11 mart 2021 17:04
1519

Əfsanə Şükürova: Cənab Prezidentin səsləndirdiyi fikirlər bizlər üçün “yol xəritəsi” olmalıdır

Azərbaycan gəncliyi hər zaman bütün sahələrdə irəlidə olub. Ölkəmizdə gənclərə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan gəncliyinin inkişafı naminə gördükləri işlər gənclərə olan bu diqqət və qayğının bariz sübutudur. Bütün xalqımız kimi, gənclər də Prezidentin ətrafında sıx birləşiblər. Bu gün gənclərimiz dövlət idarəçiliyində uğurla çalışır, ölkəmizin inkişafında, respublikamızda beynəlxalq yarışların və digər tədbirlərin keçirilməsində yaxından iştirak edirlər.

“İki sahil”in növbəti müsahibi Azərbaycan gəncliyinin istedadlı simalarından biri, “İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvü Əfsanə Şükürovadır.

- Əfsanə xanım, müsahibəmizə ilk olaraq özünüz haqqında təqdimatla başlasaq yaxşı olardı...

- Hazırda “İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvüyəm. “İrəli” İctimai Birliyində 2016-cı ildən mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətə başlamışam. 2020-ci ildə VII hesabat-seçki konfransında İctimai Birliyin İdarə Heyətinin üzvü seçilmişəm. Hesab edirəm ki, bu təqdimat kifayət edər.

- “İrəli” İctimai Birliyinin əsas fəaliyyət istiqamətləri hansılardır?

- “İrəli” İctimai Birliyi hər zaman ölkə gəncliyinin inkişafına təkan verəcək layihələr həyata keçirir. İB-nin əsas hədəfi ölkə ərazisində olan bütün gənclərə səsini çatdırmaq və onları bu komandanın üzvünə çevirməkdir. Birliyin əsas məqsədi dövlət gənclər siyasətinin inkişafına dəstək ola biləcək hər bir gəncin təşəbbüsünü bütün sahələrdə stimullaşdırmaq, gənclər siyasətinə yaxından cəlb olunan və ölkənin maraqlarını qoruyan vətəndaş cəmiyyətinin formalaşmasında iştirak etməkdir. Həmçinin bu sahədə çalışan dövlət orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndiririk və mövcud əməkdaşlıqları daha da genişləndirərək Azərbaycan dövlətinin gənclər siyasətinə töhfə verməyə çalışırıq.

- Gənc yaşda “İrəli” İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi bu təşkilatın fəaliyyətini daha da gücləndirmək üçün hansı planlarınız var?

- “İrəli” İB bütövlükdə gənclərdən formalaşan təşkilatdır. Təbii ki, mənə göstərilən etimadı çox yüksək dəyərləndirirəm və seçkidə məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Onların etimadını doğrultmaq üçün mütəmadi olaraq böyük həvəslə çalışıram. Ümid edirəm ki, mənə inanan şəxslərin inamını, etimadını doğrulda biləcəyəm.

Birlik olaraq hədəfimiz adı birincilər sırasında çəkilən təşkilatımızın daim zirvədə olmasına çalışmaqdır. Bunun üçün bizim savadlı gənclərə ehtiyacımız var. Gənc kadrların perspektivi, o cümlədən yeni yanaşma tərzləri inkişafı şərtləndirən əsas amillərdir. Ona görə də daim bu cür gəncləri birliyə cəlb etməyə, yeni və perspektivli layihələrinə dəstək verməyə çalışırıq.

- Sizcə, uğur qazanmaq üçün hansı qızıl qaydalara əməl etmək lazımdır?

- Düşünürəm ki, gənc yaşda uğur qazanmağın əsas şərti inam və özünə güvəndir. Təbii ki, peşəkar kadr olmaq üçün ilk növbədə çalışdığın sahənin bütün incəliklərinə bələd olmalısan. Daha sonra öz üzərində işləmək, biliklərini artırmaq uğura gedən yola işıq salır. Hesab edirəm ki, bu keyfiyyətləri özündə birləşdirən hər bir şəxs mütləq mənada uğur qazanacaqdır. Məşhur yunan filosofu Aristotel deyib ki, müvəffəqiyyət davranış deyil, vərdişdir. Doğrudan da müvəffəqiyyət qazanmaq bir müddətdən sonra adət halına çevrilir və bu, insanı stimullaşdıran əsas amildir.

- İnkişafımızın indiki mərhələsində dövlətimizin həyata keçirdiyi gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik. 

- Prezident İlham Əliyev gənclərə etimad göstərərək onları yüksək dövlət vəzifələrinə təyin edir. Bu faktın özü ölkədə gənclərə göstərilən qayğının göstəricisidir. Gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda, daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir.

Hesab edirəm ki, Azərbaycanda aparılan uğurlu gənclər siyasəti bir çox ölkələrə nümunə ola biləcək səviyyədədir. Vacib məqamlardan biri də odur ki, ölkədə gənclər siyasəti təkmil Dövlət Proqramına uyğun aparılır və gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu da gəncliyin inkişafı, cəmiyyətdə özünə yer tutması və gələcəkdə müxtəlif ölkələrdə Azərbaycanı layiqincə təmsil etməsi üçün zəruridir.

Proseslərin gedişi göstərir ki, gənclər siyasəti yaxın gələcəkdə daha praqmatik hal alacaq və davamlı olaraq uğurlu gəncliyin yetişməsinə öz töhfəsini verəcək. Qarşıdakı illərdə Azərbaycan gəncliyinin daha da inkişaf etməsinin, gənclərimizin bütün sahələrdə qazanılan uğurların əsas memarlarından biri olmasının və ən əsası ölkəmizin gələcəyinin etibarlı əllərdə olmasının şahidi olacağıq. 

Birlik olaraq biz də dövlətin apardığı gənclər siyasətinə dəstək veririk. Düşünürəm ki, son illərdə dövlət qurumlarında formalaşan könüllü gəncləri də unutmaq olmaz. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə ötən il ölkəmizdə “Könüllülər ili” elan olundu. Könüllülərin uğurlu fəaliyyəti pandemiya dövrü və Vətən müharibəsi zamanı diqqəti xüsusilə cəlb etdi. Bunun özü də dövlətin gənclərə etimadının bariz nümunəsidir.

- Vətən müharibəsində Qələbənin əldə edilməsində gənclərimizin rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan gəncliyi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə bizi Qarabağa qovuşdurdu. Azərbaycan gəncliyinin 44 gündə yazdığı bu Qələbə salnaməsini dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm Qələbə paradı ilə qeyd etdik. Bu, vətənpərvər ruhda yetişən gənclik üçün əsas stimuldur, Azərbaycan gəncinin vətənpərvərlik nümunəsidir. Təbii ki, bütün bunların arxasında duran əsas məqamlardan biri dövlətimizin həyata keçirdiyi uğurlu gənclər siyasətidir. Şübhəsiz, müharibə itkisiz olmur. Biz də Vətən müharibəsində şəhidlər verdik, cəbhədə döyüşən gənclərimiz arasında yaralanaraq qazi adını qazananlar da çox oldu. Diqqətəlayiq haldır ki, Vətən müharibəsindən sonra şəhid ailələrinə və qazilərə, eyni zamanda, müharibə veteranlarına dövlətin göstərdiyi qayğı yüksək səviyyədədir. Biz də gənclər olaraq bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik. Düşünürəm ki, dövlətin bu istiqamətdə gördüyü işlər yüksək qiymətləndirilməli, cənab Prezidentin səsləndirdiyi fikirlər bizlər üçün, necə deyərlər, “yol xəritəsi” olmalıdır.

Cavid Əkbərov, “İki sahil”