01 mart 2021 17:53
3007

Vətən sevgisi

Vətən namusdur, şərəfdir, eşqdir, candır, qandır. Vətən qorunacaq hədəfdir!

Nədir Vətən sevgisi? Bu anlayış barədə keçmişdən indiyə qədər fərqli fikirlər söylənmişdir. Qazi Mustafa Kamal Atatürk Vətən sevgisinin Vətənə xidmətlə ölçülə biləcəyini ifadə etmiş, ümummilli lider Heydər Əliyev isə bildirmişdi ki, gərək nəbzin Vətənin nəbzi ilə vursun. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər vətənpərvərliyin insanın daxilindəki duyğu olduğunu söyləyirdi. Fransız sosioloq, kütlə psixologiyası üzrə mütəxəssis Gustav Le Bon Vətən sevgisindən məhrum toplumların tarixdə yox olmağa məhkum olduqlarına diqqət çəkmişdi.

Vətən namusdur, şərəfdir, eşqdir, candır, qandır. Vətən qorunacaq hədəfdir! Vətəni sevmək həm də orada əmin-amanlığın, rifahın, inkişafın, çiçəklənmənin olması üçün çalışmaq, əlindən gələndən daha artığını ortaya qoymaq deməkdir. 2015-ci ildə kimya üzrə Nobel mükafatçısı professor Əziz Sancar : “Vətən sevgim olmasa idi buralara gəlib çata bilməzdim. Çox çalışın, uşaqlarınıza da həm çalışmağı, həm də Vətən sevgisini öyrədin”. Nobel mükafatını, medal və sertifikatı Anıtqəbirə bağışlayan Ə.Sancar məmləkətinə faydalı olan bütün dünyaya faydalı olar, deyir.

Azərbaycan xalqının ürəyi Vətən sevgisi ilə dolu olan övladları əsrlər öncəsində olduğu kimi, indi də Vətənini qorumaq, onu ucaltmaq üçün hər fədakarlığı edir, hər çətinliyə sinə gərir. Əcdadımızın mirasına sahib çıxaraq 44 günlük Vətən müharibəsində bütün dünyaya öz birliyimizi, bərabərliyimizi, Vətən sevgimizi göstərdik. Vətən sevgisindən mayalanmış igidliklə region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi cahana Azərbaycan adlı məmləkəti bir daha tanıtdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” şüarı qələbəyə səsləyən rəhbər çağırışı oldu. Qəhrəmanın prototipi xilaskar, möcüzə yaradan insandır.  O, hərəkətə təkbaşına keçsə də, nəticədə onun uğurundan bütün xalq yararlanır.   Birincisi, qəhrəman əməlləri ilə bu zirvəyə yüksəlir. O özünə hörmət edir: ona görə də başqaları üçün də məsuliyyət daşımaya, ürəyinin diktə etdiklərini həyata keçirməyə bilməz. Qəhrəmanlar bütün zamanlarda bizə lazım olan liderlərdir. Ancaq cəsarətli addımları ilə cəmiyyətdə fərqlənən insanlar milyonları öz yollarıyla, açdıqları cığırla apara bilirlər.

Yazıçı, vaxtilə İngiltərənin baş naziri olmuş Bendjamin Dizraelli deyirdi: “Qəhrəmanlığa inamı qəhrəmanlar yaradır”. “Qurd ürəkli” yetişmək olmur, o cür doğulurlar. Onların beyninə heç bir şey xüsusi olaraq yeridilmir, yaranışdan zəkalı olurlar. Vətən və Ana məfhumu hər hüceyrəsində yaşayır. Geri çəkilmirlər, əksinə hədəflərinə doğru qorxmadan, yorulmadan, nəfəs belə dərmədən irəliləyirlər. Onların dəyərləri də özləri qədər alidir. Məhv olmurlar- məhv edirlər, büdrəmirlər-uçuruma yuvarlayırlar, əzilmirlər-əzirlər. Ən nəhayət, prinsipləri ilə yaşayırlar... pozulmaz prinsipləri ilə...

Cəsarət hər toplumda olduqca bəyənilən, təqdir edilən xüsusiyyətdir. Çoxları cəsur olmaq, çevrələrində cəsarətli tanınmaq, yaddaşlarda qəhrəman kimi qalmaq istəyirlər. Buna baxmayaraq, ömürlərinin sonuna qədər zərrə qədər belə cəsarət sərgiləməyi bacarmırlar. Əlbəttə, istəklərinə rəğmən arzularına çata bilməmələrinin arxasında yatan bir çox səbəblər var.

Torpaq, Vətən də daxil olmaqla ən müqəddəs dəyərlərimizə əl uzadanları, təhqir edənləri, dırnaqarası münasibət göstərənləri məhv etmək millət kimi bizə ulu babalarımızdan miras qalan vəzifəmizdir. Azərbaycan  xalqı həmişə  sülhsevər olub. O, heç kəsin torpağına göz dikməyib, kiməsə təcavüz etməyi özünə rəva görməyib. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qoruyub, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməyib. Azərbaycan ərənləri Əlif Hacıyev, Şirin Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov, İlqar Mirzəyev, Cəbrayıl Dövlətzadə, Ramiz Qasımov, Zaur Nudirəliyev  kimi yüzlərlə, minlərlə qəhrəman oğulları və qızları heç vaxt bu xalqı düşmənə baş əyməyə qoymayıblar. Çıxdığımız savaşlar da sübut etdi  ki, Azərbaycanda Vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan vətəndaşlarımız çoxdur.   

Vətən, bu, müqəddəs sözdür! Vətən- suyu, havası təmiz, çörəyi halal, uğrunda ölümə gediləsi məmləkət...

Günel Eyyubova, «İki sahil»