18 oktyabr 2025 01:56
132

Azərbaycan–Türkiyə–Pakistan birliyi: Avrasiyada Yeni Geosiyasi Balans Yaradır

İslamabad Bəyannaməsi təkcə sənəd deyil, üç xalqın iradəsini, birliyini və gələcəyə yönəlmiş strateji baxışını ifadə edən siyasi manifestdir

Azərbaycan - Türkiyə - Pakistan əməkdaşlığı artıq təkcə diplomatik münasibətlər çərçivəsində deyil, geosiyasi düşüncənin özəyində formalaşan strateji birliyə çevrilib. Bu əməkdaşlıq sadəcə ortaq maraqların kəsişməsi deyil, ortaq taleyin, tarixi yaddaşın və mənəvi dəyərlərin birləşməsinin əyani təzahürüdür. Azərbaycan, Türkiyə və Pakistan bu gün yeni dünya düzənində həm siyasi, həm iqtisadi, həm də mənəvi dayaqlara söykənən regional sabitlik arxitekturası yaradır. Bu arxitekturanın sütunları sarsılmaz dostluq, qarşılıqlı hörmət və xalqların dərin mənəvi birliyidir.

Azərbaycanın təşəbbüsü ilə formalaşan bu üçtərəfli platforma zaman keçdikcə diplomatik çərçivəni aşaraq ideoloji məna daşıyan siyasi mexanizmə çevrilib. 2025-ci ilin oktyabrın 13-14 də Pakistanın paytaxtı İslamabadda keçirilən Azərbaycan–Türkiyə–Pakistan parlament sədrlərinin üçüncü üçtərəfli görüşü bu prosesin məntiqi nəticəsidir. Burada imzalanan İslamabad Bəyannaməsi təkcə sənəd deyil, üç xalqın iradəsini, birliyini və gələcəyə yönəlmiş strateji baxışını ifadə edən siyasi manifestdir.

Bəyannamənin imzalanması, hər şeydən əvvəl, Azərbaycan diplomatiyasının çoxvektorlu strategiyasının uğurlu nəticəsidir. Azərbaycanın geosiyasi çəkisi, xüsusilə 44 günlük Vətən müharibəsinin şanlı Zəfərdən sonra tam bərpa edilmiş suverenliklə birgə regionda sabitlik və təhlükəsizlik dayağı kimi mövqeyi qardaş dövlətlər üçün etibarlı tərəfdaş modelinə çevrilib. Pakistan və Türkiyə kimi iki böyük gücün Azərbaycanın regional əhəmiyyətini dərk etməsi və onunla bu formatda əməkdaşlığı dərinləşdirməsi bu reallığın bariz göstəricisidir.

Qardaşlıqdan güc alan diplomatiya

İslamabad görüşü həm də diplomatik simvoldur. O səbəbdən ki, burada kağız üzərində əməkdaşlıq deyil, ürəkdən gələn birliyə əsaslanan siyasi mexanizm mövcuddur. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və Pakistan Milli Assambleyasının rəhbəri Sərdar Ayaz Sadiq tərəfindən imzalanan sənəd həm diplomatik baxımdan, həm də mənəvi müstəvidə böyük anlam daşıyır. Çünki burada rəsmi protokol dili ilə yanaşı, qardaşlıq enerjisi hiss olunur, üç xalqın ortaq ruhu diplomatiyaya çevrilir.

Azərbaycanın enerji və nəqliyyat infrastrukturu, Türkiyənin NATO çərçivəsindəki hərbi çəkisi, Pakistanın nüvə statusu – bu üç amil birləşəndə regionun geosiyasi balansında tamamilə yeni reallıq yaranır. Bu, Avrasiya məkanında Qərb və Şərq arasında tarazlıq yaradan, Cənubi Qafqazdan Hind okeanına qədər uzanan yeni sabitlik paradiqmasıdır. Azərbaycan artıq bu sistemin mərkəzində yerləşir və onun diplomatik fəallığı regionun gələcək nizamını müəyyən edən əsas hərəkətverici qüvvəyə çevrilib.

Bəyannamədə qeyd olunan istiqamətlər – beynəlxalq hüquqa hörmət, regional sabitlik, terrorizmə qarşı mübarizə, qadınların və gənclərin siyasi fəallığının artırılması bu üçtərəfli əməkdaşlığın dəyərlər sistemini müəyyən edir. Xüsusilə sənəddə Azərbaycanın ərazi bütövlüyünə açıq və birmənalı dəstəyin ifadə olunması həm hüquqi, həm də mənəvi anlamda ədalətin bərpası deməkdir. Bu, həm də Cənubi Qafqazda uzun illər davam edən təcavüz və ədalətsizlik dövrünün başa çatmasının beynəlxalq təsdiqidir.

Gələcəyə körpü salan əməkdaşlıq

İslamabad Bəyannaməsi, eyni zamanda, parlament diplomatiyasının yüksəlişini nümayiş etdirir. Əgər klassik diplomatiya dövlətlər arasında imzalanmış müqavilələr vasitəsilə münasibətləri tənzimləyirdisə, parlament diplomatiyası xalqların bir-birinə daha da yaxınlaşmasını təmin edən canlı körpü rolunu oynayır. Sahibə Qafarovanın “Bu əməkdaşlıq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, dostluq və həmrəyliyi dərinləşdirir” fikri bu yeni diplomatik fəlsəfənin ideoloji özəyini təşkil edir. Bu, sadəcə jest deyil, bir dövlət düşüncə tərzinin ifadəsidir: xalqların birləşdiyi yerdə dövlətlər möhkəmlənir, dövlətlər birləşəndə isə xalqlar bir ruh altında toplanır.

Numan Kurtulmuşun “Parlament diplomatiyası əlaqələrin dərinləşməsi üçün yeni körpü rolunu oynayır” sözləri isə bu ideyanın praktik tətbiqini göstərir. Yəni bu platforma artıq gələcəkdə qəbul ediləcək qanunların, siyasi qərarların ruhuna təsir edən mexanizm kimi çıxış edəcək. Parlamentlərarası əlaqələrin bu səviyyəyə yüksəlməsi dövlətlərarası münasibətləri daha dərin ideoloji əsaslara bağlayır və diplomatiyanı emosional, milli ruhla zənginləşdirir.

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin “Üç qardaş ölkə üçün bu platforma strateji fürsət pəncərəsidir” fikri bu əməkdaşlığın təkcə bugünü deyil, gələcəyi hədəflədiyini göstərir. Həqiqətən də bu platforma gələcəkdə regionda yeni iqtisadi əlaqələrin, alternativ enerji marşrutlarının və mədəni-siyasi inteqrasiyanın başlanğıc nöqtəsi ola bilər. Azərbaycanın təşəbbüsü ilə reallaşan yeni nəqliyyat-kommunikasiya layihələri, xüsusilə İran ərazisindən keçəcək dəmir yolu marşrutu, Cənubi Asiya ilə Cənubi Qafqazı birləşdirən strateji xəttə çevriləcək. Bu layihələr ticarət dövriyyəsini artırmaqla yanaşı, həm də ideoloji mənada Avrasiyanın iki ucunu – Bakı ilə İslamabadı – bir mədəni körpü vasitəsilə birləşdirəcək.

Gələcəyə yönəlmiş ədalət missiyası

Bu sənədin əhəmiyyəti təkcə regionla məhdudlaşmır. Azərbaycan - Türkiyə - Pakistan birliyi İslam dünyasında yeni həmrəylik modelinin təməlini qoyur. Bu model yalnız siyasi yox, mənəvi məsuliyyət daşıyır. Çünki bu əməkdaşlığın mərkəzində ədalət, ləyaqət və müstəqillik kimi anlayışlar dayanır. Bu, postmüharibə dövründə yaranan yeni beynəlxalq münasibətlər sistemində balanslaşdırıcı, dəyərlərə əsaslanan siyasət nümunəsidir. Azərbaycanın bu sistemdə oynadığı rol xüsusi qeyd olunmalıdır. Çünki ölkəmiz həm geosiyasi yerləşmə baxımından, həm də siyasi iradə baxımından Türkiyə ilə Pakistan arasında təbii körpü funksiyasını daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu nəticəsində Azərbaycan həm regionun təhlükəsizlik təminatçısının, həm də qlobal enerji, nəqliyyat və mədəni inteqrasiyanın aparıcı gücünə çevrilib. Məhz bu baxımdan İslamabad Bəyannaməsi üç qardaş ölkənin müstəqil siyasətinin, hadisələrə obyektiv münasibətinin və dəyərlərə əsaslanan əməkdaşlığının ən parlaq təzahürüdür. Bu gün üç qardaş ölkənin ortaq məqsədi təkcə sabitlik yaratmaq deyil, həm də ədalətli dünya nizamına töhfə verməkdir. Onların birliyi regionda sülhü, ədaləti və qarşılıqlı etimadı möhkəmləndirir. İslamabad Bəyannaməsi isə bu ideyanın hüquqi rəmzidir.

Nəticə etibarilə bu Sənəd bir mənada ortaq tarixdən gələn həmrəyliyi gələcəyə daşıyır, onu siyasi istiqamətə çevirir. Bu istiqamətin xəritəsində isə iqtisadi inkişaf, hərbi sabitlik, sosial ədalət və mənəvi ləyaqət dayanır. Üç qardaşın birliyi artıq Avrasiyanın siyasi memarlığında yeni bir səhifə açıb.

Nigar Orucova, "İki sahil"