31 mart 2021 18:16
2706

YAP Sabirabad rayon təşkilatı 31 Mart soyqırımına həsr olunmuş videoformatda tədbir keçirib FOTO

31.03.2021-ci il tarixində YAP Sabirabad rayon təşkilatı 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş videoformatda tədbir keçirib.

Əvvəlcə soyqırım qurbanlarının əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Tədbirə giriş nitqi ilə başlayan YAP Sabirabad rayon təşkilatının Aparat rəhbəri Ağadadaş Həsənov qeyd edib ki, ötən əsrdə xalqımızın tarixinə yazılan faciəvi hadisələrin bir çoxu məhz ermənilər tərəfindən törədilib. 1915-ci il olaylarını saxta soyqırımı kimi dünyaya sırımağa çalışan, özlərini hamıya “əzilən xalq” obrazında tanıtmaq istəyən ermənilər dəfələrlə Azərbaycan xalqına qarşı ən vəhşi üsullarla soyqırımı törətmişlər. Təqribən iyirmi gün öncə növbəti ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımı baş verdiyi məkan və zaman baxımından insanlığıın üz qarası adlandırılacaq, ermənilərin bir xalq kimi hansı keyfiyyətlərə, daha doğrusu, keyfiyyətsizliklərə malik olduqlarını göstərəcək ən dəhşətli bəşəri cinayətlərdən yalnız biridir. Bu baxımdan Xocalı hadisəsini ayrıca bir fakt kimi dünyaya tanıtmaqla yanaşı, bu faciəyə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı cinayətlərinin bir həlqəsi, bir mərhələsi kimi də yanaşmaq lazımdır. Ermənilərin türklərə, müsəlmanlara qarşı törətdikləri soyqırımı cinayətlərinin tarixi 1905 və 1918-ci illər qətliamları, soyqırımı hadisələri ilə başlayır, 1948-53-cü illərin zorakı deportasiyası və 1988-ci ildən başlayan proseslərlə, 1992-ci il Xocalı qətliamı ilə davam edir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamlar arasında özünün kütləviliyi və yayılma miqyasına görə 1918-ci il 31 Mart soyqırımı ən dəhşətli hadisələrdən biri kimi tarixə düşüb.

Biz dünya birliyini və beynəlxalq təşkilatları ikili standartlara yol vermədən, beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutaraq, insanlıq əleyhinə cinayət olan, 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımına səssiz qalmamağa, bu qatı cinayəti beynəlxalq səviyyədə soyqırımı aktı kimi tanımağa, qətiyyətli və ədalətli mövqe nümayiş etdirməyə çağırırıq.
Mart soyqırımının həm geniş mənada ictimailəşməsi, həm də tarixşünaslığımızda daha ətraflı araşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. 1998-ci il martın 26-da imzaladığı Fərmanla Ulu öndər Heydər Əliyev mart hadisələrinin əsl tarixi qiymətini vermişdir. Adı çəkilən Fərmanla “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi tarixiləşdirilmıiş, bütün dünyanın diqqəti bu faciəyə yönləndirilmişdir.

Qətliamın “soyqırımı” adlandırılması və bu faciəyə siyasi qiymətin verilməsi Ulu öndərin məlum Fərmanı ilə həyata keçirilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918-ci ilin aprel - may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Bu 44 günün hər günü bizim şanlı tariximizdir.
Aylar, illər ötəcək, bu müharibə heç kəsin dilindən düşməyəcək. Kitablar, dərsliklər yazılacaq, bu müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəman kimi  anılacaq. Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı.Tarixi bir missiya başa çatdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan Müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!
Sonra tədbirdə çıxış edən YAP Sabirabad təşkilatının fəal üzüvləri Afiq Ağayev və Ziyafət Eyvazova erməni vəhşiliklərindən və tarix boyu ermənilərin xalqımızın başına açdığı müsübətlərdən danışıblar.

Allah şəhidlərimizə rəhmət eləsin!