06 aprel 2021 16:54
1550

Əmanətlərin tam sığortalanmasına son: Yeni sığorta mexanizmi nədən xəbər verir?

Xəbər verildiyi kimi, 2016-cı ilin yanvarın 19-da qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvədə olma müddəti cari ilin aprelin 5-də başa çatıb. Başqa sözlə, ötən müddət ərzində manatla 12 faizədək, xarici valyutada isə 2,5 faiz faizədək olan əmanətlər məbləğindən asılı olmayaraq sığortalanmış hesab edilirdisə, artıq həmin faiz şərtləri daxilində yalnız 100 min manatadək olan əmanətlər qorunan hesab edilir. Yenilik aprelin 5-dən etibarən qoyulan əmanətlərə aiddir.

 “Əmanətlərin tam sığortalanması haqqında”  Qanuna qədər sözügedən məbləğ 30 min manata qədər idi. 2016-cı ildə qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə   qəbul olunan qanunun qüvvədə olma müddəti 2019-cu il martın 4-də bitməli idi. Lakin bank sektorundakı islahatların, daha doğrusu, kapital dayanıqlılığı bərpa olunmayan bankların restrukturizasiyası (bankın satılması, aktivlərin və öhdəliklərin tam və ya qismən ötürülməsi, körpü bankın yaradılması və s.) prosesinin yubanması (“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, 2018-ci ilin sonunadək bitməli idi) səbəbindən  qanunun qüvvədə olma müddəti əvvəlcə 1 il, 2020-ci il martın 13-də daha 9 ay, dekabrın 18-də isə daha 4 ay uzadılmışdı.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, yenilik say etibarilə cəmi əmanətçilərin 99,8 faizinin əmanətlərinin tam qorunmasını təmin edəcək: ”Qalan 0,2 faiz insanların isə maliyyə bilikləri çox yüksəkdir. Belə insanlar əllərində olan vəsaiti qazandıqları kimi, idarə etməyi də bacarırlar və onlarla bağlı heç bir problem görmürəm. Amma onların da əmanətlərinin yüksək məbləğdə, məsələn, 100 min manat hissəsi sığortalanır. Bizdə 7 milyona yaxın əmanətçi var. Bunların çox böyük hissəsi kiçik və orta əmanətçilərdir”.

Əmanətçilərin say etibarilə əksər hissəsinin əmanətlərinin sığortalanması onları hər hansı bir bankın bağlanacağı təqdirdə daha çox sayda şəxsin kompensasiya almasını təmin edir. Lakin məsələ təkcə əmanətçilərin sayı ilə yekunlaşmır. Sığortanın əhatə dairəsinə düşməyən əmanətlərin məbləğinin ümumi əmanət portfelindəki payı da vacibdir. Söhbət ondan gedir ki, ötən il əmanətlərin sığortalanması ilə bağlı qanunvericiliyə dəyişikliklərin müzakirəsi zamanı məlum olmuşdu ki, əmanətlərin 44 faizi və ya  3,4 milyard manatı 100 min manatdan yuxarı əmanət hesablarındadır. Yeni sığorta mexanizmi isə müəyyən edilmiş faiz həddində belə əmanətlərin 100 min manatını qoruyacaq. Bir sözlə, bu qrupdan olan əmanətçilər E. Rüstəmovun təbirincə desək, maliyyə biliklərinə arxalanmalıdırlar.

İstənilən halda əmanətlərin sığortalanmasının yeni mexanizminin effektivliyi özünü fiziki şəxslərin əmanətlərinin həcmində göstərəcək. İndiki halda onu demək mümkündür ki, Mərkəzi Bankın məlumatına əsasən, fevral ayında fiziki şəxslərin əmanətləri ötən ilin dekabr ayı ilə müqayisədə 202 milyon manat çox olsa da, artım qısamüddətli (6 aydan çox olmayan) əmanətlərin hesabına (205 milyon manat artıb) olub.  Fevral ayında fiziki şəxslərin əmanətləri 8 milyard 379,9 milyon manat olub ki, bunun 75,3 faizini və ya 6 milyard 310,7 milyonunu qısamüddətli əmanətlər təşkil edib.

 Ceyhun Piriyev, “İki sahil”