31 mart 2021 16:22
2182

"31 Mart Azərbaycanlıların Soyqrımı Günü”nə həsr edilmiş anım tədbiri keçirildi

Naftalan şəhər və Goranboy rayon Gənclər və İdman idarələrinin birgə təşkilatçılığı, YAP Naftalan şəhər və Goranboy rayon Təşkilatlarının iştirakı ilə “31 Mart Azərbaycanlıların Soyqrımı Günü” ilə əlaqədar onlayn videokonfrans keçirildi. İlk öncə Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

"İki sahil" xəbər verir ki, tədbiri giriş sözü ilə Naftalan şəhər Gənclər və İdman idarəsinin rəisi Samir Qocayev açaraq “31 mart Azərbaycanlılarının Soyqırımı günü” barədə bildirdi ki, bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Bu qanlı faciəyə əsl hüquqi qiymət Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bildirildi ki, bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü” kimi qeyd edir.

Sonra Goranboy rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov qeyd etdi ki, 1918-ci il 30 mart tarixdən aprel ayının 3 dək əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri, tarixi abidələri dağıtmış və Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Sonda isə,YAP Goranboy rayon təşkilatının sədr müavini Əzra Həşimova və fəal gənclər çıxış edərək soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğuladılar.