01 mart 2021 17:25
1170

Qanlı Xocalı qırğınını unutmağa haqqımız yoxdur

Xocalı soyqırımı ilə əlaqədar dərindən kədərləndiyimi bildirirəm. Bu, insanlıq əleyhinə cinayətdir. Dəfələrlə demişəm, mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində rəsmi Bakının ədalətli mövqeyini dəstəkləmişəm və dəstəkləyirəm.

"İki sahil" xəbər verir ki, İsrailin Akko şəhərinin meri Şimon Lankri “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası çərçivəsində “İsraildə Azərbaycan Evi” və “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi” tərəfindən bu günlərdə təşkil edilmiş İsrail–Azərbaycan onlayn konfransının iştirakçılarına belə bir bəyanatla müraciət edib.

Akko şəhərinin meri məktubunda qeyd edib ki, 2013-cü ilin dekabr ayında bu beynəlxalq kampaniya çərçivəsində Heydər Əliyev Fondunun və Akko şəhərindəki “Azərbaycan Evi”nin dəstəyi ilə səyyar sənədli fotosərgi təşkil olunmuşdu.

Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı qırğının növbəti ildönümünə həsr edilmiş fotosərginin çox yüksək səviyyədə keçirildiyini xatırladan mer yazır: “Bu fotosərgi məni çox mütəəssir etdi. Bu hadisənin necə baş verməsini xatırlayırıq və vəhşilik, vandalizm təzahürü olmuş qanlı Xocalı qırğınını unutmağa haqqımız yoxdur. Vətən Müharibəsində Azərbaycanın qələbəsinə, milyondan çox qaçqın və məcburi köçkünün tezliklə öz tarixi torpaqlarına qayıdacağına görə çox şadam. Bütün bu illər ərzində biz Azərbaycanın yanında olmuşuq. İsrail dövləti Azərbaycan Respublikası ilə demək olar bütün sahələrdə 30 illik strateji tərəfdaşlığı və əməkdaşlığı yüksək qiymətləndirir və bu gün biz əməkdaşlığımızın real müsbət nəticələrini görürük”.

Şimon Lankri məktubunun sonunda yazır: “Biz Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqının kədərinə ürəkdən şərik olduğumuzu bildiririk. Holokostu görmüş bir xalq kimi biz bu cür vəhşicəsinə metodları, Azərbaycanın Xocalı şəhərinin alçaldılmağa, təhqirlərə və işgəncələrə məruz qalmış dinc sakinlərinə qeyri-insani münasibəti pisləyirik. Holokostu görmüş bir xalq kimi biz Azərbaycan xalqının ağrı-acısını çox yaxşı başa düşürük.

Xocalıda soyqırım aktının 29-cu ildönümü ilə əlaqədar bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm, bu beynəlxalq konfransının keçirilməsini alqışlayıram və onun iştirakçılarını salamlayıram”.