04 mart 2021 14:54
2118

Zəngəzur dəhlizi vasitəsilə Böyük İpək Yolu yeni transformasiyada istifadəyə verilir

“44 günlük İkinci Qarabağ müharibəsində əldə edilmiş Qələbədən sonra regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Bu imkanlardan səmərəli istifadə etmək üçün müxtəlif təşəbbüslər irəli sürülür. Yeni reallıqların müəllifi olan Azərbaycan diktə edən tərəf kimi çıxış edir”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

İlyas Hüseynovun sözlərinə görə, hazırki mərhələdə işğaldan azad edilmiş ərazilərimizdə sülh və əməkdaşlığı yaratmaq, dayanıqlı inkişafı təmin etmək üçün iqtisadi prioritetlər müəyyənləşib: "10 noyabrda imzalanan üçtərəfli bəyanatın 9-cu müddəasına uyğun olaraq iqtisadi əlaqələrin qurulması istiqamətində ciddi addımlar atılır. Bu məqsədlə yanvarın 11-də Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin üçtərəfli görüşü keçirildi və birgə Bəyannamə imzalandı. Nəqliyyat kominikasiyalarının yaradılması, eyni zamanda, sovetlər dövründən qalan infrastrukturun bərpa edilməsi həm region dövlətlərinin, həm də regionada marağı olan böyük güclərin marağındadır. Bir sıra siyasi ekspertlər bu layihəni "3+3" layihəsi kimi dəyərləndirirlər. Cənubi Qafqazda yerləşən Azərbaycan, Ermənistan və Gürcüstan, həmçinin Rusiya, Türkiyə, İran arasında mümkün iqtisadi əlaqələrin yaradılması, tranzit-logistika əməliyyatlarının icrası üçün mühüm imkanlar formalaşıb. Dövlət başçısı İlham Əliyev dünyanın aparıcı media orqanlarına müsahibəsi zamanı bu layihəni Zəngəzur dəhlizi adlandırmışdı. Layihənin  Zəngəzur dəhlizi kimi təqdim edilməsi, eyni zamanda,  tarixi və ideoloji xarakter daşıyır. Çünki Zəngəzur XX əsin əvvəllərində Azərbaycandan ayrılaraq Ermənistana verilib. Həmin dövrdə edilən tarixi siyasi səhvlərin hazırda iqtisadi prioritetlərin reallaşdırılması ilə aradan qaldırılması həm Naxçıvanla əlaqələrin bərpasına imkan yaratmaqla muxtar respublikanı  iqtisadi blokadadan azad edir,  həm də qarşımıza yeni hədəflər qoyur. Bu hədəflərə çatmaq üçün Zəngəzur dəhlizinin inşası istiqamətində işlər həyata keçirilir. Hazırda Mincivan- Zəngilan, daha sonra Mehri-Naxçıvan istiqamətində dəmir yolunun çəkilişi ilə bağlı layihə işləri həyata keçirilir. Cari ilin yanvar ayının 11-də Moskvada keçirilən görüş zamanı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri  arasında 4 bənddən ibarət  bəyanat  imzalanmışdı. Həmin bəyanat adıçəkilən layihənin icra mexanizmlərinin əsas konturalarını özündə ehtiva edir”,

Politoloq bildirib ki, bundan sonra formalaşmış İşçi Qrupunun bir neçə görüşü keçirilib və bu görüşlərdə müəyyən detallar müzakirə olnuub: “Əsas müzakirə olunan məsələ qısa zaman ərzində mümkün imkanlardan istifadə etməklə Azərbaycanla Naxçıvan arasında  dəmir yolu əlaqəsinin yaradılması, Zəngəzur dəhlizinin istifadəyə verilməsidir. Azərbaycan ilə Türkiyə arasında yeni əlaqə vasitəsi formalaşır. Türkiyə ilə Azərbaycan arasında əlaqənin formalaşması Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxış imkanları yaradır. Bu əlaqə vasitəsilə Böyük İpək Yolu yeni bir transformasiya şəklində istifadəyə verilir”.

İlyas Hüseynov qeyd edib ki, yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olub. Ölkəmiz coğrafi mövqeyindən istifadə edərək böyük dövlətlər arasında həm balansı qoruyur, həm də gələcəyə hesablanmış siyasi prioritetləri müəyyənləşdirir.

Nigar Orucova, "İki sahil"