26 fevral 2021 17:14
1118

Xocalı sakini: Bazarlıq etmək üçün helikopterdən istifadə edirdik - VİDEO

“Bizə deyirdilər ki, qorxmayın, ölənə kimi Xocalını verməyəcəyik”.

Bu sözləri Xətai rayonunda yerləşən “Ana harayı” abidə kompleksini ziyarət edən Xocalı sakini Fətəliyeva Roza Əliş qızı “İki sahil”ə açıqlamasında bildirdi. O gecə törədilənlərin əsl soyqırım olduğunu vurğulayan R. Fətəliyeva sözlərinə daha sonra belə davam etdi: “Son bir ildə Xocalı mühasirədə idi. Ağdama getmək üçün Əsgərandan keçməli idik, amma oranı hasarlamışdılar. Ona görə də bazarlıq etmək üçün helikopterdən istifadə edirdik. Milli Qəhrəmanlarımız Əlif Hacıyev və Tofiq Hüseynov könüllü özünümüdafiə batolyonu yaratmışdılar. Bizə deyirdilər ki, qorxmayın, ölənə kimi Xocalını verməyəcəyik. Ona görə biz də çox arxayın idik. Amma fevralın 25-dən 26-na keçən gecə ermənilər 366-cı motoatıcı alayla birlikdə Xocalıya hücuma başladı. Ermənilər dinc, silahsız əhaliyə divan tutdular. O gecə mənim atam Əliş Quliyev də iki güllə yarası alaraq əsir düşdü. Atamı əsirlikdən alanda elə şeylər danışırdı ki, ermənilərin nə qədər vandal, vəhşi olduqlarını bir daha anlayırdıq”.

Bütün bunlara baxmayaraq R. Fətəliyeva builki anım gününün fərqli olduğunu bildirdi: “Ona görə ki, cənab Prezidentimizin siyasəti, rəşadətli ordumuzun gücü sayəsində torpaqlarımız geri alındı. Sevinirik ona görə ki, torpaqlarımız alındı, ağlayırıq ona görə ki, şəhidlərimiz, atasız qalan uşaqlarımız oldu. HŞəhidlərimizin hər birinə Allah rəhmət eləsin!”

Taleh Bağırov, “İki sahil”