19 mart 2021 17:31
1278

Müstəqilliyi qorumaq qazanmaqdan çətindir

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq hər bir xalqa qismət olmur. Yer üzündə onlarla xalq və millətlər var ki, əsrlər boyu müstəqillikləri uğrunda mübarizə aparsalar da öz dövlətlərini qura bilməmişlər. Tarixdə müxtəlif adlar altında öz dövlətini qurmuş Azərbaycan xalqı daim yadellilərin işğalına, təcavüzünə məruz qalmışdır. Lakin müstəqil, azad yaşamaq istəyini xalqın qəlbindən heç bir zaman çıxarmaq mümkün olmamışdır. Keçən əsrin əvvəllərində Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəksə də əsrin sonlarında xalqın azadlıq istəyi yenidən müstəqilliyimizin əldə olunması ilə nəticələndi. Belə ki, keçən əsrin 80-ci illərinin sonunda başlanan və 90-cı illərinin əvvəllərində müstəqillik əldə etməyimizlə sona çatan azadlıq hərəkatı müstəqil dövlət kimi formalaşmağımızın əsasını qoydu. Ancaq, təəssüf ki, regionda, xüsusilə beynəlxalq aləm tərəfindən Azərbaycana qarşı edilən təzyiqlər bu müstəqilliyi şübhə altına saldı. Bir tərəfdən də mənfur qonşumuz- Ermənistan tərəfindən ədalətsiz müharibəyə cəlb olunmağımız ölkədəki ictimai-siyasi vəziyyəti kritik həddə çatdırmışdı. Müstəqilliyin qorunması, dövlətçiliyin məhkəmləndirilməsi üçün lazım olan iqtisadi gücün olmaması isə  müharibə şəraitində yaşayan bir xalqın Silahlı Qüvvələrinin öz torpaqlarını müdafiə etmək, qorumaq iqtidarını əldə edə bilməməsinə gətirib çıxarmışdı. Baş verən hadisələr xalqı ümidsizliyə, parçalanmağa sövq edirdi.

Beləliklə, Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra respublikamızda cərəyan edən siyasi proseslər gələcək üçün yaxşı heç nə vəd etmirdi. Xalqın etimad göstərdiyi, ümid bəslədiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunmasında ciddi problemlər yaratmışdı. Ölkədəki vəziyyətdən istifadə edərək öz mənafelərini güdən şəxslər və qruplaşmalar hakimiyyət uğrunda savaşa qalxmışdılar. Cəbhə xəttindəki uğursuzluqlar, xalqımıza qarşı törədilən soyqırımlar və qətliamlardan özləri üçün divident kimi istifadə edənlər də var idi. Ölkəni beynəlxalq aləmdə tanıtmaq üçün siyasi təcrübəyə malik, həmçinin xalqın inandığı bir liderə ehtiyacı var idi. Bu mənada dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin adı xüsusi qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yeralan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bugün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur. Heydər Əliyevin ən böyük xidmətlərindən biri isə şübhəsiz ki, vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisələrinin qarşısını almaq idi. Ulu Öndərin hakimiyyətinin ilk illərində bir neçə dəfə cevrilişlərə cəhd olunsa da bunların hər birinin qarşısı qətiyyətlə alınmış və sabirlik bərqərar olunmuşdur.

Müstəqillik dövründə, daha dəqiq desək 1995-ci ilin mart hadisələri zamanı OMON-çu dəstələrin dövlət idarələrinə silahlı basqınları özlərinin etiraf etdikləri kimi dövlət çevrilişinə cəhd idi. Sözü gedən dəstə, niyyətlərinin ciddi olduğunu mətbuata verdikləri müsahibələrində dəfələrlə təsdiq edərək onlara edilən təkliflərə belə məhəl qoymurdular. Dövlətin himayəsi ilə yaradılan, dövlətdən maliyyələşən, bir çox hüquq və səlahiyyətlərə malik olan qurumun sonradan cinayətkar silahlı dəstəyə çevrilməsi xalqın da qəzəbinə səbəb olurdu. Müharibələrdən, daxili çəkişmələrdən yorulan xalq artıq belə hərəkətləri istəmir və ən kəskin şəkildə pisləyirdi. Eyni zamanda, xalq öz liderinə inanır və ölkənin gələcəyini sadəcə ona əmanət edə biləcəyini yaxşı bilirdi. Buna görə də çevriliş cəhdi baş verərkən 15 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etdikdən dərhal sonra xalq Heydər Əliyevə, yəni, qanuni hakimiyyətə birmənalı dəstəyini ifadə etdi və nəticədə qiyamın qarşısı alındı. Bununla yanaşı, Heydər Əliyevin siyasi təcrübəsi, sarsılmaz qətiyyəti və qüdrəti bu bəd niyyətlərdən əl çəkməyənlərə tarixi bir dərs oldu. O günlər Azərbaycanın taleyində yeni sınaq idi. Hadisələr sürətlə inkişaf edirdi. Lakin bir əminlik, yəqinlik var idi ki, Heydər Əliyevin iradəsi və qətiyyəti ilə ölkəmiz növbəti fəlakətdən xilas olacaqdır. Və, belə də oldu.  Azərbaycan qarşılaşdığı bütün çətinliklərdən üzü ağ çıxdı və bugün Azərbaycan dünyada söz sahibi ölkə kimi, Cənubi Qafqazın ən güclü ölkəsi kimi çıxış edir. 44 günlük Vətən müharibəsi ilə də ölkəmizin hərbi, siyasi, diplomatik gücü bir daha öz təsdiqini tapdı.

Bildirmək istərdim ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının vətəndaş müharibəsi təhlükəsindən xilası hələ Naxçıvan MR-da Ali Məclisin sədri olduğu zaman verdiyi tarixi qərarlarının davamıdır. Bütün postsovet respuublikalarının rəhbərlərinin rəsmi Moskvanın təsiri altından çıxması barədə tərəddüd içində olduqları bir dövrdə 1991-ci il martın 14-də Naxçıvan MR Ali Məclisinin sessiyası SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi haqqında qərar qəbul etmişdir. Bu isə xalqın azadlıq iradəsinin qətiyyətindən, azadlıq uğrunda mübarizədən əl çəkməyəcəyi barədə bir mesaj idi. Beləliklə, zaman bütün hadisələrin real qiymətini verir. Azərbaycan müstəqillik tarixinin xaos dövrü kimi yadda qalan 1991-1995-ci illər  hadisələrinin hər biri kimi 1995- ci il OMON qiyamı da öz layiqli siyasi qiymətini almışdır. Bugün, mart ayının 13-17-də baş vermiş hadisələr xalqımızın tarixində qanlı səhifələr kimi xatırlanır.

Loğman Müslümov, 

Pirallahı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müavini