31 mart 2021 15:29
851

31 Mart – Azərbaycanlıların soyqırımına həsr olunan interaktiv dərs keçirilib

AMEA Naxçıvan Bölməsində muxtar respublika məktəbliləri üçün “Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin əsas mahiyyəti və pərdəarxası” mövzusunda interaktiv dərs olub.

"İki sahil" xəbər verir ki, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin apardığı dərsdə ermənilərin əzəli torpaqlarımızda planlı şəkildə məskunlaşdırılması, tarixin müxtəlif dövrlərində dinc azərbaycanlılara qarşı həyata keçirilən irimiqyaslı soyqırımlar haqqında məlumat verilib. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanına diqqət çəkən tədqiqatçı bildirib ki, bu fərman ilk dəfə olaraq Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərə siyasi qiymət verən, milli yaddaşımızı dirçəldən mühüm tarixi sənəddir.

Alim ermənilərin XIX əsrin II yarısından başlayaraq təşkilatlandırılması məsələsinə də toxunub. O dövrün yazılı mənbələri və arxiv materialları əsasında 1905-1907-ci illərdə Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda ermənilərin Çar Rusiyasının yardımı ilə soyqırımı gerçəkləşdirdiklərini diqqətə çatdırıb.

İnteraktiv dərs zamanı Bakı, Şamaxı, Quba, Gəncə, Lənkəran, Qarabağ və Naxçıvanda törədilən qanlı cinayətlər, xüsusilə, Yaycı, Nursu, Kolanı, Xanağa, Bənəniyar, Camaldın, Ərəzin, Kırna, Sirab kəndlərində törədilən amansız qətliamlar, Naxçıvan əhalisinin erməni millətçilərinə qarşı inadlı mübarizəsi haqqında məlumat verilib. Tədqiqatçı bir sıra qaranlıq məqamlara aydınlıq gətirərək xarici qüvvələrin havadarlığı ilə milli və dini zəmində yaradılan təfriqələr, terrorçu erməni təşkilatlarına göstərilən hərtərəfli dəstəklə bağlı önəmli faktları məktəblilərin yaş həddi və təfəkkürünün inkişaf xüsusiyyətləri nəzərə alınmaqla çatdırıb. Vətən müharibəsinin uğurlu nəticələrini xatırladaraq törətdilən cinayətlərin cəzasız qalmadığını bildirib.

Sonda gənc nəslə müraciətində alim vurğulayıb ki, gələcək nəsillər bu tarixi faktları unutmamalı, real həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət göstərməlidir. Çünki bu günün savadlı və vətənpərvər gənci sabahın ziyalısı, müsəlləh əsgəri, ölkəmizin gələcəyinin qarantıdır!