21 mart 2021 18:27
5093

İslandiya haqqında bunları bilirdinizmi?

Atlantik okeanın şimalında yerləşən İslandiya əsrarəngiz təbiəti ilə tarix boyu insanların diqqətini özünə cəlb edib. Soyuq iqlim qurşağında yerləşən İslandiya istər yayda, istərsə də qışda özünəməxsus təbii gözəlliyə malikdir. Bu gözəlliyi İslandiyada ilboyu müşahidə etmək mümkündür. İslandiyanın ecazkar gözəlliyi onun özünəməxsus iqlim şəraitinə malik olması ilə bağlıdır. İslandiyanın havasına iki dənizin su axını (isti Şimali Atlantika, qolfstrim və soyuq Şərqi Qrenlandiya), həmçinin Arktikadan gələn üzən buzlaqlar təsir göstərir. İslandiyada ən isti aylar iyul və avqust hesab edilir. Ölkənin paytaxtı Reykyavikdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava tez dəyişir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır. Noyabrın ortalarından başlayaraq, ölkə qaranlığa qərq olur və qütb gecələri başlayır. Bu, yanvarın sonlarına kimi davam edir.

İslandiyada rəsmi dövlət dili islandcadır, ancaq ölkənin hər yerində ingiliscə danışırlar. İslandiya prezident üsul-idarəli ölkədir. Burada həm icra orqanları, həm də parlament prezidentə tabedir. Bu ölkənin əhalisinin sayı 331918 nəfərdir. Onların da 170503 nəfəri qadın, 40121 nəfəri 18 yaşdan aşağı oğlanlar, 85670 nəfəri 35 yaşdan yuxarı kişilərdir.

Əhalinin 95 faizini islandlar təşkil edirlər. Bundan əlavə, ölkədə islandlara qohum olan danimarkalılar, norveçlilər və digər millətlərin də nümayəndələri yaşayırlar. Avropa və digər dünya xalqları ilə müqayisədə İslandiyada soyaddan, ümumiyyətlə, istifadə edilmir. Burada insanlara ancaq adları ilə müraciət edirlər.

Heç bilirdinizmi ki, İslandiya qoyunları və atları ilə tanınan ölkələr sırasındadır. Deyilənlərə görə, İslandiyaya qoyunlar min il bundan əvvəl vikinqlər tərəfindən gətirilib. Onlar tədricən adanın sərt və tez-tez dəyişən şıltaq iqliminə uyğunlaşıblar. İslandiyada qoyunlar haqqında “Qoyunlar bizi həm yedirdir, həm də geyindirir” ,- deyirlər. Bu, həqiqətən də belədir. İslandiya qoyunlarının yunu nəm keçirmir və çox möhkəmdir. Bu da yüksək keyfiyyətli paltar, şərf və əlcəklərin hazırlanmasında mühüm rol oynayır. İslandiyanın istənilən mağazasında qoyun yunundan toxunmuş rəngarəng geyimlərə, əl çantalarına rast gəlmək mümkündür. Turistlərin də adadan ölkələrinə apardıqları ən çox yundan hazırlanan geyimlərdir. Atlara gəlincə, islandlar onlardan daha çox turist gəzintilərində, idman yarışlarında istifadə edirlər. Bundan əlavə, maşınlar gedə bilməyən ərazilərə getmək üçün də atlar əvəzedilməz minik vasitəsidir. Ona görə də elə bir islandiyalı fermer tapa olmaz ki, onun azı 5-6 atı olmasın.

Qeyd edək ki, amerikalı məşhur səyyah Con Ross Braun 1865-ci ildə İslandiyanı ziyarət etmiş və gördüyü mənzərə onda xoşagəlməz izlər buraxmışdı. O, Amerikaya qayıtdıqdan sonra İslandiya haqqında belə yazmışdı: “Bu ölkə sivilizasiyadan ayrı düşüb. Onun paytaxtı Reykyavik insanın ödünü ağzına gətirə biləcək qədər iylənmiş və qurudulmuş balıq iyi verir”
Lakin onun o vaxt ağlına gəlməzdi ki, bundan 135 il sonra UNESKO Reykyaviki dünyanın mədəniyyət paytaxtı elan edəcək. Günümüzdəki Reykyavik təmiz küçələrdən, rəngarəng üç-beş mərtəbəli evlərdən ibarətdir. Binaların birinci mərtəbəsi, adətən, gecə klublarından və ya kiçik mehmanxanalardan ibarətdir. Reykyavikdə təmtəraqlı binalara rast gəlmək mümkün deyil. Hətta ölkə parlamenti belə, 1881-ci ildə inşa edilən iki mərtəbəli və diqqəti cəlb etməyən daş binada yerləşib. İslandiyada gəzərkən özünü tamam başqa bir planetdə hiss edirsən. Buna da səbəb hər yerdə vulkanların əmələ gətirdiyi kraterlər və küldür. İslandiyada mənzərə tez-tez dəyişir. Siz kraterlərin yaratdığı yad planet təsirindən asanlıqla çıxıb, ekzotik mənzərələrlə rastlaşa bilərsiniz. İslandiyanı fərqləndirən bir xüsusiyyət də oranın şəlalər ölkəsi olması ilə əlaqədardır. Hər bir şəlalə də özünəməxsus gözəlliyə malikdir və insanlarda qəribə hiss əmələ gətirir. Qullofs şəlaləsi istər yerli əhalinin, istərsə də buraya turist kimi gələnlərin ən çox sevdiyi yerlərdəndir. Detifoss şəlaləsi isə Avropanın Niaqarası kimi məşhurdur. Xatırladaq ki, Detifoss  Avropanın ən böyük şəlaləsidir. Onun hündürlüyü 40, eni isə 100 metrdir.
İslandiyada milli adət-ənənələri və rəngarəng bayramları ilə seçilən ölkələrdən biridir. Məsələn, islandların sevə-sevə qeyd etdikləri bayramlardan biri “Trettaundaun”dur. Yanvar ayının 6-da qeyd edilen bu bayram Şaxta babanın dağlara gəlişi ilə bağlıdır. Aprel ayının ilk günlərində isə islandlar “Sumardaqurinin Firtsi” bayramını qeyd edirlər. Bu bayram yayın ilk günü hesab edilir, çünki məhz aprelin əvvəllərində İslandiyada qütb gecələri başa çatır. Bundan əlavə, Reykyavikdə ildə iki dəfə Folklor festivalı keçirilir.

Əlverişsiz iqlim qurşağında yerləşməsinə baxmayaraq, İslandiya turistlərin sevimli yerlərindəndir. Turistləri cəlb edən İslandiyanın oksigen anbarı olmasıdır. Reykyavikdəki İncəsənət muzeyi turistlərin diqqətini daim özünə cəlb edir. Bu muzeyi hər il 200 mindən çox turist ziyarət edir. Muzeydə incəsənətin bütün növlərini özündə əks etdirən sənət inciləri nümayiş etdirilir.

İslandiyada hava tez-tez dəyişir. Burada günəş və yağış ara vermədən bir-birini əvəz edir. Nəticədə tez-tez göyqurşağı mənzərəsi ilə rastlaşırsan. Ona görə də İslandiyanı məhəbbətlə min göyqurşağı ölkəsi adlandırırlar.

Samirə Tağıyeva, “İki sahil”