01 aprel 2021 15:19
700

Qeyri-neft istehsalı azalsa da, ixracı artıb: Niyə?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nda qeyd olunub ki, 2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ixracı 2,8 milyard ABŞ dolları (Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2 milyard  787 min  994,38 ABŞ dollar olub), qeyri-neft sektoru üzrə 331,3 milyon ABŞ dolları (Gömrük Komitəsinin məlumatına görə 331 milyon  283,06 min ABŞ dolları olub) təşkil edib. Bildirilib ki, qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,6 milyon ABŞ dolları və ya 11,3 faiz artıb.

Lakin o da məlumdur ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin yanvar-fevral aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 0,4 faiz az ümumi daxili məhsul istehsal olunub. Qeyri-neft sektorunda istehsalın azalmasına baxmayaraq, ixrac necə artıb?

Qeyri-neft ixracının strukturuna baxanda məlum olur ki, yanvar-fevral aylarında qeyri-neft ixracının dəyərinin 30 faizini pambıq mahlıcı, qızıl və xurma ixracı təşkil edib.

Yanvar-fevral aylarında qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (37,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (34,4 milyon ABŞ dolları) ikinci, xurma  isə (27,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb. Bununla da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pambıq mahlıcının ixracının dəyəri 24,1 faiz və ya 7,2 milyon dollar, qızılın 26 faiz və ya 7,1 milyon dollar, xurmanın 97,9 faiz və ya 13,8 milyon dollar artıb. Bir sözlə, iki ay ərzində qeyri-neft ixracındakı artımın 83,6 faizi bu məhsulların payına düşüb.     

Qeyd etmək lazımdır ki, kəmiyyət ifadəsində pambıq mahlıcının ixracı 21,6 faiz, xurma 2,1 dəfə artıb. Bu isə onu deməyə imkan verir ki, sözügedən məhsulların ixrac dəyərinin artması əsasən həcmin artması ilə əlaqədardır.

Qeyri-neft ixrac coğrafiyasına gəlincə, bu sahədə əsas ölkə olan Rusiyaya ixrac 2,9 faiz və ya 2,5 milyon dollar azalmasına baxmayaraq, Türkiyəyə ixrac 42 faiz və ya 31,6 milyon dollar artıb. Buradan o da aydın olur ki, qeyri-neft ixracındakı artımın 98 faizi Türkiyəyə ixracdakı artımın hesabına olub.

Azərbaycanla Türkiyə hökumətləri arasında imzalanan Preferensial Ticarət Sazişinə əsasən, iki ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin cari ilin mart ayının 1-dən illik tarif kvotası çərçivəsində müəyyən olunmuş mallar üzrə güzəştlərdən yararlanmaq imkanı qazanmalarını nəzərə alanda, qardaş ölkəyə ixracda artımın bundan sonra davam edəcəyi gözlənilir.

İqtisadçı Xalid Kərimli isə qeyri-neft ixracındakı artımı bir neçə amillə izah edir. Ekspert “İki sahil”ə bildirib ki, həm qızıl, həm pambıq mahlıcı istehsalı sahələrində şirkətlər istehsallarını artırıblar. Başlıca səbəb isə dünya iqtisadiyyatında pandemiya ilə əlaqədar vaksinləşməyə başlanılması sonra yaranan ümidlərdir: “Bu, dünya iqtisadiyyatının ötən illə müqayisədə sıçrayışlı şəkildə bərpası ilə əlaqədardır. Müxtəlif proqnozlara görə, bu il dünya iqtisadiyyatının 5 faizə qədər artması gözlənilir. Burada beynəlxalq ticarətin əhəmiyyətli rola malik olacağı düşünülür”.

İqtisadçı qeyd edib ki, qeyri-neft ixracını artıran səbəblər arasında qiymət amili də var: “Demək olar ki, bütün ərzaq və qeyri-ərzaq malları üzrə ötən illə müqayisədə əhəmiyyətli dərəcədə qiymət artımı var. Ticarətin artmasında bu baxımdan məhsulların natural ifadədə  artması ilə bərabər qiymət artımı da rol oynayıb”.

X. Kərimli vurğulayıb ki, dünya iqtisadiyyatının, eyni zamanda, beynəlxalq ticarətinin sürətli bərpası Azərbaycanın ixracını, o cümlədən qeyri-neft ixracını artırmaqda davam edəcək: “Ötən il karantin tədbirləri ilə əlaqədar dünya ticarətinin kəskin azalmasını da nəzərə alsaq, builki göstəricilər ötənildəkilərlə müqayisədə daha yüksək olacaq. Artıq mart ayından etibarən gələn rəqəmlərdə bunu aydın şəkildə görəcəyik. Çünki ötən il dünya iqtisadiyyatı 4 faizdən bir qədər çox azalmışdı. Beynəlxalq ticarətdə karantinlərlə əlaqədar ikirəqəmli azalmalar müşahidə edilmişdi. Bu baxımdan dünya iqtisadiyyatının, eyni zamanda, beynəlxalq ticarətin  sürətli bərpası Azərbaycanın ixracında, o cümlədən qeyri-neft ixracında öz əksini tapacaq”.      

     

Ceyhun Piriyev, “İki sahil”