Xəbər verildiyi kimi, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərləri və politoloqlar Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müşayiəti ilə Ağdam şəhərinə səfər ediblər. Nümayəndə heyəti Ağdamda 30 ilə yaxın müddət ərzində ermənilər tərəfindən törədilmiş vəhşilik və dağıntılarla tanış olublar. Partiya rəhbərləri və politoloqlar Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladlarının, Milli Qəhrəman Allahverdi Bağırovun, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsinin dəfn edildiyi Ağdamın I Şəhidlər xiyabanını ziyarət ediblər.
Səfər iştirakçıları sonra Cümə məscidini, Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət edib, Çay evinin və Çörək Muzeyinin dağıntılarına baxıblar.
Səfər təəssüratlarını “İki sahil” qəzeti ilə bölüşən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir: “Mən siyasi partiyaların Ağdam rayonuna səfəri zamanı həddən artıq qarışıq bir hiss keçirdim. Ağdamın sərhədinə daxil olarkən kədər və sevinc hisslərim bir-birinə qarışmışdı. İkinci Qarabağ müharibəsində iki amil diqqəti çəkirdi. Valideynlər şəhid olan övladlarının tabutunun qabağında qurban kəsirdilər. Bu, nə demək idi? Bir tərəfdən həyatda başına ən böyük bir fəlakət gəlib, oğlu şəhid olub. Bir tərəfdən də oğlu itkin düşüb. Bu da ikinci bir fəlakət idi. İtkin düşən döyüşçülərimizin meyitləri tapılandan sonra onların valideynləri bunu özləri üçün böyük bir bayram, ən azı isə təsəlli kimi qəbul etdilər. Qurban kəsdilər ki, heç olmasa meyiti tapıldı.”
S.Cəlaloğlu qeyd edib ki, Qarabağa baxanda gördüm ki, bu cənnət diyarımız “şəhid” olub, yəni, tamamilə məhv edilib: “Həm də 30 il idi ki, Dağlıq Qarabağ itkin düşmüşdü. İnanıram ki, doğma Qarabağımızın qayıtmasına görə hər bir adam bu və ya başqa şəkildə faktiki olmasa da, virtual olaraq bir qurban kəsib. Qarabağın qayıtmasına görə real olaraq qurban kəsənlər də çoxdur. Qarabağda, Ağdamda bir metr asfalt yol, bir tikili, bir ağac belə qalmayıb. Ağacların hamısı sanki döyülüb, söyülüb, təhqir olunub. Əslində küçələrdə, həyətlərdə ağac yoxdur. Ağaclar evlərin xarabalıqlarının içərisində bitib. Sanki ağaclar buradakı evlərin sahiblərini gözləyirlər və yaxud da onları əvəz edirlər. Sanki ailə üzvlərinin sayına uyğun olaraq bəzi evlərdə 3 ağac, bəzilərində isə 5, 10 ağac bitib.”
ADP sədri söyləyib ki, bizim qədəm qoyduğumuz bu torpaqlar sanki işğal olunmamış ərazilərimizdən fərqlənirdi, elə bilin ki, torpağı his-pas basıb: “Açığı deyim ki, bu mənzərə məndə ermənilərə qarşı qeyri-adi dərəcədə nifrət oyatdı. Ümumiyyətlə, gördüm ki, ermənilər təkcə ərazilərimizi işğal etmək məqsədi güdməyiblər. Təsəvvür edin ki, goreşən kimi qəbirlərimizi eşərək meyitlərin sümüklərini götürüblər. Tarixi abidələrimizdə, ziyarətgahlarımızda, məscidlərimizdə donuz saxlayıblar. Evləri söküblər, talan ediblər, maddi-mədəniyyət nümunələrini məhv ediblər. Sanki, intiqam alıblar. Düşünmürəm ki, dünyada ermənilər qədər murdar, qəddar, kinli, paxıl ikinci bir düşmən olsun. Qarabağa baxanda başa düşdüm ki, erməni xalqında bir kompleks var. Onlar türklərin yanında özlərinin adi, zəif, gücsüz olduqlarını hiss edirlər, başa düşürlər. Bunun kompensasiyası kimi bizdən intiqam alıblar. Bunun başqa bir izahı yoxdur. Bu, ermənilərin kompleksli bir xalq olduğunu təsdiq etməklə, özlərinin indiki Ermənistanda da başqalarının torpağında yaşadıqlarını hiss etdiklərindən meydana çıxan bir psixoloji gərginlik içində olduğunu sübut edir.”
Zahid Rza, “İki sahil”