"Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun gücünü, xalqımızın əzmini, Prezidentin bu məsələdə qətiyyətini göstərdi. O vaxt Azərbaycan cəmiyyəti, xalqımız bu döyüşlərin böyük zəfərin başlanğıcı olduğunu çox yaxşı dərk etdi".
Bunu “İki sahil”ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, ölkə başçısı bəzi dövlətlərin xahişi ilə düşməni başa salmağa çalışdı ki, onlar da anlasınlar və hərbi mövqedən əl çəkərək, sülh yolu ilə Azərbaycanın işğal olunmuş ərizələrini boşaltsınlar. Çox təəssüf ki, ermənilər bu imkanı süi-istifadə kimi dəyərləndirməyə cəhd etdilər. Amma 44 günlük müharibədə Azərbaycan Ordusu həmin Zəfəri uğurla tamamlayarq, Ermənistan ordusunu darmadağın etdi. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Dəmir yumruq öz gücünü göstərdi”.
"2016-cı il aprel döyüşləri ordumuzun və xalqımızın tarixində yeni dövrün – qələbə dövrünün başlanğıcı oldu. Bu bir neçə günlük döyüşlər psixoloji cəhətdən Ordumuza həlledici üstünlüklər qazandırdı.
Azərbaycanın 44 günlük müharibədə qələbəsini şərtləndirən amilləri analiz etsək, heç şübhəsiz bu zəfər payında aprel döyüşlərinin də rolu çox böyükdür. Bu döyüşlər Ermənistan ordusu haqqında uydurulmuş mifləri darmadağın etdi"- deyə, Cəsarət Hüseynzadə qeyd edib.
QHT.az saytının rəhbəri qeyd edib ki, döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Nigar Orucova, "İki sahil"