26 fevral 2021 16:22
1274

İşğalçı ölkədə vəziyyət ermənicədir

Fevralın 20-də İrəvanın Azadlıq meydanında 17 partiyanın təşkilatçılığ ilə baş nazir Nikol Paşinyanın istefası tələbilə başlanan aksiyalar davam edir. Amma müxalifət Ermənistan cəmiyyətini Nikol Paşinyan rejiminə qarşı qaldırmaqda çətinlik çəkdiyinə görə öz istəyinə nail ola bilmir. Nikol Paşinyanın tərəfdarları isə onu dəstəkləməkdədirlər. Yəni, cəmiyyətin müəyyən qüvvələri müxalifətin tələblərinə məhəl qoymur. Başqa sözlə desək, onlar Nikol Paşinyanı ölkədə etimad edilən siyasi xadim kimi görürlər. Nikol Paşinyanın keçmiş hərbi xuntanın liderləri, Xocalı cəlladları - Serj Sarkisyanın və Robert Köçəryanın toplam reytinqindən  üstün reytinqə malik olması, eləcə də yanvarın  25-də Respublika meydanında öz tərəfdarları qarşısındakı çıxışı zamanı alqışlanması da bunu sübut edir. Amma görünən budur ki, baş qərargah rəisi Onik Qasparyan və digər hərbçilərin bəyanat imzalayaraq baş nazirin istefasını tələb etmələri, keçmiş hərbi xuntanın və müxalifətin onları dəstəkləməsi vəziyyəti daha da gərginləşdirib. Müxalifətin nümayəndələrindən biri – “Vətən” partiyasının sədri, Ermənistan milli təhlükəsizlik xidmətinin sabiq direktoru Artur Vanesyan bildirib ki, əgər onları dəstəkləməsək, o zaman Ermənistanı itirəcəyik. Bu arada müxalifətin vahid lideri Vazgen Manukyan yenə öz iddiaları illə çıxış edərək deyib ki, insanlar istər bu gün, istərsə də on gündən sonra qiyam yolu ilə hakimiyyəti almağa hazır olmalıdır. Son məlumata görə, müxaliflər parlament binası ətrafında barrikadalar, çadırlar qurmaqdadırlar.

Bu da o anlama gəlir ki, hazırda qüvvələr arasında yeni mübarizə mərhələsi başlayıb. Bu səbəbdən Ermənistanda müharibədəki məğlubiyyətdən sonra gərginləşən ictimai-siyasi vəziyyət pik nöqtəsinə çatıb. Doğrudur, Nikol Paşinyan  çevriliş cəhdinin artıq nəzarəti altında, daha doğrusu,  idarəolunan olduğunu söyləyib. O, bu addımı emosional reaksiya kimi dəyərləndirərək vurğulayıb ki, mən hamıya daha bir “məxməri inqilab”ın olmayacağını vəd edirəm. Amma onun bu kimi cəhdlərinə baxmayaraq, hakimiyyət və müxalifət tərəfdarları arasında ilk qarşıdurmalar baş verməkdədir.

Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində müharibədəki məğlubiyyətdən sonra Ermənistanda baş verən bu kimi qarışıqlıqlara münasibət bildirərkən deyib ki, orada böhran yaşanır, orada bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər, gündə toqquşmalar, həbslər baş verir, demokratik əsaslar demək olar ki, tamamilə pozulub. Ermənistanın heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmadığını vurğulayan cənab Prezident ölkəni bu vəziyyətə salanların kimlər olduğunu da göstərib: “Onları bu vəziyyətə salan onların rəhbərləridir. Həm 20 il Ermənistana başçılıq edən xunta rəhbərləri - Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn hakimiyyət.” Qeyd edək ki, İlham Əliyev istər müharibə, istərsə da müharibədən sonrakı günlərdə verdiyi müsahibələrində bu məsələni dəfələrlə vurğulayıb. Məsələn, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında demişdir ki,  biz Köçəryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Köçəryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm... İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır.”

Bütün bunlara rəğmən, Prezident İlham Əliyev, həmçinin bildirib ki, bir zəli kimi dünya ölkələrinin vücuduna yapışan Ermənistan indi öz havadarları ilə birgə  ordusunu yenə də canlandırmaq, modernləşdirmək  istəyir. Dövlətimizin başçısı belə istəklə yaşayanlara tutarlı mesaj da göndərib: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar.” Prezident vurğulayıb ki, ümumiyyətlə, belə bir faşist dövlətdə ordu olmamalıdır. Ona görə də biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın. Amma hər ehtimala qarşı dövlətimizin başçısı ordumuzu bundan sonra da gücləndiriləcəyini qeyd edib.

Prezident öz çıxışında bir məqama da toxunub. Bildirib ki, Ermənistanda  itaətsizlik aksiyalarının qarşısını hakimiyyət orqanları qeyri-adekvat güc tətbiqi və zorakılıqla alırlar. Eyni zamanda, müxalifətin nümayəndələri həbs edilir, öldürülür, amma buna heç bir qurum reaksiya vermir. “Bu, nəyi göstərir” sualına isə cənab Prezident belə cavab verib: “Necə deyərlər, həmin 30 illik tarix bir daha əks etdirir ki, biz bu qələbəni təkcə Ermənistan üzərində qazanmamışıq. Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşib bizim torpağımızı əbədi işğal altında saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa etdik”.

Qvami Məhəbbətoğlu, “İki sahil”