18 dekabr 2024 10:57
136

Sumqayıtda “Heydər Əliyev Məktəbi”nin dördüncü məşğələsi keçirilib

YAP Sumqayıt şəhər təşkilatında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə gənclər arasında maarifləndirmə işini təşkil etmək, Dahi liderin irsini təbliğ etmək məqsədilə yaradılmış ənənəvi “Heydər Əliyev Məktəbi”nin növbəti- dördüncü məşğələsi keçirilib. Məktəbin növbəti məşğələsində YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev və şəhərin fəal gəncləri arasından seçilmiş dinləyiciləri iştirak ediblər.

“İki sahil” xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər təşkilatının sədri çıxış edərək vurğulayıb ki, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır. Əlbəttə ki, bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir. Əminliklə deyə bilərik ki, Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyir.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi Fəqan Azadəliyev “Siyasi sabitlik və dayanıqlı inkişaf” mövzulu məruzəsini oxuyaraq, qeyd edib ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən xarici və daxili siyasət, gerçəkləşən iqtisadi doktrina belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də bu siyasətin davamı sayəsində hərtərəfli inkişaf sürətini daha da artıracaq, həm regional, həm də qlobal səviyyədə öz mövqelərini daha da möhkəmləndirəcəkdir. Bütün bunlar isə belə deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin işləyib hazırladığı sabitlik və inkişaf strategiyası bu gün də xalqımızı böyük qələbələrə aparır.

Çıxışının sonunda Fəqan Azadəliyev bildirib ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.