25 fevral 2021 17:44
1349

Əli Kərimlinin əqidəsi: Xalqa nifrət, erməniyə, FETOçulara dəstək

Tarixi dəyişmək, saxtalaşdırmaq, unutmaq olmadığı kimi, zamanı da geri qaytarmaq, silmək olmaz.   Zamandan səmərəli istifadənin insan həyatı üçün əhəmiyyətini  «Vaxt həyatın vicdanıdır, itirilmiş vaxt  adamı itirilmiş vicdandan da artıq həyəcanlandırmalıdır» kəlamı ilə  dəyərləndirən  Azərbaycan yazıçısı  Yusif Vəzir Çəmənzəminlinin bu sözləri   şər, böhtan yığıncağının baş keşişi olan AXCP sədri Əli Kərimlinin  ləkəli vicdanına və boyuna biçilib. Yeri gəlmişkən, keşiş sözünü də  təsadüfən işlətmədik. Çünki  Əli Kərimli də erməni keşişləri kimi  dağıdıcı ruha malik,  pis niyyətli, insanlıqdan kənar əməllər sahibidir. Heç özünə də bəlli olmayan « siyasi fəaliyyəti» illərində daim ermənipərəst dairələrlə əməkdaşlıq, erməni əsilli  Leyla və Arif Yunus kimilərə məddahlıq edən Əli Kərimlinin ətrafına toplaşanlar terroru, separatçılığı, faşizmi, dini radikalizmi dəstəkləyənlər,  qaniçən, quldur «yan»ların göstərişlərini yerinə yetirən şarlatanlar  olublar. Necə deyərlər, taylı tayını tapıb.

Azərbaycanın 44 gün ərzində davam edən müharibədə  Ermənistan üzərində qələbəsini sindirə bilməyən, ermənilərin məğlubiyyətinə  məyus olub, özünün dərdi kimi qəbul edən   Əli Kərimlinin  göz yaşları bitmir. Torpaqlarımızın işğaldan azad  edildiyi vaxtdan aylar keçsə də,  mənsub olduğu xalqın sevincinə qoşulmayan, əksinə, ermənilərə havadarlıq edən «islahatçı sədr» 30 il müddətində  bir dəfə də olsun   qaçqın, məcburi köçkün  soydaşlarımız haqqında  ağzını açmamış,  onların yaşayışları ilə maraqlanmamış, hüquqlarının müdafiəsi üçün səsini çıxarmamışdır.  Hələ də erməni ağzı ilə danışan,   düşmən üzərində qələbəmizə sevinməyən,  «güclənən Ermənistan ordusu», « gözlənilən üçüncü müharibə», « erməni diasporunun fəaliyyəti» kimi təxribatları ilə qələbəmizə  kölgə salmaq ənənələrinə sadiq qalan Əli Kərimli  ruhlarını zəhərlədiyi emissarları vasitəsilə  Azərbaycana qarşı təxribatlarını davam etdirir,    insanlarda mənfi  rəy formalaşdırmağa çalışır.  Ermənistanın baş nazirinin imzaladığı kapitulyasiya aktını,  xarici hərbi ekspertlərin  Milli Ordumuz barədə söylədiklərini Əli Kərimliyə xatırladaq: Fərari Ermənistan  ordusundan qat-qat güclü olan, dəmir yumruqdan güc alan Azərbaycan Silahlı Qüvvələri düşmənə layiq olduğu cavabı verib, gələcəkdə də rəşadətini göstərmək  qüdrətindədir. Əli Kərimlinin xalqımıza qarşı  bitməyən xəyanətinin haradan və nədən qaynaqlandığını hamı bilir.  Daim yanımızda olan, siyasi, iqtisadi, hərbi tərəfdaş kimi illərdən bəri xalqlarımız arasında qardaşlığa sadiq qalan, milli-mənəvi dəyərlərimiz oxşar olan Türkiyə haqqında belə xoşagəlməyən  ifadələr işlədən Əli Kərimli bu hərəkəti ilə   əməkdaşlıq etdiyi  FETOçuları dəstəkləyir.   Dəfələrlə  bildirildiyi kimi,  özü və  oğlu Türkel  terrorçubaşı  Fətulla Gülənlə daim  əlaqə saxlayıb, onun   tövsiyələrinə əməl edib. Yəni, FETOçularla ermənilərin Türkiyəyə və Azərbaycana qarşı nifrətini  simasızlığında birləşdirən, dostluğumuza  təxribatlar ilə ləkə salmağa çalışan  Əli Kərimli  qatı ermənipərəst olduğu üçün  antitürk  xəyanətini davam etdirir.

AXC-Müsavat iqtidarının da günahkar olduğu  Xocalı soyqırımının ildönümünün yaxınlaşdığı  günlərdə də  qatil, cəllad, faşist ermənilərə sədaqətini  xarici ölkələrdə sığınacaq tapan,  yetirməsi Qənimət  Zahid, Sevinc Osmanqızı kimilərə müsahibəsində bildirən, əsasən Azərbaycan və Türkiyə əleyhinə çağırışlar edən Əli Kərimliyə xatırladaq ki,  onun və onun kimilərinin iqtidarı dövründə ermənilərə satılan torpaqlarımız  44 gün davam edən müharibədə Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti , qüdrətli Milli Ordumuzun döyüş rəşadəti sayəsində  əsl sahiblərinə qaytarıldı.  AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində  ermənilərin xarabazara çevirdikləri, dağıdıb, yandırdıqları   ərazilərimiz bu gün əsl  quruculuq , abadlıq meydanıdır.   Artıq xalq  torpaqlarımızı satanları  tanıyır və satqınlara nifrət edir. Ərazilərimizi işğaldan azad edənləri dəstəkləyir, dövlət başçımızın  müraciətlərindən irəli gələn  göstərişlərin  yerinə yetirilməsində elliklə iştirak edir.

1992-ci ildə Şuşanın işğalından  sonra Laçının, digər  rayonların itirilməsində, günahsız insanların qətlə yetirilməsində hakimiyyəti zorla ələ keçirməyə çalışan cəbhəçilər, müsavatçılar da günahkardırlar . «İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satıb» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, iqtidara gəlmək üçün Bakıda mitinqlər təşkil edən, çaxnaşma yaradan, xalqa xəyanət edən hakimiyyət hərisləri iqtidara gələndən az sonra Şuşanı boşaltdılar.  AXC-Müsavat  iqtidarının  müdafiə naziri Şuşanı qoruyan dəstəni şəhərdən çıxarmaqla  ermənilərə  «yaşıl işıq» yandırdı.  Belə ki, Şuşa uğrunda döyüşlərdə  hərb tarixində  görünməyən qəhrəmanlıq göstərən şəhidlərimizin qarşısında onlar da  günahkardırlar. «Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq» sözləri ilə torpaqlarımızı düşmənə satanların kim olduğunu göstərən Prezident İlham Əliyevin bildirdiyi kimi  Şuşanın işğaldan azad edilməsi düşmənə və ermənilərlə eyni əqidədə olan əlikərimlilərə vurulan ən böyük zərbə idi.

Qalib Ali Baş Komandan İlham Əliyevin  «1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altına düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər – dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdi. Şuşa şəhəri boşaldılmışdı. O vaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Amma qorxaqcasına Şuşadan qaçmışdı. Ondan sonra isə ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar» sözlərindən vahiməyə düşən ermənilərin havadarı Əli Kərimlini də  bu cür toylar gözləyir.  «İslahatçı sədr» unutmasın ki,  vaxt gələcək xəyanətlərinə görə  Azərbaycan xalqının ona və  bütün satqınlara tutduqları «toy»da,  «xınayaxdı»da  fərqli cəhətləri ilə seçiləcək. Mühakimə  edilən,  elin  sorğusuna  çəkilən, xəyanətlərinin  şahidi  olan vicdanları susacaq.  Hakim isə şəhid ruhları olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»