26 fevral 2021 16:17
974

Bahar Muradova: Bir sıra məsələlər var ki, cəmiyyətdə haqlı narahatlıq doğurur - VİDEO

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Ana harayı” abidə kompleksini ziyarət etdikdən sonra jurnalistlərin sullarını cavablandırıb. Gender bərabərliyi və intihar halları ilə bağlı danışan komitə sədri bildirib ki, vuğulanan məsələlər haqlı olaraq cəmiyyətdə narahatlıq doğurur: “Ölkədə bir sıra məsələlər var ki, cəmiyyətdə haqlı narahatlıq doğurur. Bunlar bir az bizim mental və ailə dəyərlərimizə bağlıdır. Elə insanlar var ki, cəmiyyətə açıq müraciət etmək, problemlərini müvafiq qurumlara bildirmək istəmir. Nəticədə ailədəki problemlər gizli qalır ki, bunun da sonrakı fəsadını həll etmək daha çətin olur. Ona görə də həm dövlət, həm vətəndaş cəmiyyəti, həm də media bu proseslərə biganə qalmamalıdır”.

İntihar hallarından da danışan Bahar Muradova bunun səbəbini daha çox koronavirus pandemiyası və müharibə şəraiti ilə izah edib: “Bildiyiniz kimi, son zamanlar koronavirus pandemiyasının yaratdığı vəziyyətlə bağlı olaraq intihar halları müşahidə olunur. Digər tərəfdən, Azərbaycanın müharibədən çıxmış ölkə olması da prosesə mənfi təsir edir. Belə halların qarşısını almaq üçün müəyyən proqramlar hazırlanmalı, ictimai müzakirələr aparılmalıdır”.

Taleh Bağırov. “İki sahil”