16 oktyabr 2025 20:17
151

"CHARGE Europe 2025" konfransı "SOCAR Türkiyə"nin ev sahibliyi ilə İstanbulda keçirilib

Enerji sahəsində brend və kommunikasiya yönümlü ən nüfuzlu beynəlxalq tədbirlərdən biri – "CHARGE Europe 2025 – Powering Energy Brands Conference and Awards" "SOCAR Türkiyə"nin ev sahibliyi ilə İstanbulda baş tutub.

“Qeyri-müəyyən dövrlərdə ardıcıllığın qorunması” mövzusuna həsr olunan builki konfrans enerji sektorunda markalaşma, kommunikasiya və strateji inkişaf proseslərinə dair müzakirələrlə yadda qalıb. İki gün davam edən tədbir çərçivəsində brend dəyərinə investisiyalar, tərəfdaş etimadı, rəqəmsal transformasiya və dayanıqlılıq hədəfləri kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar süni intellekt və rəqəmsal innovasiyaların brend qavrayışı, müştəri təcrübəsi və korporativ reputasiyaya təsiri barədə dərin təhlillər dinləyiblər.

"SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov “Enerji dünyasında dönüşümə SOCAR baxışı: əməkdaşlığın əhəmiyyəti və sektorun gələcəyinin formalaşdırılması” mövzusunda çıxış edərək bildirib ki, enerji sənayesində davamlı transformasiya yalnız güclü əməkdaşlıqlar, innovativ yanaşmalar və uzunmüddətli baxışla mümkün ola bilər.

Elçin İbadov tədbirdən sonra verdiyi açıqlamada bildirib ki, İstanbul qitələrin və enerji bazarlarının qovşağında yerləşən, qlobal enerji dialoqu üçün unikal məkandır: "CHARGE Europe 2025"ə ev sahibliyi etməyimiz və sektorun gələcəyini müəyyən edən ideyaların paylaşılmasına töhfə verməyimiz bizim üçün böyük qürurdur.”

"SOCAR Türkiyə"nin Korporativ Kommunikasiya və İctimai Əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov isə "CHARGE Energy Branding" qurucusu və baş direktoru Dr. Fridrik Larsenin moderatorluğu ilə keçirilən paneldə çıxış edib. O, “Makroiqtisadi qeyri-müəyyənlik dövrlərində milli enerji şirkətlərinin hədəf auditoriya ilə güclü əlaqə qurmasında brendin aydınlığının və investisiyanın rolu” barədə fikirlərini bölüşüb.

Paneldə qlobal brend bütövlüyü ilə yerli əlaqə arasında balansın qorunması, həmçinin enerji şirkətlərinin dəyişən kommunikasiya mühitinə uyğunlaşma mexanizmləri müzakirə olunub.

Mikayıl Yusifov tədbirin əhəmiyyətinə toxunaraq deyib ki, “CHARGE Europe 2025" təkcə sektor mütəxəssislərini bir araya gətirmir, həm də enerji transformasiyasında markalaşma, kommunikasiya və strategiyanın həlledici rolunu gündəmə gətirir. İstanbulda ev sahibliyimiz bu tədbirə xüsusi dəyər qazandırdı.”

Zirvə tədbiri enerji sektorunda brend və kommunikasiya sahəsində ən yenilikçi təşəbbüslərin mükafatlandırılması ilə  yekunlaşıb.

Orxan Vahidoğlu, “İki sahil”