Azərbaycanda siyasi partiyalar sayca çoxluq təşkil etsə də, hər zaman olduğu kimi, bu gün də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir. Yeni Azərbaycan Partiyası Azərbaycandakı digər siyasi partiyalardan təkcə öz üzvlərinin sayına görə, əhali arasında qazandığı etimada görə fərqlənmir. Bu partiyanın cəmiyyətdə aparıcı rol oynamasını şərtləndirən bir sıra amillər var ki, istənilən cəmiyyətdə istənilən siyasi partiyanın önə çıxması üçün həmin şərtlərin reallıqda öz əksini tapması mütləqdir. Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsinin başlıca səbəblərindən biri bu partiyanın monolitliyini qoruyub saxlaması və partiya üzvlərinin bütün qərarlarla bağlı vahid mövqe nümayiş etdirməsidir.
Siyasi partiyaların cəmiyyətdə özünə dəstək və nüfuz qazanmasının digər əsas vacib şərti isə liderlik məsələsi ilə bağlıdır. Baxmayaraq ki, Azərbaycanda 50-60 nəfər üzvü olan bəzi siyasi partiyaların rəhbərləri də özlərini "lider" kimi təqdim etməyə çalışırlar, əslində, siyasi lider üçün vacib olan xarizmatik keyfiyyətlər hər kəsə nəsib olmur. YAP-ın uğurlarının əsasını təşkil edən əsas səbəblərdən biri də bu partiyanın güclü və xarizmatik liderlərinin olmasıdır. YAP-ın yaradıcısı və Ümummilli Lider Heydər Əliyev kimi şəxsiyyətin rəhbərliyi ilə yaradılması, təbii ki, qısa zaman kəsiyində bu partiyanın gələcək inkişaf perspektivləri ilə bağlı öz sözünü dedi. Bu gün də Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində partiyamızın nüfuzu həm ölkəmizdə həm də regionda durmadan artır.
Vətən müharibəsi günlərində 50 siyasi partiya birgə bəyanat verərək dövlət başçımızın yanında olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda sona qədər birlikdə mübarizə aparacağlarını bildirmişdi. Bu, ölkəmizin siyasi həyatında ilk belə hadisə idi. Bu həmrəylik dövlətimizin başçısına olan inam və etimadın göstəricisi idi. Vətən müharibəsi günlərində siyasi partiyaların həmrəylik nümayiş etdirməyi, belə günlərdə birlik və bərabərlik nümayiş göstərmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümü idi.
Bildiyimiz kimi, bu günlərdə Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiya Yeni Azərbaycan Partiyasına birləşmək haqqında qərar qəbul edib. Siyasi partiyalar niyə YAP-a qoşulurlar? Əslində cavab çox sadədir. Bu gün YAP-ın Azərbaycan Prezidenti İlham Əliyev kimi sədri var. Azərbaycan Prezidentinin dövlət başçısı kimi bu günə qədər Azərbaycan xalqı qarşısında verdiyi vədləri həyata keçirməsi, Vətən müharibəsində əldə edilən qələbə, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi ilə bağlı davamlı siyasət aparması, təbii ki, sonda onun rəhbərlik etdiyi siyasi partiyanın nüfuzunun artması və xalq tərəfindən daha çox dəstək qazanmasında öz sözünü deyir. Həmçinin qeyd edə bilərik ki, bir sıra partiyaların yaranmasının səbəbi tarixi zərurətdən doğmuşdur və bu partiyaların başlıca ideologiyası Azərbaycanın ərazi bütövlüyünün bərpası, “Turançılıq” və s. olmuşdur. Bu gün Azərbaycan Vətən müharibəsinin qalibidir, ərazilərini düşmən tapdağından azad edib, türk dövlətləri ilə konstruktiv əməkdaşlıq münasibətləri qurub, qardaş Türkiyə ilə dostluq əlaqələrini günü-gündən möhkəmləndirir. Belə olan halda təbii ki, siyasi partiyaların YAP-a qoşulmaq istəməsi gözlənilən və hətta labüddür.
Rüfət Əhmədov,
YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri