İyulun 10-u Azərbaycan mətbuatının etibarlı söz tribunalarından biri olan "İki sahil" qəzetinin yaranmasının 35-ci ildönümüdür. Düz 35 ildir ki, bu qəzet Azərbaycan mətbuatında öz sözü, öz dəst-xətti ilə seçilir.
Bəzi ünvanlar insanın həyatında sadəcə iş yeri olmur. Onlar taleyə çevrilir, insanın peşəkar yoluna işıq salır, onun formalaşmasında silinməz iz buraxır. Mənim üçün "İki sahil" məhz belə bir ünvandır. Jurnalistikaya aparan yolum da, ilk peşə həyəcanım da, ilk uğurlarım və ilk dərslərim də bu doğma redaksiya ilə bağlıdır.

Qəzetlər var ki, onların tarixi yalnız çap olunan nömrələrin sayı ilə ölçülmür. Onların əsl tarixi yetişdirdiyi jurnalistlərin taleyində, qazandığı oxucu etimadında, qoruduğu peşə prinsiplərində yaşayır. "İki sahil" də belə qəzetlərdəndir. Bu gün 35 illik şərəfli yoluna nəzər salarkən mən təkcə bu qəzetin əməkdaşı kimi deyil, həm də burada ilk peşə addımlarını atan bir jurnalist kimi böyük qürur hissi keçirirəm.
2017-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra ilk əmək fəaliyyətimə məhz burada başladım. Universitet mənə jurnalistikanın elmi əsaslarını öyrətdisə, "İki sahil" bu peşənin məsuliyyətini, vicdanını və mənəvi yükünü öyrətdi. İlk dəfə redaksiyanın qapısından içəri daxil olduğum gün yaşadığım həyəcanı bu gün də unutmuram. Çünki bilmirdim ki, burada təkcə peşə öyrənməyəcəyəm. Mən burada sözün çəkisini, etimadın məsuliyyətini, zəhmətin dəyərini, kollektiv olmağın gözəlliyini öyrənəcək, jurnalist kimi formalaşacağam. Qarşıda isə məni sadəcə bir kollektiv deyil, böyük bir ailə və əsl peşəkarlıq məktəbi gözləyirdi.
İlk yazılarım da oldu, ilk həyəcanlarım da. Təbii ki, ilk səhvlərim də. Axı səhvsiz insan yoxdur. Ancaq mənim ən böyük şansım o idi ki, həmin səhvlərimə görə məni qınamadılar, ruhdan salmadılar. Əksinə, hər səhvimin üzərində səbirlə dayandılar, onun harada olduğunu izah etdilər, necə düzəldilməli olduğunu öyrətdilər. Məni tənqid etməkdən daha çox öyrətməyi seçdilər. Məhz buna görə bu gün əminliklə deyə bilirəm ki, jurnalist kimi formalaşmağımda "İki sahil"in əvəzsiz rolu var.
Bu redaksiya mənim üçün sadəcə ilk iş yerim deyil. Bura qələmimin püxtələşdiyi, peşə prinsiplərini mənimsədiyim, məsuliyyət hissinin nə qədər önəmli olduğunu dərk etdiyim doğma məktəbdir. Bu yolda mənə dəstək olan, inanan və yol göstərən insanlara minnətdarlığımı ifadə etməyi özümə borc bilirəm. İlk növbədə, baş redaktorumuz Vüqar Rəhimzadəyə təşəkkür edirəm. Onun peşəkar rəhbərliyi, prinsipial mövqeyi, sözə və jurnalistikaya sonsuz bağlılığı hər bir əməkdaş üçün örnəkdir. Gənclərə göstərdiyi etimad isə onların peşəkar inkişafına verilən ən böyük dəstəkdir. Ömrünü "İki sahil" qəzetinə, Azərbaycan mətbuatına həsr etmiş İsmayıl Hacıyev haqqında danışarkən sözlər belə kifayət etmir. Onun uzun illərin zəhməti ilə qazandığı təcrübəsi, peşəsinə sədaqəti və yorulmaz fəaliyyəti bizim üçün əsl örnəkdir. Belə insanların yanında çalışmaq, onların məsləhətlərini dinləmək hər bir gənc jurnalist üçün böyük məktəbdir. Xüsusi minnətdarlıq hissi ilə Yeganə Əliyevanı qeyd etmək istəyirəm. O, peşəkar jurnalist olmaqla yanaşı, gənclərin inkişafına ürəkdən çalışan, onların uğuruna öz uğuru kimi sevinən, qayğıkeş və səmimi bir insan, çox zaman isə anlayışlı və mərhəmətli anadır. Biz gənclər onun böyük diqqət və həssaslığını üzərimizdə hiss etmişik. Bəzən bir tövsiyəsi, bir istiqamətləndirici fikri, bəzən də sadəcə inam dolu bir sözü insanın özünəinamını artırmağa kifayət edir. Onun peşəkarlığı, yüksək ünsiyyət mədəniyyəti, insanlara qayğıkeş münasibəti və gənclərə göstərdiyi diqqət biz gənclərə peşəkarlıq və insanlıq nümunəsidir.
Kollektivimizin ağsaqqallarından biri olan Qvami Rəsulov nizam-intizamı, işinə məsuliyyətli yanaşması və gənc əməkdaşlardan tövsiyə və dəstəyini əsirgəməməsi ilə seçilən dəyərli həmkarımızdır. Onun zəngin təcrübəsi və səmimi münasibəti bizim üçün hər zaman nümunə olub.
Kollektivimizin humanistliyi, yüksək intellekti və təmkinli davranışı ilə seçilən dəyərli üzvlərindən biri olan Anar Miriyev isə öz zəngin biliyi, geniş dünyagörüşü və ziyalı mövqeyi ilə hər zaman xüsusi hörmət qazanan insanlardandır. Gənc əməkdaşlara səbirlə yanaşması, hər bir məsələyə təmkinlə münasibət bildirməsi, dəyərli məsləhət və tövsiyələrini səmimiyyətlə bölüşməsi onun ən gözəl xüsusiyyətlərindəndir.
Yaradıcılığı, müasir baxışı və fərqli düşüncə tərzi ilə seçilən Orxan İsrafilov da təcrübəsini gənc əməkdaşlarla bölüşməkdən heç vaxt çəkinməyən həmkarlarımızdandır. Onun səmimi tövsiyələri və yaradıcı yanaşması hər zaman faydalı olub.
Redaksiyanın görünməyən, lakin çox mühüm işlərini böyük məsuliyyətlə yerinə yetirən Rəşad Bağırov və Nüsrət Məmmədovun əməyini də xüsusi qeyd etmək istəyirəm. Texniki məsələlərdə onların peşəkarlığı, operativliyi və fədakarlığı redaksiyanın işinin fasiləsiz davam etməsində mühüm rol oynayır.
Yazımın yüksək səviyyədə hazırlanmasına göstərdikləri diqqət, peşəkarlıq, incəlik və səbrə görə redaktora və korrektora səmimi minnətdarlığımı bildirir, zəhmətlərini yüksək qiymətləndirirəm. Ziyalı insanlarla eyni kollektivdə çalışmaq mənim üçün böyük şans və qiymətli təcrübədir. Əslində, "İki sahil" mənə yalnız jurnalistikanı öyrətmədi. Mənə kollektiv olmağı, bir-birinin uğuruna sevinməyi, çətin anlarda bir-birinə dayaq durmağı, ən əsası isə insanlığın bütün peşələrdən üstün olduğunu öyrətdi.
Təbii ki, bu yazıda kollektivimizin hər bir üzvünün adını ayrıca qeyd etmək mümkün deyil. "İki sahil"in qazandığı uğurlar bir nəfərin deyil, eyni amal uğrunda çalışan böyük bir kollektivin zəhmətinin bəhrəsidir. Bu uğur salnaməsində hər bir əməkdaşın özünəməxsus izi və əməyi var. Bu redaksiyada keçirdiyim hər gün mənə yeni bilik, yeni təcrübə, yeni məsuliyyət qazandırdı. Burada öyrəndim ki, jurnalistin ən güclü silahı qələmi deyil, vicdanıdır. Yazdığı hər sətirdə həqiqətə sadiq qalmaq, cəmiyyət qarşısında məsuliyyət hissini qorumaq isə bu peşənin ən ali dəyəridir.
Səkkiz ilə yaxın müddətdə bu redaksiyada təkcə xəbərlər yazmadım. Burada həyatın özünü oxudum, insanları tanıdım, sözün məsuliyyətini dərk etdim və hər gün bir az da jurnalist, bir az da insan kimi formalaşdım. Mənim üçün "İki sahil" sadəcə ilk iş yerim deyil. O, ilk peşə məktəbim, doğma redaksiyam, məsuliyyətlə yanaşdığım və hər uğuruna öz uğurum kimi sevindiyim qəzetdir. Burada hər gün yeni bir təcrübə, yeni bir dərs, yeni bir məsuliyyət deməkdir. Mənə elə gəlir ki, "İki sahil" yalnız bir redaksiya deyil, həm də həyatın özünü öyrədən bir mübarizə meydanıdır. Bu meydanda qalib gəlmək üçün daim öyrənmək, inkişaf etmək, zəhmətdən çəkinməmək, əzmkar və inadkar olmaq lazımdır.
"İki sahil"in 35 illik yubileyini qeyd edərkən özümü bu böyük ailənin bir üzvü kimi xoşbəxt hiss edirəm. İnanıram ki, 35 illik şərəfli yolunu uğurla davam etdirən bu qəzet bundan sonra da Azərbaycan mətbuatının inkişafına dəyərli töhfələr verəcək, jurnalist olmaq arzusu ilə bu qapını döyən gənclər üçün əsl məktəb, etibarlı dayaq və doğma ünvan olaraq qalacaq.
İllər keçəcək, qəzetin səhifələri dəyişəcək, yeni nəsil jurnalistlər bu redaksiyanın qapısından içəri daxil olacaqlar. Arzum budur ki, onlar da mənim kimi burada yalnız peşə öyrənməsinlər, həm də insanlara hörmət etməyi, zəhmətin qiymətini bilməyi, sözün məsuliyyətini dərk etməyi öyrənsinlər.
Doğma "İki sahil", sən mənim ilk imzamın sevincini, ilk həyəcanımın şahidini, ilk uğurlarımın ünvanını özündə yaşadırsan. Mən bununla qürur duyuram. Arzu edirəm ki, bundan sonra da həqiqətin keşiyində dayanaraq, Azərbaycan mətbuatında öz nüfuzunu və sözünü daim qorusun. Yolumuz həmişə işıqlı, qələmimiz iti, sözümüz kəsərli, addımlarımız isə sağlam, inamlı və uğurlu olsun.
Ən böyük arzum budur ki, bu şərəfli yolda heç vaxt büdrəməyək, peşə prinsiplərimizə daim sadiq qalaq, cəsarətimizi, məsuliyyət hissimizi və zəhmətsevərliyimizi heç zaman itirməyək. Sağlam canla, gümrah ruhla, inamlı addımlarla Azərbaycan mətbuatına xidmət etməyə davam edək. İnanıram ki, "İki sahil" bundan sonra da öz missiyasını layiqincə yerinə yetirəcək, həqiqətin və peşəkar jurnalistikanın səsi olaraq yeni uğurlara imza atacaq.
Doğma "İki sahil"im, 35 yaşın mübarək! Səninlə başlayan yol mənim üçün sadəcə peşə yolu deyil, həyat məktəbidir. Bu məktəbin bir yetirməsi olmaq isə mənim üçün hər zaman qürur mənbəyi olacaq.
Yaqut Ağaşahqızı, “İki sahil”