07 mart 2021 22:56
1328

Azərbaycan Cənubi Qafqaz regionunda ən sabit və ən qüdrətli ölkəyə – lider dövlətə çevrilib

Sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın, xüsusən bu regionu özünün iqtisadi mənafeyi baxımından vacib tərəfdaşı kimi görən Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Dövlətimiz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuş və qonşu dövlətlərlə səmərəli əməkdaşlığı inkişaf etdirmişdir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Elə buna görə təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Azərbaycanla hesablaşır, məsləhətləşir və hər bir əməkdaşlıq məsələsində əsas tərəfdaş kimi qəbul edirlər. Həmçinin, Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib, etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Bununla yanaşı, ölkəmiz müharibə şəraitində sosial-iqtisadi sahələrdə olduğu kimi, siyasi və hərbi-təhlükəsizlik sahələrində əməkdaşlıqda da özünü təsdiq edib.

Hazırda Prezident İlham Əliyev dünyada daxili siyasəti ilə yanaşı, xarici siyasətində də saysız-hesabsız uğurlara imza atan güclü siyasi lider kimi tanınıb. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada böyük nüfuz və söz sahibinə çevrildi. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edildi. Bunu sübut edən ən böyük amillərdən biri Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına və Qoşulmama Hərəkatına üzv ölkə kimi seçilməsi idi. Bundan irəli gələrək, dövlətimiz başda BMT olmaqla beynəlxalq təşkilatların əsas prinsiplərinə sadiq qalıb. Eləcə də, Azərbaycan həmişə GUAM təşkilatının baza prinsiplərinə, məhz bütün ölkələrin suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi prinsipinə sadiqliyini göstərmişdir. Bunu Azərbaycan həmişə müxtəlif beynəlxalq təşkilatlarda səsvermələr zamanı praktiki olaraq həyata keçirmişdir. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bildirdiyi kimi: “Deməliyəm ki, GUAM-ın üzvü olan ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələlərdə həmin ölkələrin həmrəy mövqeyi, mənim fikrimcə, elə mühüm təməldir ki, biz öz münasibətlərimizi prinsip etibarilə həmin təməl üzərində qururuq. BMT də digər beynəlxalq təşkilatlarda səsvermə çərçivəsində Azərbaycan Gürcüstanın, Moldovanın, Ukraynanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və yenə dəstəkləyir. Biz də həmin ölkələr tərəfindən bizim ərazi bütövlüyümüzün dəstəklənməsini həmişə görmüşük”. Eyni zamanda apardığı uğurlu diplomatik siyasət, intellektual düşüncə və güclü iradənin nəticəsi olaraq, dövlət başçısı cənab İlham Əliyev 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatının sədri elan edildi. Ölkədə güclü tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi Azərbaycanı nəinki regionda, bütövlükdə dünyada multikulturalizmin, dinlərarası və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevirdi. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Eləcə də Azərbaycan xarici siyasət kursunda həmişə ardıcıl olub, istər iqtisadi, istərsə də siyasi məsələlərdə ardıcıl və birmənalı mövqe nümayiş etdirib. Azərbaycanın xarici siyasətində heç bir gizli məqam yoxdur. Ona görə ki, bu siyasət xalqımızın milli maraqlarına əsaslanır və yalnız əməkdaşlığın möhkəmlənməsi üçün nəzərdə tutulur. Belə ki, ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlıqda da qarşılıqlı maraq və mənafelərin qorunması istiqamətində çıxış edir. Beynəlxalq hüququn təməl prinsiplərinə hörmətlə yanaşır və həyata keçirir. Şübhəsiz ki, Azərbaycanın bu mövqeyi zamanın və tərəfdaşlarının sınağından çıxmış mövqedir.

Göründüyü kimi, Azərbaycan ölkə prezidentinin yüksək peşəkarlıqla həyata keçirilən uzaqgörən siyasəti və qətiyyətli iradəsi nəticəsində statistik göstəricilərinə görə, həmçinin sosial-iqtisadi, ictimai-siyasi və digər bütün sahələrdə Cənubi Qafqaz regionunun ən güclü və ən sabit dövlətinə çevrilib. Bu gün Azərbaycan nəqliyyat dəhlizlərinin yeni imkanlarını və bir çox başqa amilləri nəzərə almaqla, Xəzər dənizi və Qara dəniz regionunda nəqliyyat-logistika əməkdaşlığı ilə bağlı bir çox layihələrə imza atır. 1990-cı illərdən etibarən beynəlxalq əhəmiyyət kəsb edən enerji, nəqliyyat, infrastruktur, logistika və digər sahələrdə iştirak etdiyi layihələrin hamısı uğurla başa çatdırılıb. Həmçinin dövlətimiz Avropa və qonşu ölkələri qazla təchiz edən etibarlı ölkəyə çevrilib.

Beləliklə, bu gün böyük qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycan özünün müdrik liderinin rəhbərliyi ilə uğurla inkişaf edir və dünya birliyində ümumi plan çərçivəsində bundan sonra da irəliləyəcək, yeni nailiyyətlər, uğurlar qazanacaqdır. Buna isə xalq-dövlət birliyi ilə nail olunur.

Xalid Mirzəyev

Qərbi Kaspi Universitetinin YAP Gənclər Birliyinin və Tələbə Gənclər Təşkilatının sədri