01 aprel 2021 18:02
1670

Qaydalara əməl etsək, yoluxma halları məhdudlaşacaq

“Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə  ölkəmizdə inşa olunan ən böyük xəstəxanalarından biri olan Yeni Klinika artıq bir müddətdir ki, fəaliyyətdədir.  Bundan başqa modul tipli xəstəxanalar fəaliyyət göstərir. Yeni xəstəxanalar  müasir standartlara cavab verən infrastruktura malikdir və ən müasir  avadanlıqla təchiz edilmişdir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Hemofiliyalı Xəstələr” İctimai Birliyinin sədri Ayaz Hüseynov deyib.

A.Hüzeynov bildirib ki, bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunur. Pandemiya başa çatana qədər bu xəstəxanalarda yalnız koronavirus xəstələri müalicə alacaqlar: “Ona görə bu xəstəxanaların işə düşməsi əlbəttə ki, koronavirusa qarşı mübarizədə  yüksək səviyyədə  imkanlar yaratmışdır. Burada kifayət qədər  reanimasiya yerləri var. Bu da koronavirus xəstələrinə göstərilən xidmətin önəmli hissəsini təşkil edir.”

O, qeyd dedib ki, hazırda hətta ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və inkişaf etmiş ölkələrdə gündəlik minə yaxın insan vəfat edir.

“Bütövlükdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülmüşdür. 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın və bu xəstəxanaların çoxu koronoviruslu xəstələrin müalicəsinə cəlb edilib. Azərbaycanda səhiyyənin infrastrukturu  son illər yüksək səviyyədə qurulduğuna görə koronovirusla mübarizədə tələbat təmin edilir. Bu gün  koronavirus xəstələri bir neçə xəstəxanada yerləşdirilir, o cümlədən Bakı şəhərində və bölgələrdə.”

İctimai Birliyin sədri bildirmişdir ki, həkimlərin peşəkarlığı, xüsusilə həkimlərin gənc nəslinin bilik və bacarıqları, yüksək  dərəcədə artmışdır: “Bunun üçün hökümət tərəfindən  həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində böyük işlər görülmüşdür. Cənab Prezidentin göstərişi ilə Operativ Qərargah yaradılmışdır. Qərargah 24 saat işləyir. Azərbaycan birinci ölkələrdəndir ki,  Ümumdünya Səhiyyə Təşkilatı ilə təmas yaratmışdır və onların mütəxəssisləri ölkəmizə dəvət edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları vəziyyətlə tanış olmuşlar və Azərbaycanda görülən işlərə yüksək qiymət vermişlər. Eyni zamanda, Azərbaycan dünyanın üzləşdiyi ümumi problemin həlli üçün  Ümumdünya Səhiyyə Təşkilatının üzvü olaraq koronavirusla mübarizə aparmaq üçün 5 milyon dollar ianə vermişdir.”

Həmsöhbətimiz qeyd edib ki, bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır və ağır günlərdə bu, bir daha təsdiq olunur: “Bildiyimiz kimi, cənab Prezident İlham Əliyevin  təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmışdır. Ən ağır dövrdə birləşə bildik. “Biz birlikdə güclüyük!” şüarı altında birləşə bildik və iş adamlarından tutmuş sadə vətəndaşa kimi hamı bu Fonda öz töhfəsini verdi. 

Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Həkimlər əllərindən gələni edirlər. Xalqımız birlik, həmrəylik nümayiş etdirir. Ümid edirəm ki, məsuliyyət də lazımi səviyyədə olacaq. Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa, vətəndaşlarımızın sağlamlığını qoruya bilərik.”

O, son olaraq qeyd etdi ki, Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Nazirlər Kabineti tərəfindən vaksinasiya strategiyası qəbul edilmişdir.  Vaksinasiya strategiyasına uyğun olaraq digər qabaqcıl ölkələrlə eyni zamanda Azərbaycanda da peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən  ilk növbədə həkimlər, sonra 65 yaşdan yuxarı , daha sonra isə 50 və 40 yaşdan yuxarı  şəxslərin COVID-19 xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilir: “Bu dönəmdə yeganə məsələ məsuliyyətdir. İnsanlar qəbul edilmiş qaydaları pozmasınlar və beləliklə, həm özlərini, həm yaxınlarını, həm də ki, digər vətəndaşları risk altına qoymasınlar.  Şüurlu şəkildə bu məsələyə yanaşsaq, karantin şərtləri və  qadağalara riayyət olunsa,  yoluxma halları məhdudlaşacaq. Dünya yeni dövrə qədəm qoyub. Bu vəziyyətin nə qədər davam edəcəyini heç kim bilmir. Ona görə də özümüzü maksimum qorumalıyıq!”

Röya Rasimqızı, “İki sahil”