04 mart 2021 21:10
1609

Əsli Kazımova: Partiyaların birgə fəaliyyəti daha məqbul hesab etmələrini sadəcə alqışlamaq olar

Xəbər verildiyi kimi, Azərbaycanda fəaliyyət göstərən partiyalar - Milli Qurtuluş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş və Azərbaycan Demokratik Sahibkarlar Partiyası Yeni Azərbaycan Partiyasına qoşulmaq haqda qərar qəbul ediblər. 
Qeyd edək ki, bu barədə partiyaların keçirdikləri onlayn qurultaylarda qərar verilib. Milli Qurtuluş Partiyasının (MQP) V qurultayında partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb. Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər.

Azərbaycan Xalq Demokratik Partiyası da Yeni Azərbaycan Partiyasına (YAP) qoşulur. Partiyanın sədri Rafiq Turabxanın sözlərinə görə, dünən partiyanın videokonfrans formatında keçirilən qurultayında bununla bağlı qərar qəbul edilib.
Həmçinin, Azərbaycan Demokratik Sahibkarlar Partiyası da YAP-a qoşulmaq üçün müraciət edib. Partiyanın sədri Qasım Qasımov məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu barədə qərar martın 2-də partiyanın videokonfrans formatında keçirilmiş qurultayında qəbul edilib.

“Bir sıra partiyanın  Yeni Azərbaycan Partiyasına qoşulması qərarı ölkədə demokratik prinsiplərin olmasını bir daha təsdiq edir”.

Bu fikirləri  "İki sahil"ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Ə.Kazımovanın sözlərinə görə, belə hallar təsadüfi deyil, hətta qardaş Türkiyənin praktikasında da müşahidə edilən haldır: “Zənnimcə, həmin partiyaların  idealoji fəaliyyət prinsipləri Yeni Azərbaycan Partiyası ilə üst üstə düşür. Yəni, həmin partiyaların strateji məqsədləri YAP-ın məqsədləri ilə eynidir və vacib hədəflər uğrunda demək olar ki, eyni məqsədə xidmət edirlər. Bu baxımdan  birgə fəaliyyəti daha məqbul hesab etmələrini sadəcə alqışlamaq olar.Bildiyim qədəriylə, Milli Qurtuluş Partiyası, Yurddaş Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası YAP-ın sıralarına qoşulma qərarı alıblar. Bu bir daha qeyd etmək istəyirəm ki, ölkədə demokratik əsasların olmasının göstəricisidir."
Həmsöhbətimiz əlavə edib ki,  ötən il bir sıra partiyalar qeydiyyatdan keçərək,  fəaliyyətə başladılar. Bu il bir neçə partiya YAP-ın sıralarına qoşulmağa qərar verdi. Demokratik əsaslara sahib bir ölkədə hər bir müxalif partiya öz qərarlarını özü verir. İqtidar isə onların seçimlərinə hörmətlə yanaşır.  
Sonda partiya sədri vurğulayıb   ki, siyasi partiyaların fəaliyyətindəki bu demokratik seçim etmə imkanlarının yaradılmasında Prezident Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin böyük rolu var: "Aparılan siyasi dialoqlar, partiyalar arasında birlik, bərabərlik, sağlam rəqabət  kimi keyfiyyətlərin formalaşmasına böyük töfhə verdi. Bu gün isə bir sıra partiyaların YAP-ın sıralarına qoşulma qərarları bu töfhənin baris nümunəsi kimi qiymətləndirilməlidir”.

Yaqut Ağaşahqızı, "İki sahil"