02 mart 2021 17:54
1521

Azərbaycan yeni reallıqlar yaradıb

Bundan sonra elə bir qüdrətli dövlət yaradaq ki, heç kim heç vaxt bizə qarşı heç bir təxribat törədə bilməsin

Dövlətimizin başçısı İlham Əliyev yerli və xarici  media nümayəndələri üçün keçirdiyi mətbuat konfrasında bir daha xalqımızın  birliyinin, həmrəyliyinin hədəflərimizin gerçəkləşməsində əsas amil olduğunu əsaslı şəkildə diqqətə çatdırdı

44 günlük İkinci Qarabağ müharibəsinin xalqımıza qazandırdığı tarixi Zəfərin bugünümüz və gələcəyimiz üçün yaratdığı reallıqlar nəinki ölkə, beynəlxalq ictimaiyyət üçün də böyük maraq doğurur. Dövlətimizin başçısı İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 35-dən artıq  media orqanının ünvanladığı 50-yə yaxın sualın mahiyyətinə diqqət yetirərkən bunu aydın şəkildə gördük.  Diqqət göstərilən əsas məsələlər sırasında Zəfərin regional əməkdaşlığa verdiyi töhfələr, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı, bu mərhələnin tezləşdirilməsi üçün görülən işlər yer almışdı.

Bu fikir hər zaman önə çəkilir ki, Cocuq Mərcanlı yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı onu göstərdi ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq. Cocuq Mərcanlı Böyük Qayıdışın başllanğıcı kimi dəyərləndirilib. Dövlətimizin başçısı, Müzəffər  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2016-cı ilin aprelində düşmənin təxribatına layiqli cavab verərək bir sıra mühüm strateji əhəmiyyətli mövqeləri, o cümlədən Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin yaxınlığında yerləşən Lələtəpə yüksəkliyini tamamilə Azərbaycanın nəzarətinə keçirməsi və  Aprel döyüşləri nətəticəsində  düşmən üzərində qazandığı tarixi zəfər yurd həsrəti ilə yaşayan soydaşlarımızın qəlbindəki ümid çırağını yandırdı. Bu zəfər Qarabağa qayıdışın başlanğıcı oldu və Böyük Qayıdışa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanıldı. Azərbaycan Ordusunun bu qələbəsi hər bir Cocuq Mərcanlı sakini kimi, bütövlükdə xalqımızın, qaçqın və məcburi köçkün soydaşlarımızın böyük sevincinə səbəb oldu. Ölkə  Prezidenti İlham Əliyevin "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" Sərəncamı əsasında qarşıya qoyulan vəzifələrin qısa zamanda həyata keçirilməsi, orada həyatın canlanması üçün bütün zəruri addımların atılması insanların sevincinə səbəb oldu.  Dövlətimizin başçısı İlham Əliyev Cocuq Mərcanlının açılışında bu əminliyi ifadə etmişdi ki, bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bax, bu kənd - Cocuq Mərcanlı bunu əyani şəkildə sübut edir və təsdiqləyir.

Cənab İlham Əliyev  bu əminliyi bildirərkən təbii ki, dövlətimizin qətiyyətli mövqeyinə, xalqımızın iradəsinə, birliyimizə, həmrəyliyimizə, bütün sahələrdə əldə olunan uğurlarımıza, hərbi gücümüzə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanırdı. Azərbaycan bu illər ərzində həm gücləndi, həm də münaqişənin həlli üçün möhkəm hüquqi baza yarandı. Ən əsası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu öz əksini tapıb.  Dövlətimizin  başçısı  «Torpaqlar işğaldan azad ediləcək» bəyanatı sadəcə bəyanat deyildi. Hər bir vədini konkret əməli işi ilə təsdiqləyən cənab İlham Əliyev qətiyyəti sayəsində ərazi bütövlüyümüzü bərpa etdi və Cocuq Mərcanlıya qayıdış zamanı «Bu gün artıq bütün Azərbaycan xalqı bir daha görürü ki, Silahlı Qüvvələrimiz Cəbrayılı, Qubadlını, Ağdamı, Kəlbəcəri, Şuşanı da geri qaytaracaq. Biz Dağlıq Qarabağa qayıdacağıq» vədini reallığa çevirdi.

Artıq bu gün Cocuq Mərcanlının timsalında deyə bilərik ki, işğaldan azad edilmiş bütün ərzailərimiz yeni quruculuq və bərpa dövrünü qısa zamanda başa vuracaq, Böyük Qayıdışın həyata keçirilməsi ilə bu torpaqlarımızın malik olduğu imkanlardan səmərəli istifadə nəticəsində bölgələrimizin iqtisadi inkişafı təmin ediləcək, bu isə öz növbəsində ölkəmizin dayanıqlı inkişafına öz müsbət təsirini göstərəcək. Dövlətimizin başçısı İlham Əliyev mətbuat konfrasında ünvanlanan suallar fonunda hazırda işğaldan azad edilmiş ərazilərmizlə bağlı Tədbirlər Planına aydınlıq gətirdi.

44 gündə Ermənistan Azərbaycan tərəfindən ağlına gəlməyən dərsi aldı. İşğalçı Ermənistan hər zaman törətdiyi təxribatların cavabını alıb. Amma  havadarlarının dəstəyi əsasında  bu  dərslərdən nəticə çıxarmayaraq işğalçılıq siyasətini davam etdirib. Lakin bu siyasətin Ermənistanı hansı rəzil duruma saldığı göz önündədir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan uğursuz ölkədir. Səbəb? Təbii ki, işğal. Ermənistan işğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təcrid olunub. İqtisadi böhran içərisində çapalayır. 30 ilə yaxın dövr işğalçılıq siyasətinin Ermənistana nə qazandırdığının aydın mənzərəsini yaratdı. Erməni diasporunun ayırdığı vəsaitlər hesabına büdcəsini formalaşdıran Ermənistanda cərəyan edən hazırkı siyasi böhran göz önündədir.  

İkinci Qarabağ müharibəsi regionun gələcək inkişafı üçün  nadir imkanlar yaradıb. Mətbuat konfransında «Çünki bir daha qeyd etmək istəyirəm, biz hesab edirik və bizim bir çox tərəfdaşlarımız hesab edirlər ki, müharibə başa çatıb və biz artıq kitabın o səhifəsini bağlamalıyıq, gələcəyə baxmalıyıq. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşularımız da bizim fikirlərimizi bölüşürlər» söyləyən dövlətimizin başçısı qeyd etmişdir ki, regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur: «Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq. Mən burada bizim enerji sektorundakı fəaliyyətimizdən misal gətirə bilərəm.»

Malik olduğu enerji layihələrindən səmərəli istifadə etməklə regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilən Azərbaycanın iştirakı ilə reallaşdırılan layihələrə diqqət yetirmək kifayətdir. Əməkdaşlıq regional çərçivədə başlansa da, illər keçdikcə coğrafiyası genişləndi, çoxtərəfli əməkdaşlıq formatı yarandı. Cənub Qaz Dəhlizi bunun bariz nümunəsidir. Əvvəldə də qeyd etidyimiz kimi, Azərbaycan işğalçılıq siyasətinə görə Ermənistanı bu layihələrdən təcrid etdi. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallıqlar yeni əməkdaşlıq formatları vəd edir, Ermənistan 10 noybar Bəyanatının müddəalarını icra etməklə bu əməkdaşlığa qatıla bilər. Dövlətimizin başçısı İlham Əliyev mətbuat konfransında bunu bir daha bəyan etdi: «Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da gedən proseslərin tərkib hissəsi ola bilər. Yox, olmasa, onsuz da biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-cı illərdə itirib, inanmayıb ki, biz bütün layihələri icra edəcəyik, onlar Ermənistandan yan keçəcək, Ermənistan bir quruş da mənfəət görməyəcək. İndi də əgər belə fikirdədirlərsə, yenə də eyni aqibətlə üzləşəcəklər. Biz əməkdaşlığa hazırıq və hesab edirik ki, bu əməkdaşlıq bölgədə uzunmüddətli sülhün əsas təminatçısı ola bilər.»

Zəfərimizin yaratdığı yeni reallıqlardan biri də Böyük Qayıdışın tezləşdirilməsi üçün xarici şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və onların bu prosesə cədb edilməsidir. Dövlətimizin başçısı İlham Əliyev Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyinin  «Qarabağda möhkəm sülh üçün, onun bərpasına əcnəbi investorları və kreditorları cəlb etmək üçün kifayət qədər zəmanət varmı» sualına cavabında bildirmişdir ki,  müharibənin başa çatmasını nəzərə alsaq, indi əcnəbi investorlar Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlar: «Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski praktik olaraq, sıfra endirilib. Azərbaycana gəlincə, bizim tərəfimizdən heç bir təcavüzkar hərəkətlər olmayacaq. Ermənistana gəlincə, onların, sadəcə olaraq, buna imkanları yoxdur və fikirləşirəm ki, mənim barəsində danışdığım və sitat gətirdiyim özünəqəsd hətta onların vəziyyətində belə ən yaxşı çıxış yolu deyil. Ona görə də əminəm ki, investisiyalar olacaq.»

Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yeni reallıqlar yaradıb. Bu reallıqlarla həm Ermənistan, həm də digər dövlətlər  barışmalı, hesablaşmalıdırlar. Cənab İlham Əliyev mətbuat konfransında bu məqamı da xüsusi qeyd etdi ki, bizim üçün yeni dövr başlayır və postmüharibə dövrü bir çox ölkələr üçün də çətin dövr olub. Amma müharibədən  bir neçə ay keçir və biz görürük ki, postmüharibə dövrü də bizim üçün rahatdır.  Bu da  xalqımızın böyüklüyüdür. İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz postmüharibə dövrünün prioritetlərinin gerçəkləşməsi üçün daha da möhkəmlənib. Cənab İlham Əliyev bu hədəfi də açıqladı- Bundan sonra elə bir qüdrətli dövlət yaradaq ki, heç kim heç vaxt bizə qarşı heç bir təxribat törədə bilməsin.

Yeganə Əliyeva, «İki sahil»