01 aprel 2026 18:38
167

Yağış həmişə bərəkət deyil, həm də fəlakətdir

Bakını sel sularından necə qorumaq olar?

Bayram günlərində Bakıda və rayonlarda yağan intnesiv yağışlar çox ciddi fəsalarla yadda qaldı. Vətəndaşların evlərini və obyektlərini bir merr səviyyəsinədək su basdı, hətta elə ailələr oldu ki, günlərlə evlərini tərk edə bilmədilər. Hazırda Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən su basmış ərazilərdə təmizləmə işləri aparılsa da görüləsi xeyli işlər var. Çünki subasmış ərazilər genişmiqyasılıdır və onun qurudulmasına həftələrlə vaxt lazımdır. (əgər yenidən yağış yağmasa…) Qeyd edək ki, mart ayında yağan yağış aylıq nomadan bir xeyli çox olub. Lakin yağınıtının  fəsadlarını yalnız təbii fəlakətlə əlaqələndirmək də düzgün deyil. Çünki paytaxtımızda salınan yeni məhhəllələrin əksəriyyəti plansız və özbaşına, bir sözlə, zəbt edilmiş ərazilərdə, qurudulmuş gölmçələr üzərində  tikilmiş gecəqondulardır. Burada isə kanalzasiya sistemi adətən ya yoxdur, ya da  zəifdir. Ona görə də həzırda kanalizasiya və yağış sularının idarə olunması prosesindəki ciddi problemlər  yenidən gündəmdədir.

Xatırladaq ki, cari ilin  yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib. Müşavirədə sözügedən Proqram ölkə başçısına təqdim edilib. Təqdimat mərasimində Bakı buxtasının, ümumilikdə, Abşeron yarımadasının su və kanalizasiya problemlərinin həlli üçün böyük layihənin hazırlandığı bildirilib. Eyni zamanda, ümumi konsepsiyanın və master planın olduğu, onun detalları üzərində iş aparıldığı qeyd edilib.

Bəs bu proqramda hansı istiqamətdə yenidənqurma işləri aparılacaq? Mütəxəssislərin fikrincə, bütün bu faktlar onu göstərir ki, Bakının kanalizasiya probleminin həlli mümkündür. Lakin bunun üçün bir neçə şərt mütləq yerinə yetirilməlidir. Əvvəla, layihələr yarımçıq saxlanılmamalı, maliyyələşmə davamlı olmalıdır. Kanalizasiya infrastrukturu uzunmüddətli prosesdir və onun axıra çatdırılması mütləqdir.  Digər tərəfdən, yağış suları üçün ayrıca sistem qurulmalıdır. Kanalizasiya və yağış sularının qarışdırılması həm ekoloji risk yaradır, həm də texniki olaraq təmizləmə sistemlərini sıradan çıxarır. Həmçinin Bakıətrafı qəsəbələrdə infrastruktursuz yaşayış massivləri ilə bağlı ciddi planlaşdırma aparılmalıdır. Qəsəbə və kəndlərdə kanalizasiya şəbəkəsi qurulmadan yeni tikintilərə icazə verilməsi problemin daha da böyüməsinə səbəb olur. Nəhayət, yağış sularının təkrar istifadəsi mexanizmləri qurulmalıdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, bu sular parkların, yaşıllıqların suvarılmasına yönəldilə bilər. Bu, həm su ehtiyatlarını qoruyar, həm də şəhərdə ekoloji balansı gücləndirər.

Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq artıq Bakıda, eləcə də ətraf ərazilərdə iri kollektorların tikintisinə başlanılıb və inşaat işlərinin Bilgəh–Nardaran–Pirşağı, Əl Oyunları Sarayı – Nobel prospekti – Zığ təmizləyici qurğu istiqamətlərində aparılması planlaşdırılıb. Həmçinin Dərnəgül- Bakıxanov-Zığ, Ceyranbatan- Müşfiqabad kollektor xətlərinin tikintisinin reallaşdırılması da qarşıya mühüm vəzifə kimi qoyulub.

Bundan başqa, Müşfiq qəsəbəsində 150 min kubmetr həcmində təmizləyici qurğunun inşası planlaşdırılır, hazırda onun 75 min kubmetrlik hissəsi tikilir. Lökbatanda isə sutkada 100 min kubmetr həcmində təmizləyici qurğu tikilir və onun gələcəkdə 300 min kubmetrə qədər artırılması nəzərdə tutulur. Layihələrin ümumi dəyərinin 900 milyon manat olduğu bildirilir. 2025-ci ildə bu işlər üçün 300 milyon manat ayrılıb və növbəti illərdə də ciddi vəsaitlərin ayrılacağı gözlənilir.

Burada təzad yaradan məsələ odur ki, bu məbləğin əsas hissəsi kanalizasiya sularının ötürülməsinə yönəldilib. Bəs əhalini narahat edən yağış sularının kollektorlarının tikintisi yeni Dövlət Proqramında nəzərə alınıbmı? Mütəxəsisilərin fikrincə, yağış suyu kollektorlarının da tikintisi üzrə ayrıca investisiya proqramları mövcuddur.

Ekspertlər bildirirlər ki, 1980-ci illərin ortalarından etibarən Bakının kanalizasiya sisteminə ciddi investisiya qoyulmayıb. 1985-ci ildən sonra isə investisiyalar rəmzi xarakter daşıyıb və daha çox içməli su problemini həll etməyə yönəldilib. Oğuz–Qəbələ xətti, Kürdən gələn yeni xətt, Samur- Abşeron kanalının genişləndirilməsi, Taxtakörpü Su Anbarı kimi layihələr Abşeron yarımadasında yaşayan əhalinin içməli suya tələbatını ödəmək məqsədi daşıyıb. Bu, layihələr mühüm önəm daşısa da paralel olaraq kanalizasiya və yağış suyu infrastrukturu yenilənmədiyindən sistem tədricən sıradan çıxıb.

Ötən həftə yağan leysan bir daha sübut etdi ki, Bakının kanalizasiya sistemi sadəcə kommunal problem deyil. Bu həm də paytaxtımızın təhlükəsizliyni, əhalinin sağlamlığını, ekoloji tarazlığı, o cümlədən iqtisadi fəaliyyəti ciddi təhdid edən amildir. Yəni, küçələrin su altında qalması təkcə nəqliyyatın dayanması anlamına gəlmir. Bu, həm də binaların təməl konstruksiyalarının zədələnməsi, asfalt örtüklərinin sıradan çıxması, sanitar-gigiyenik təhlükənin artması və nəticədə xəstəlik risklərinin yüksəlməsi deməkdir.

Elçin Zaman, «İki sahil»