06 may 2026 17:50
108

“Azərbaycan dilinin inkişaf strategiyası: Heydər Əliyev zirvəsi” - elmi konfrans

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərbaycan dilinin inkişaf strategiyası: Heydər Əliyev zirvəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İnstitutdan “İki sahil”ə bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru professor Nadir Məmmədli Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müstəsna tarixi xidmətlərindən danışıb. O, Ulu Öndər Heydər Əliyevin apardığı dil siyasəti, dilimizin inkişafı yönündə göstərdiyi tarixi xidmətləri ilə əsl məktəb yaratdığını diqqətə çatdırıb.

Direktor qeyd edib ki, Ulu Öndərin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, 2002-ci il 30 sentyabrda imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Onun sözlərinə görə, bu sənədlərin hazırlanmasında görkəmli dövlət xadimi Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Nadir Məmmədli vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dil siyasəti rasional və elmi əsaslara söykənir. Azərbaycan dilinin qorunması həm milli kimliyin, həm dövlətçiliyin təməli, həm də gələcək nəsillərin zəmanətidir və bu yanaşma ədəbi dilimizin güclü və rəqabətədavamlı inkişafına şərait yaradır”.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli və elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva, şöbə müdirləri, professorlar Sayalı Sadıqova, İlham Tahirov, İlhami Cəfərov, İsmayıl Kazımov, İsmayıl Məmmədli milli-mənəvi dəyərlərimizə diqqət və qayğı göstərən, onlara yüksək qiymət verən Ümummilli Lider Heydər Əliyevin dil siyasətindən bəhs edərək Ulu Öndərin dilimizin qorunmasına və inkişafına daim həssaslıqla yanaşdığını vurğulayıblar.