“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan şəhərində yerləşən Dövlət Bayrağı Muzeyində olub.
"İki sahil" xəbər verir ki, bu barədə universitetin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.
AZƏRTAC-ın məlumatına görə, kollektivə muzeyin yaradılması tarixi və burada sərgilənən eksponatlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamı ilə “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamına əsasən yaradılıb.
Diqqətə çatdırılıb ki, unikal quruluşa malik Bayraq Muzeyində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib.
Qeyd edilib ki, Ali Məclisin sədri Azərbaycan Respublikasının Dövlət Himninin mətninin və Dövlət Gerbinin təsvir olunduğu xatirə hədiyyələrini muzeyə təqdim edib. Muzey dövlət atributlarımızın tarixinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana ilk dəfə alüminium göndəriləcək
İqtisadiyyat Nazirliyində Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi anılıb - FOTO