06 mart 2021 12:48
1174

İşğaldan azad olunmuş ərazilərdə xidmət edən sərhədçilər peyvənd edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə dövlət başçısının tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidmət, sosial-məişət şəraitinin, o cümlədən tibbi təminatının yaxşılaşdırılması üzrə ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “İki sahil”ə verilən məlumata görə, bu tədbirlər çərçivəsində işğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vaksinasiyasına start verilib, ilk gündə 100 sərhədçinin COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaları təşkil edilib. COVID-19 xəstəliyi əleyhinə Vaksinasiya Strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2000-dən artıq hərbi qulluqçusunun vaksinasiya olunduğu qeyd edilmiş, Azərbaycan sərhədçisinə göstərilən bu dövləti qayğıya görə minnətdarlıq hissi ifadə olunub.