01 mart 2021 18:27
1954

Dövlətçiliyimizin keşiyində möhkəm dayanan qalib Prezident İlham Əliyev

İradə Hüseynova,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
BDU-nun “Qafqaz xalqları tarixi” kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, Əməkdar müəllim

Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi  Zəfəri ilə dünyaya səs saldı. Beynəlxalq birlik bir daha belə bir reallığın şahidi oldu ki, əgər iradə, güc, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, dünyanın aparıcı dövlətlərinin, beynəlxalq nüfuzlu təşkilatların bu illər ərzində edə bilmədiklərini edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Bir daha sübut edildi ki, hər bir məsələnin həllində beynəlxalq hüququn norma və prinsipləri əsasdır və bütün dövlətlərə eyni mexanizmlər əsasında tətbiq edilməlidir. Bir sözlə, Azərbaycan regionda və dünyada yeni reallıqlar yaratdı, hər bir dövləti bu reallıqlarla barışmağa çağırdı.

Məhz bu kontekstdən yanaşdıqda  möhtərəm Prezidentimiz  İlham Əliyevin  Xocalı soyqırımının 29-cu ildönümündə  yerli və xarici jurnalistlər üşün  mətbuat konfransı keçirməsi  Azərbaycan həqiqətlərinin təbliğində, ermənilərin əsl simasının bir daha beynəlxalq ictimaiyyətə çatdırılmasında, bugünədək  «həqiqətlərə həqiqət gözü ilə baxaq» çağırışlarının reallıqda öz əksini tapmasında olduqca böyük əhəmiyyətə malikdir. Dövlətimizin başçısının diplomatik qaydada təmkinlə, səbirlə bütün sualları cavablandırması, dünyanın bugünədək görməzdən gəldiyi həqiqətləri görməsi üçün faktları ortaya qoyması, ən əsası 4 saatdan artıq müxtəlif dillərdə 50-yə yaxın sualı cavablandırması nəinki tədbirin iştirakçı olan jurnalistlərin, eyni zamanda,  ölkə və dünya ictimaiyyətini heyrətləndirdi.  Möhtərəm Prezidentimiz bu mətbuat konfransını keçirməklə daim ilklərə imza atan Prezident kimi qazandığı imici daha da möhkəmləndirdi. Dövlətimizin başçısının Böyük Britaniyadan olan müstəqil jurnalistin «Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım» fikirlərinə münasibəti də heyrətləndirici oldu. «Sizi təəccübləndirmək istəyirəm ki, mən sonuncu dəfə nə vaxt mətbuat konfransı təşkil etmişəm heç xatirimdə deyil» söyləyən dövlətimizin başçısı  hər bir işin öz vaxtı olduğunu bildirdi: «Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur. Bu gün sizinlə razılaşıram ki, bu da xüsusi bir gündür.»

Mətbuat konfransının  erməni vəhşiliyinin, qəddarlığının təzahürü olan Xocalı faciəsinin 29-cu ildönümünə  təsadüf etməsi olduqca böyük əhəmiyyət kəsb edir. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dünyaya çatdırmaq üçün səylər göstərir. Aparılan real həqiqətlərə əsaslanan təbliğatın nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmiş və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, fotomateriallar kifayət qədər geniş auditoriyaya təqdim edilib.  Xocalı soyqırımının 29-cu ildönümündə  tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupunun gəlməsi də təsadüfi deyil. Azərbaycan bu 29 ildə ilk dəfə qalib ölkə, qalib xalq olaraq bu faciəni qeyd edir. Xocalı faciəsi qurbanlarının qisası İkinci Qarabağ müharibəsində alındı. Xarici media nümayəndələrinin  faciənin qeyd olunduğu gündə Azərbaycana səfər etməsi ölkəmizin illərdir dünyaya etdiyi çağırışlara verilən cavabdır. Möhtərəm Prezidentimiz mətbuat konfransı çərçivəsində sualları cavablandırarkən bu məqamı xüsusi qeyd etmişdir ki,  dünya mətbuatının da Azərbaycana münasibəti dəyişib. Yanaşma,  fikirlər dəyişir və reallıq artıq daha yaxşı dərk edilir. Bunun ən yaxşı yolu Azərbaycana gəlməkdir.  Çoxsaylı media nümayəndələri ölkəmizə səfər edib, işğaldan azad edilmiş ərazilərdə ermənilərin vəhşiliklərini gözləri ilə görərək yanaşmalarında fərqli mənzərə nümayiş etdirirlər.  Reallığı gözlə görmək düzgün dəyərləndirmə aparmaqda mühüm rol oynayır.

Möhtərəm Prezidentimizin qalib ölkənin Lideri kimi mətbuat konfransında Azərbaycanın bu günü və gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər bir daha son 17 ildə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirildiyini nəzərdən keçirməyə geniş imkanlar açır. İşğal altında olan torpaqlarımızı azad etmək, milli qürurumuzu özümüzə qaytarmaq, ərazi bütövlüyümüzü bərpa etməklə qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlər əsasında gələcəyə daha böyük addımlarla addımlamaq üçün Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən,  düşünülmüş siyasət həyata keçirən, bu yolla addım-addım irəliləyən dövlətimizin başçısı İlham Əliyev bütün sahələrdə təkmil  islahatlar apardı və bu gün də davam etdirilir.  İqtisadi cəhətdən müstəqil olmayan hər hansı dövlət siyasi müstəqillik də əldə edə bilməz. Digər bir mühüm məsələ Azərbaycanın hərbi qüdrətinin artırılması idi ki, Prezident bunu ən prioritet məsələlərdən hesab edirdi. Məhz ordu quruculuğu sahəsində atılan addımların nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Möhtərəm Prezidentimiz daim bildirirdi ki,  bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ərazi bütövlüyümüz bərpa edilməli, soydaşlarımız doğma yurd-yuvalarına qayıtmalıdırlar. 44 günlük İkinci Qarabağ müharibəsi bu istəyi gerçəkliyə çevirdi. 30 ilin nisgilinə, həsrətinə son qoyuldu. 44 gündə cəbhədən gələn qələbə xəbərləri hər birimizi qürurlandırır, dəmir yumruq kimi daha da sıx birləşdirirdi. Dünyaya səs salan «dəmir yumruq» əməliyyatı Azərbaycanın hərb sahəsində də təcrübəsinin nümunə olduğunu təsdiqlədi. Mətbuat konfransında dövlətimizin başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi ilə bağlı bütün həqiqətlərin öyrənilməsi üçün geniş imkanlar yaranacağını bildirdi.

Rəşadətli  Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, xarı bülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq fəth etdi. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi  çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”. Cənab İlham Əliyev media nümayəndələri ilə keçirdiyi mətbuat konfrasında  jurnalistlərin Şuşaya səfəri ilə bağlı göstəriş verdi: "Tapşırıq verəcəyəm ki, jurnalistlər Şuşaya getsinlər."

Dağlıq Qarabağ münaqişəsinin arxada qaldığını, bu səhifənin bağlanaraq yeni reallıqlar barədə düşünməyin vacibliyini bildirən cənab İlham Əliyev bu əminliyi də ifadə edir ki,  ölkəmizin gələcəyi çox parlaq olacaq. Biz son illər ərzində çox böyük uğurlara imza atmışıq. Ölkəmizin həm siyasi, həm iqtisadi sahələrdə uğurları bu gün beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilir. Beynəlxalq arenada böyük uğurlar əldə edilib. Azərbaycan bu gün çox güclü bir ölkəyə çevrilib. Ölkə daxilindəki bütün məsələlər öz həllini tapır. Əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək. İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində. Müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik.

Mətbuat konfransında Türkiyənin CNN televiziya kanalının “Qarabağda hazırda hansı işlər görülür? Otuz il əvvəl torpaqlarını tərk etmək məcburiyyətində qalan insanlar gözləyirlər ki, öz yurdlarına qayıdacaqlar. Bununla bağlı tarix müəyyənləşibmi? Bir “yol xəritəsi”, plan hazırlanıbmı” sualına cavabında bildirmişdir ki, bizim yarışacağımız əsas tərəf müqabili zamandır: « Halbuki mənim fikrimdə tarixlər var, amma vaxtından əvvəl insanları sevindirmək, bəzilərini bəlkə də həyəcanlandırmaq istəmirəm. Amma inanın ki, maksimum qısa müddət ərzində mərhələli yollarla biz insanlarımızı o bölgələrə qaytaracağıq.»

44 gün davam edən Vətən müharibəsindəki Qələbəmiz göstərdi ki,  Prezident İlham Əliyev siyasi iradəyə malik   dövlət başçısı olmaqla yanaşı, həm də müharibə elmini, təcrübəsini  dərindən mənimsəyən qətiyyətli Ali Baş Komandandır. Müharibənin davam etdiyi qısa müddətdə  özünü təsdiqləyən  siyasətini döyüş, informasiya müharibəsində, diplomatiyada  bir daha doğruldan Prezident İlham Əliyev münaqişənin hərbi yolla həlli olmadığını iddia edənlərin səhvlərini  korrektə etdi.  İkili standartlardan qaynaqlanan, dünyanın müxtəlif guşələrində davam edən ərazi münaqişələrinin həlli yollarını göstərdi. Qərbin siyasi  texnologiyalarından dərs alan qüvvələrə diplomatiya dərsi verdi. Əsl demokratiyanın nə olduğunu dünya ictimaiyyətinə  göstərdi. Status-kvonun əbədi, dəyişilməz qalmasına çalışanlara iradənin, düşünülmüş  siyasətin, xalq-iqtidar-ordu birliyinin gücü ilə cavab verdi. Bir sözlə, hərblə başlayan, diplomatiya ilə davam edən müharibədə düşmənə ağır zərbə  vuran ən müasir texnikalar olsa da, sonrakı mərhələdə  düşməni ağ bayraq qaldırmağa məcbur edən   ağıl, zəka, düşünülmüş siyasət öz sözünü dedi. 

Cənab İlham Əliyev kimi Liderinin olması hər bir xalqın arzusudur. Ən çətin anlardan qətiyyətlə çıxan Prezident İlham Əliyevin istər 44 günlük müharibə dövründə 30-a yaxın xarici mətbuata müsahibələrində, istərsə də  yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında həqiqətlərimizi faktlar əsasında təmkinlə  beynəlxalq auditoriyaya çatdırması qürurverici olmaqla,  Azərbaycanın informasiya mübarizəsində növbəti qələbələridir. Xalqımız əmindir ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın birgə fəaliyyətləri nəticəsində Böyük Qayıdışa da nail olacaq, möhtəşəm uğurlarla dünyann diqqətində olacaq. Məgrur, yenilməz Azərbaycan xalqına ancaq Qələbə, uğur yaraşır. Azərbaycanın xoşbəxt gələcəyi üçün möhkəm təməl mövcuddur. Bu təməli yaradan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev və Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevdir.