: Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsi beynəlxalq hüququn tələbidir - EKSKLÜZİV

“Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsi həm daimi atəşkəsin, həm də beynəlxalq hüququn tələbidir. Bu addım mülki itkilərin qarşısını almaq baxımından bir zərurətdir”.

Bu fikri “İki sahil”ə açıqlamasında Türkiyənin Hasan Kalyoncu Universitetinin müəllimi, SETA-nın təhlükəsizlik üzrə mütəxəssisi Dr. Murat Aslan söylədi.

Təhlükəsizlik üzrə mütəxəssis qeyd etdi ki, xəritənin alınması üçün Azərbaycanın əvvəlcə Rusiya ilə, daha sonra BMT və ATƏT ilə təşəbbüslərə başlamaq hüququ var: “Ermənistan əvvəllər Dağlıq Qarabağda yerləşmiş erməni hərbçilərinin elan etdikləri qondarma dövlətə aid olduğunu iddia edərək mina xəritəsini vermək istəmir. Bununla həm də bölgəyə gələn mülki şəxsləri təxirə salmaq və infrastrukturun inkişafına yönəlmiş investisiyaları təxirə salmaq istəyir. Səbəb isə ehtimalı olan növbəti bir müharibə ilə bu bölgələri yenidən işğal etmək ümididir. Ermənistanda daxili siyasi atmosfer gərginləşdikcə Azərbaycanla imzalanan müqaviləni daimi hala gətirə biləcək hərəkətlərdən çəkinməyə çalışırlar”.

M.Aslan vurğuladı ki, mina və tələlərin təmizlənməsində özünə yetərli potensial yaratmağa, müasir texnalogiyaya sahib olmağa laqeyd yanaşılmamalıdır: “Bu çərçivədə mina xəritələri verilsə də, verilməsə də müasir robot texnologiyalarının istifadəsinə üstünlük verilməlidir. Çünki plansız qoyulan mina və tələlər da var”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”