01 mart 2021 21:17
811

Məntiq, təmkin, nəzakət və dəqiqlik

Prezident İlham Əliyevin məhz 26 fevral - Xocalı soyqırımı günündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərək bütün aktual məsələlərə faktlar əsasında münasibət bildirməsi informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi

 

İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı U.Çörçilin belə bir fikri var: "Dövlət xadimlərini siyasətçilərdən fərqləndirən odur ki, birincilər ölkənin gələcəyi haqqında, ikincilər isə qarşıdakı seçki barədə düşünürlər". Tarix sübut edir ki, ölkənin gələcəyini düşünənlər yaşadıqları dövrün nəbzini tutmağa, hansı işləri görməyin zəruri olduğunu dəqiq müəyyənləşdirməyə çalışırlar. Azərbaycanın müasir xarici siyasətində də bu prinsiplərin birmənalı şahidi olmaq mümkündür. Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində regionda əsas söz sahibi kimi çıxış etməyə iddialı bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi Azərbaycanın diplomatiyasının mühüm uğurlarından biri kimi vurğulana bilər. Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycan xarici siyasətdə öhdəliklərə sadiqlik, şəffaflıq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq kimi aparıcı istiqamətlərə nail olmuş, region dövlətləri ilə hərtərəfli əlaqələrinin genişləndirilməsində mehriban qonşuluq prinsiplərini təşviq etmişdir. Dövlət başçısı yüksək liderlik keyfiyyətlərinə malik xarizmatik şəxsiyyət kimi usta diplomatik gedişləri ilə ən güclü dövlətlərin başçılarını belə ram etməyi bacarıb.

Yeni əsrin yeni lideri İlham Əliyev bu 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.

Fransız sərkərdəsi və dövlət xadimi Napoleon demişdir: "Siyasətdə dahilik mümkün olanla mümkün olmayanı fərqləndirə bilmək qabiliyyətidir". Bu prizmadan yanaşdıqda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın yeni iqtisadi və siyasi münasibətlər sisteminə dərindən bələd olan praqmatik liderlik keyfiyyətləri, reallığa əsaslanan siyasət yürütməsi qabarıq görünür. Dövlət başçısının məhz 26 fevral - Xocalı soyqırımı günündə yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərək yüksək diplomatik məharət, natiqlik nümayiş etdirməsi, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirməsi, xüsusən də aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltməsi informasiya cəbhəsində ölkəmizin mövqeyini daha da gücləndirdi. Dövlət başçısı 4 saat ərzində, su belə içmədən bir növ xarici media nümayəndələrinə, eləcə də Ermənistana və onun havadarlarına master-klass keçdi. Ölkə başçısı tərəfindən 4 saatdan çox davam edən konfransda dünyanın 35-dən çox media oqanının 50-yə yaxın sualı cavablandırıldı. Xüsusən də konfransın Xocalı faciəsinin 29-cu ildönümünə təsadüf etməsi beynəlxalq media vasitəsilə Xocalı həqiqətlərini geniş formada dünya ictimaiyyətinə çatdırmış oldu. Prezident İlham Əliyevin xüsusi məharəti, intellekti və səslənən suallara bir neçə dildə cavab verməsi xarici media nümayəndələrini heyrətləndirdi. Dövlət başçısı bütün suallara, hətta spekulyativ xarakterli suallara belə təmkinlə, nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verdi, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri isə yerindəcə tərksilah etdi. Xüsusən də Ermənistanda revanşizm fikrinə düşənlərə öz açıq mesajlarını verdi. Onları bu fikirlərdən daşınmağa çağıran dövlət başçısı əks təqdirdə "dəmir yumruğu" yenidən üzərilərində hiss edəcəklərini vurğuladı. Dövlət başçısı, həmçinin müharibə dövründə Azərbaycanla Ermənistanın fərqinin çox aydın izahını verdi. Azərbaycanın Vətən müharibəsi dövründə dinc erməni xalqına münasibətdə sərgilədiyi nümunəvi addımları və Ermənistanın davranışlarını müqayisəli şəkildə elə təqdim etdi ki, artıq bütün dünya bir daha erməni xislətinin nəyə qadir olduğunu anladı.

Prezident İlham Əliyevə ünvanlanan suallardan o da aydın olurdu ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın mövqeyini dinləmək, ölkəmizin bu proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib. Çünki regionda faktiki yeni reallıq yaranıb. Bu mənada dünya mediasının əsas diqqəti Azərbaycanın böyük qələbəsinə, regionda yaranan yeni reallıqlara yönəltməsi təsadüfi deyildir. Biz dünya mediasının Azərbaycana olan marağının 44 günlük Vətən müharibəsi dövründə də şahidi olmuşduq. Budəfəki mətbuat konfransı isə 4 saatdan artıq davam etdi. Səslənən suallar, media mənsublarının təəssüratları və 4 dildə müsahibə verən yeganə dövlət başçısı göstərdi ki, Prezident İlham Əliyev jurnalistlər tərəfindən maraqlı müsahib kimi qəbul olunur.

Beləliklə, sözügedən mətbuat konfransı ilə xarici mediada Prezident İlham Əliyevin əsas mesajlarının manşetlərə, başlıqlara çıxarılması, onların geniş rezonans doğurması, maraqla izlənməsi Azərbaycanın dünyadakı nüfuzunu və mövqeyini daha da möhkəmləndirdi. Dünya ölkələri Azərbaycanın haqq səsini və haqq davasını bir daha ən yüksək tribunadan eşitdi və tam əminliklə deyə bilərik ki, dövlət başçısının dünənki master-klası Azərbaycan üçün nə qədər faydalı oldusa, Ermənistan üçün bir o qədər də zərbə oldu.

Sevinc Azadi, “İki sahil”