Elvin Abbasov: Süni intellekt platformalarına şəxsi və məxfi məlumatların ötürülməsi potensial təhlükə mənbəyi kimi qiymətləndirilməlidir
Süni intellekt texnologiyaları son illərdə təkamül deyil, inqilab mərhələsinə qədəm qoyub. Ənənəvi proqram təminatlarından fərqli olaraq bu sistemlər öyrənə, nəticə çıxara və mürəkkəb qərarlar qəbul edə bilir. Xüsusilə generativ süni intellekt modellərinin meydana çıxması ilə informasiya istehsalı və emalı prinsipləri tamamilə dəyişməkdədir. Yeni texnoloji dalğa müxtəlif sahələrdə — təhsildən səhiyyəyə, iqtisadiyyatdan idarəetməyə qədər — sistemləri yenidən formalaşdırır.
Süni intellektin bu yüksəlişi ilə paralel olaraq etik, hüquqi və təhlükəsizlik məsələləri də aktuallaşır. Qlobal güclərin nəzarətində olan bu texnologiyaların istifadəsi, idarə olunması və tənzimlənməsi üzərində beynəlxalq müzakirələr intensivləşir. Müxtəlif ölkələr öz imkanları və milli prioritetləri çərçivəsində bu tendensiyalara uyğunlaşmağa çalışır.
Bəs hazırda dünyada süni intellektin inkişafında əsas istiqamətlər hansılardır?
Hazırkı qlobal trendlərə əsasən, süni intellekt sahəsində bir neçə əsas istiqamət ön plana çıxır. Bunlar arasında, ilk növbədə, böyük dil modellərinin inkişafı və fərdiləşdirilməsi dayanır. Eyni zamanda, generativ süni intellekt texnologiyalarının multimedia və sənaye sahələrində geniş tətbiqi müşahidə olunur. Səhiyyə sahəsində tibbi analizlərin və diaqnostik proseslərin süni intellekt vasitəsilə avtomatlaşdırılması da diqqətçəkən istiqamətlərdəndir. Təhsil texnologiyalarında adaptiv öyrənmə modellərinin tətbiqi öyrənmə prosesinin daha fərdiləşdirilmiş və effektiv şəkildə təşkili üçün imkanlar yaradır. Əmək bazarında isə robotlaşma və ağıllı avtomatlaşdırma prosesləri bir çox peşələrin mahiyyətini dəyişdirir və yeni ixtisaslara ehtiyac formalaşdırır.
Azərbaycan bu qlobal tendensiyalara necə qoşula bilər və hansı sahələrdə üstünlüklər əldə edə bilər?
Müasir texnologiyaların tətbiqinə açıq olan dövlət və özəl sektor qurumları, eləcə də universitetlər bu istiqamətdə mühüm rol oynaya bilər. HPC əsaslı infrastrukturun genişləndirilməsi, kadr hazırlığının gücləndirilməsi və startapların təşviqi süni intellekt sahəsində daha çox lokal həllərin yaradılmasına zəmin yarada bilər. Təhsil, aqrar sektor, nəqliyyat və e-xidmətlər kimi sahələr bu texnologiyaların tətbiqi üçün əlverişli mühit təklif edir.
Mövzu ilə bağlı "İki sahil"in suallarını cavablandıran “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin sədri Elvin Abbasov hazırda süni intellekt sahəsində qlobal miqyasda ciddi bir inkişaf və rəqabət müşahidə olunur: "Bu sahədə əsas təşəbbüskar və istiqamətverici qüvvələr ABŞ və Çin kimi texnoloji güclərdir. Onlar böyük dil modelləri yaradaraq süni intellekti təkcə texnologiya deyil, həm də iqtisadi, sosial və geosiyasi alətə çevirirlər. Bu inkişaf bütün sahələri istehsalatdan dövlət idarəçiliyinə, mediadan təhsilə qədər əhatə edir. Azərbaycan isə bu prosesdə istehlakçı mövqeyində çıxış edir. Ölkədə süni intellektin əsasını təşkil edən böyük dil modellərinin yaradılması istiqamətində konkret Dövlət Proqramı və ya strategiyası yoxdur. Hal-hazırda bir neçə texnoloji mərkəzdə – məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, 4-cü Sənaye İnqilabı Koordinasiya Mərkəzində və “Azintelekom” MMC-də — HPC (High Performance Computing) əsaslı superkompüterlər qurulur. Bu infrastruktur lokal miqyasda müəyyən texnoloji həllər üçün yararlı olsa da, hələlik qlobal AI yaradıcılığı səviyyəsində çıxış edə bilmir. Nəticə etibarilə, Azərbaycanda süni intellekt əsasən xarici modellərdən, məsələn, ChatGPT və digər analoji sistemlərdən istifadə üzərində qurulub".
Sizcə Texnologiyanın sürətli inkişafı ilə yanaşı, onun etik çərçivədə idarə olunması məsələsi də ön plana çıxır. Qlobal miqyasda süni intellektin necə tənzimlənəcəyi və bu sahədə kimlərin qərarverici aktor kimi çıxış edəcəyi əsas müzakirə mövzusudur. Bəzi texnoloji güclər etik çərçivəni öz milli strategiyalarına uyğun müəyyənləşdirirlər, digərləri isə qlobal əməkdaşlıq formatına üstünlük verirlər.
-Sizcə süni intellektin etik istifadəsi necə tənzimlənməlidir?
-Etik tənzimləmə texnologiyanın insan hüquqlarına, cəmiyyətin dəyərlərinə və sosial ədalət prinsipinə zidd olmamasını təmin etməlidir. Burada şəffaflıq, hesabatlılıq, ayrı-seçkiliyin qarşısının alınması və insan nəzarətinin qorunması kimi prinsiplər əsas tutulmalıdır.
-Bu kontekstdə ölkələr hansı hüquqi və normativ mexanizmlərə ehtiyac duyur?
-Fikrimcə ilk növbədə, lokal qanunvericilik çərçivəsində süni intellekt sistemlərinin istifadəsini tənzimləyən qaydalar hazırlanmalıdır. Əsas hədəf istifadəçilərin hüquqlarının qorunması, süni intellekt sistemlərinin şəffaf və cavabdeh şəkildə fəaliyyət göstərməsi və cəmiyyətin bu texnologiyaya etimadının formalaşdırılmasıdır.
Bu gün süni intellektin etik istifadəsi məsələsi də beynəlxalq miqyasda getdikcə daha çox gündəmə gəlir. Burada əsas mübahisə texnologiyanın necə tənzimlənəcəyi və bu tənzimləmələrin kim tərəfindən müəyyən ediləcəyi ətrafında cərəyan edir. Hazırda bu sahədə əsas söz sahibi olan ölkələr xüsusilə ABŞ və Çin süni intellektlə bağlı etik normaları və hüquqi çərçivələri əsasən öz daxili şirkətləri üzərində tətbiq edirlər. Digər ölkələrin, o cümlədən Avropa İttifaqının (Aİ) etik yanaşma təşəbbüsləri isə texnoloji lider ölkələr tərəfindən hər zaman nəzərə alınmır. Bu vəziyyət süni intellekt istifadəçisi olan ölkələrin tənzimləmə imkanlarını da məhdudlaşdırır. Azərbaycan da bu kateqoriyaya daxildir. Ölkədə süni intellektin etik çərçivədə istifadəsini tənzimləyəcək hər hansı beynəlxalq səviyyədə tanınan normativ sənəd və ya təsirli mexanizm mövcud deyil. Əlbəttə, lokal səviyyədə müəyyən qaydalar tətbiq oluna bilər. Məsələn, sosial şəbəkələrdə narkotik vasitələrin, silahların və insan alverinin təbliğinə qarşı qanunlar olduğu kimi, süni intellektə əsaslanan platformalarda da oxşar məhdudiyyətlər nəzərdə tutula bilər. Lakin bu tənzimləmələr yalnız yerli istifadəçilər üçün keçərlidir. Bu baxımdan süni intellekt sahəsində etik tənzimləmə yalnız istifadəçilərin davranışlarının yönləndirilməsi və maarifləndirilməsi səviyyəsində effektiv ola bilər.
-Bəs ChatGPT kimi AI sistemləri ilə şəxsi məlumatların paylaşılması hansı hallarda risklidir?
-Belə platformalara hər hansı məxfi və identifikasiyaedici məlumatın daxil edilməsi təhlükə yarada bilər. Bu məlumatların saxlanılması və ya üçüncü tərəflərlə paylaşılması halında istifadəçinin şəxsi təhlükəsizliyi pozula bilər.
-İstifadəçilər hansı məlumatları qətiyyən daxil etməməlidir?
-Bu texnologiyalardan istifadə zamanı şəxsi məlumatların ötürülməsi ciddi təhlükə yarada bilər. Burada söhbət yalnız ad, soyad və ya e-poçt ünvanından deyil, həmçinin pasport şəkli, FIN kodu, yaşayış ünvanı, bank məlumatları kimi daha həssas məlumatlardan gedir. Bu cür məlumatların süni intellekt sistemlərinə ötürülməsi potensial təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Əgər bu məlumatlar geniş şəkildə toplanaraq saxlansa və sistemlər tərəfindən istifadə olunsa, bu, bütün cəmiyyət üçün ciddi risklər doğura bilər. Xüsusilə, bir ölkənin bütün vətəndaşlarına aid həssas məlumatların ələ keçməsi informasiya təhlükəsizliyi baxımından faciəvi nəticələrə yol aça bilər. Süni intellekt hazırda real təhlükə yaratmasa da, potensial təhlükə mənbəyi kimi qiymətləndirilməlidir. Ona görə də istifadəçilər maksimum ehtiyatlı olmalı, süni intellekt platformalarına şəxsi və məxfi məlumatları ötürməkdən çəkinməlidirlər.
Nigar Orucova, "İki sahil"