Ulu öndər Heydər Əliyevin bu kəlamını «Əziz Şuşa, biz səni dirçəldəcəyik!» sözləri ilə doğruldan, şəhərin əvvəlki görkəminə qaytarılacağını bildirən Prezident İlham Əliyevin göstərişləri əsasında görülən işlər milli ruha, mənəvi dəyərlərə bağlılıqdır
Təbiətinin gözəlliyi, qədim mədəniyyəti, tarixi şəxsiyyətləri ilə dünyada tanınan Şuşanı «Kiçik Paris», « Qafqazın sənət məbədi», « Azərbaycan musiqisinin beşiyi», «Şərqin konservatoryiası» adlandıranların sözlərində həqiqət var. Məşhur rəssam V. Vereşşaqin Şuşanı görəndən sonra yazmışdır: « Bu şəhərin evləri düzgün formalı qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş, daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir.» XIX əsrin ikinci yarısında tikinti işlərinin daha da sürətləndirildiyi Şuşada Xurşidbanı Natəvanın, Gövhər ağanın, Cəfərqulu xanın, Uğurlu bəyin, Fərzəli bəyin, Nəcəfqulu ağanın, Hacı Qulunun, Səfi bəyin Şərq üslubunda tikdirdikləri saray və imarətlər şəhərə xüsusi yaraşıq verib. Belə gözəlliyi, strateji əhəmiyyətli coğrafi mövqeyi ilə diqqət çəkən, uzun illər Qarabağ xanlığının paytaxtı olan Şuşa Yelizavetrol quberniyasının iri şəhərlərindən idi. 1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların nümayiş etdirdikləri eksponatlar əcnəbilərdə böyük maraq oyatmışdır.
«Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir» söyləyən ulu öndər Heydər Əliyev onu da əlavə edirdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə , ümumiyyətlə Azərbaycan yoxdur.
Dağlar qoynunda yerləşən, iqtisadi inkişafı, müasir görünüşü, strateji əhəmiyyəti ilə fərqlənən bu qədim şəhərə sahiblənmək ermənilərin ən böyük arzuları olub. Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra Xankəndidə toplanan erməni silahlıları 1992-ci il mayın 7-dən 8-nə keçən gecə şəhəri dörd tərəfdən atəşə tutaraq Şuşanı işğal etdilər. Şəhəri qoruyan əsgərlərin müqavimətinə baxmayaraq milli satqınların xəyanətinin qurbanı olan Şuşa, çal-çağırlı, qonaqlı-qaralı Cıdır düzü, təbiətin yetişdirdiyi nadir bitkilərdən olan xarı bülbül ermənilərin əlinə keçdi. O dövrdə iqtidarda olan AXC-Müsavat cütlüyünün xainləri vaxtilə Şuşanı tutmaq istəyən, qalanı 33 gün mühasirədə saxlasa da , niyyətinə çatmayan İran şahı Ağa Məhəmməd şah Qacarın təhdidlərinə «Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar» cavabını verən dahi şair Molla Pənah Vaqifin sözlərinə də xəyanət etdilər.
Bu gün artıq Şuşa azaddır. Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi müzəffər ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən bu qədim şəhər yenidən Azərbaycanın mədəniyyət paytaxtı adına qovuşub. «Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözləri ilə ulu öndər Heydər Əliyevin Şuşaya verdiyi dəyəri bərpa edən Prezident İlham Əliyevin dəmir yumruğu düşməni əbədi susdurdu.
Şuşaya səfərləri zamanı bu qədim yurd yerinin əvvəlki şöhrətinin özünə qaytarılacağını bildirən Prezident İlham Əliyevin ilk olaraq düşmən tərəfindən güllələnmiş Xurşidbanu Natəvanın, dahi bəstəkar Üzeyir Hacıbəylinin, unudulmaz sənətkar Bülbülün büstlərini 30 ildən sonra doğma yurduna qaytardı. «Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib» söyləyən Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsini düşmənə vurulan ən böyük zərbə adlandırdı.
Bu şəhərin işğalını «dağlarda toy adlandıran» ermənilərə səngərlərdə, döyüş meydanında toy tutan qəhrəman əsgərlərimizin rəşadəti nəticəsində uzun fasilədən sonra ötən ilin noyabr ayının 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı. Mədəniyyət paytaxtımız olan Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirilməsini önəmli vəzifə kimi qarşıya qoyan, «Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi. Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik» söyləyən Prezident İlham Əliyev vədinə əməl etdi. 30 il düşmən əsarətində qalan torpaqlarımızı döyüşə-döyüşə azad edən, düşmənə sarsılmaz zərbə vuran, başını əzən, diz çökdürən, bütün dünyaya Azərbaycanın hərbi qüdrətini göstərən əsgərlərimiz müharibə tarixinə yeni səhifələr yazdılar. Şuşanın əvvəlki görkəminə qaytarılacağını bildirən Prezident İlham Əliyevin «Xarı bülbül»” festivalının keçirilməsi, dahi şair Vaqifin məqbərəsinin bərpa olunması, Vaqif poeziya günlərinin təşkili ilə bağlı göstərişlərinin əsasında da milli ruha, mənəvi dəyərlərə bağlılıq duyğuları əks olunur.
«Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün tarixi abidələrimizi bərpa edəcəyik. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!» söyləyən Prezident İlham Əliyevin Şuşada Novruz tonqalını alovlandırması Qarabağa dönüşün əbədiyyət rəmzidir.
Xuraman İsmayılqızı, «İki sahil»