31 mart 2021 15:53
2009

Aİİ-də 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə ZOOM proqramı üzərindən təşkil olunub.

"İki sahil" xəbər verir ki, Aİİ-nin rektoru Aqil Şirinov tədbir iştirakçılarını  salamladıqdan sonra, 31 Mart soyqırımı qurbanlarını, həmçinin 44 günlük Vətən Müharibəsində şəhid olanların xatirəsini yad edib, onlara Allahdan rəhmət diləyib. Rektor qeyd edib ki, mənfur düşmənimiz fürsət tapdıqca xalqımıza qarşı amansız soyqırımı aktları törədib.

A.Şirinov vurğulayıb ki, mənfur düşmən xalqımıza qarşı  soyqırımı törətmək üçün azərbaycanlıların yaşadığı bölgələrə silahlı dəstələr yeridiblər. O, qeyd edib ki, xalqımıza qarşı tarixin müxtəlif vaxtlarında soyqırımı törədən daşnakların 1918-ci ilin 31 martında rəvac verdiyi təxribat aktı bunların ən dəhşətlisidir. Müxtəlif quberniyalarda törədilən soyqırımlar zamanı Bakıda Təzəpir məscidinə ziyan vurulub, Şamaxıda isə Qafqazın ən qədim ikinci məscidi olan Cümə məscidi orada toplaşan müsəlmanlarla birlikdə yandırılıb.

Aİİ rəhbəri daha sonra vurğulayıb ki, cənab Prezident İlham Əliyevin sərəncamı ilə bərpa olunan bu məscidi ziyarət zamanı yanıq izlərinə indi də rast gəlmək mümkündür.

Rektor daha sonra vurğulayıb ki, Quba soyqırımı bu vandalizm aktlarının ən dəhşətlilərindən biridir. O, Quba Soyqırımı Memorial Kompleksinə Aİİ tələbələrinin ziyarətinin təşkil olunduğunu, qlobal pandemiya səbəbindən bu il ziyarətin təxirə salındığını mərasim iştirakçılarının nəzərinə çatdırıb.   

İnstitut rəhbəri soyqırımı qurbanlarının, şəhidlərimizin hazırda ruhlarının şad olduğunu da vurğulayıb. O bildirib ki, 44 günlük Vətən Müharibəsi zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə şücaətli Ordumuz torpaqlarımızı düşmən tapdağından azad edərək, ona layiq olduğu  cavabı verib.  

Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova xalqımıza qarşı törədilən soyqırımı aktı barədə söhbət açıb. O, rəhbərlik etdiyi Soyqırımı Memorial Kompleksi barədə geniş məlumat verib.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 1918-ci ilin iyul ayında yaradılmış Fövqəladə Təhqiqat Komissiyası ermənilərin 1918-ci ildə Azərbaycanın əksər bölgələrində azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları, zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar vasitəsilə aşkarlayıb üzə çıxarıb.  Bu araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 145 vərəq tərtib olunub. Qırğınla bağlı Dövlət Arxivində saxlanılan Fövqəladə Təhqiqat Komissiyasının çoxsaylı sənədləri qalır ki, onların da bir hissəsi artıq çap olunub.

Tədbirdə Quba Soyqırımı Memorial Kompleksi haqqında iki sənədli film təqdim olunub.