31 mart 2021 15:48
1979

Gənclər təşkilatları 31 mart soyqırımının qurbanlarını yad etdilər VİDEO

Azərbaycan xalqına qarşı törədilmiş 31 mart soyqırımının 103-cü ildönümündə Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə gənclər təşkilatlarının rəhbərləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

"İki sahil" xəbər verir ki, səfər çərçivəsində gənclər təşkilatlarının nümayəndələri  erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını, təcavüz siyasətini və qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə yaradılmış, 19 bölmədən ibarət muzey ekspozisiyada soyqırımından əvvəl, soyqırımı zamanı və sonra sosial, mədəni və digər sahələrdə əhalinin həyatında baş verən dəyişikliklər haqqında infosessiyada iştirak ediblər.

Qeyd olunmalıdır ki, NAYORA 31 mart soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılmasını əsas məqsədlərindən birinə çevirib.

Eyni zamanda NAYORA-nın təşəbbüsü ilə gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədi ilə Quba Soyqırımı Memorial Kompleksində qısametrajlı videoçarxın çəkilişləri aparılıb. Videoçarxda soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızı hörmətlə yad etmək məqsədilə onların adı, soyadı və digər məlumatların əks olunduğu səma fənərlərinin yandırılıb havaya buraxılması da yer almışdır.