28 avqust 2025 17:51
139

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri müzakirə olunub

Avqustun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

“İki sahil” Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. İki tərəf arasında yüksək səviyyədə təmasların məmnunluq doğurduğu, dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Avropa İttifaqının sülh prosesinə müxtəlif istiqamətlərdə dəstək verməyə hazır olduğunu bildirib.

Ceyhun Bayramov öz növbəsində Vaşinqton sammiti zamanı əldə edilmiş tarixi razılıqlar, Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə qarşı tərəfə məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.