09 sentyabr 2025 18:00
230

“SOCAR Türkiyə”dən PUA texnologiyası ilə Türkiyənin neft emalı sənayesində ilk

“SOCAR Türkiyə” Neft Emalı və Neft-Kimya Biznes Vahidi əməyin mühafizəsi, təhlükəsizlik və əməliyyat səmərəliliyini daha da gücləndirmək məqsədilə pilotsuz uçuş aparatlarının (PUA) tətbiqinə başlayıb. Bu sahədə ilk təşəbbüs göstərən şirkət olaraq “SOCAR Türkiyə” sənaye nəzarətində PUA texnologiyalarının istifadəsi ilə ölkənin neft emalı sektorunda yeni mərhələnin əsasını qoyub.

Türkiyənin ən böyük xarici birbaşa investoru və inteqrasiya olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” yüksək risk daşıyan neft emalı və neft-kimya fəaliyyətlərində beynəlxalq təhlükəsizlik və ətraf mühit standartlarını daha da təkmilləşdirməyi qarşısına məqsəd qoyub. Şirkət tərəfindən tətbiq edilən PUA texnologiyası əməliyyatların fasiləsizliyini təmin etməklə yanaşı, məhsuldarlığın artmasına da mühüm töhfə verir.

PUA-ların istifadəsi nəticəsində əlçatanlığı çətin və riskli olan sahələrdə çənlərin və hovuzların yoxlanılması, qaz sızmalarının aşkarlanması, eləcə də hava keyfiyyətinin ölçülməsi artıq insan müdaxiləsi olmadan həyata keçirilir. Bu isə həm işçi təhlükəsizliyini təmin edir, həm də əməliyyatların sürətli və təhlükəsiz aparılmasına imkan yaradır.

“SOCAR Türkiyə” – sənayedə ilk PUA flotuna sahib şirkət

Şirkət müxtəlif funksiyalara uyğunlaşdırılmış beş fərqli PUA-dan ibarət güclü flot yaradıb. Yüksək dəqiqlikli görüntüləmə, termal müayinə, qalınlıq ölçülməsi, hava keyfiyyətinin monitorinqi və xəritələndirmə, qaz sızmalarının aşkarlanması kimi vəzifələr üçün nəzərdə tutulmuş bu avadanlıqlar Türkiyə neft emalı sənayesində ilk dəfə tətbiq olunur.

Beləliklə, “SOCAR Türkiyə” sənaye nəzarətində geniş portfelli PUA texnologiyasını həyata keçirən yeganə şirkət olaraq lider mövqeyini möhkəmləndirir.

Beynəlxalq elmi əməkdaşlıq

PUA texnologiyasının tətbiqi 2022-ci ildə Berlin Texniki Universitetinin professoru, Paylanmış Süni İntellekt Laboratoriyasının (DAI-Labor) qurucusu Şahin Albayrakla birgə aparılan tədqiqat və inkişaf layihəsinə əsaslanır. Daha sonra bu layihəyə Türkiyənin nüfuzlu ali təhsil müəssisələri – Gebze Texniki Universiteti və İzmir Yüksək Texnologiya İnstitutu da qoşulub.

Akademik əməkdaşlıq nəticəsində sənaye təcrübəsi ilə elmi biliklər birləşdirilərək daha etibarlı və innovativ həllər hazırlanıb.

Yeni tətbiq sahələri və hədəflər

“SOCAR Türkiyə” yaxın illərdə mövcud PUA flotunu genişləndirməyi, müxtəlif şöbələrin ehtiyaclarına uyğun fərdi həllər hazırlamağı və əməliyyat proseslərində robot texnologiyalarının payını artırmağı planlaşdırır.

Mütəxəssislərin qənaətinə görə, PUA texnologiyası yalnız təhlükəsizlik və səmərəliliyin yüksəldilməsi ilə məhdudlaşmır. Bu yanaşma həm də texniki xidmət və təmir proseslərinin daha optimal şəkildə planlaşdırılmasına, əməliyyat xərclərinin azaldılmasına və istehsal dayanıqlılığının güclənməsinə şərait yaradır.

Yeni mərhələnin başlanğıcı

“SOCAR Türkiyə” tərəfindən tətbiq edilən bu innovativ yanaşma sənaye nəzarətində yeni dövrün başlanğıcı kimi qiymətləndirilir. PUA texnologiyalarının geniş tətbiqi yalnız bu günün istehsalat effektivliyini artırmır, eyni zamanda gələcəyin təhlükəsiz, dayanıqlı və texnologiyaya əsaslanan sənaye modelinə yol açır.

Orxan Vahidoğlu, “İki sahil”