Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib ki, son illər ərzində kənd təsərrüfatının dayanıqlı inkişafı, o cümlədən su təminatının səmərəliliyi ilə bilavasitə bağlıdır. Ölkə başçısı bəzi iri fermer təsərrüfatlarında məhsuldarlığın Avropanın aparıcı ölkələrinin səviyyəsinə uyğun olmasına işarə edərək bunun digər tədbirlərlə bərabər, suvarma işləri ilə də əlaqədar olmasını vurğulayıb.
Azərbaycanda son illər ərzində suvarılan torpaqların həcmi artırılıb. Belə demək mümkündürsə, 100 minlə hektar su görməyən torpaqlara, yaxud da ki, qismən suvarılan torpaqlara suyun verilməsi təmin edilib. Ancaq bu sahədə həllini gözləyən məsələlər də az deyil. Elə ölkə başçısı da bu məsələrə toxunaraq Z. Mikayılova tapşırıqlar verib.
Söhbət ondan gedir ki, bu sahənin idarəedilməsində müasir yanaşmanın tətbiqi vacibdir. Burada əsas amil suvarma sisteminin müasir texnologiyalara əsaslanmalı olmasıdır. Çünki onsuzda Azərbaycan su ehtiyatları qıt olan ölkələrdəndir və ondan səmərəsiz istifadə tələbatın ödənilməsində çətinliklər yaradır. Bu mənada səmərəliliyin təmin edilməsini müasir texnologiyalar olmadan təsəvvür etmək çətindir.
Mövcud problemlərdən biri də itkilərin böyük həcmdə olmasıdır. Ölkə başçısı bu itkilərin bəzi hallarda təbii xarakter aldığını, bəzi hallarda isə səhlənkarlıq ucbatından baş verdiyini vurğulayıb. Aydın məsələdir ki, uçotun olmaması su ehtiyatlarına laqeyd yanaşmanın qarşısında ən böyük əngəldir. Bu baxımdan laqeydlik ucbatından artan itkilərin qarşısını almağın yolu uçotun aparılmasından keçir.
Suvarmada itkilərin yaranmasına səbəb olan digər amil isə torpaq kanallardır. Torpaqdan olan kanallar, eyni zamanda, əkin yerlərinə lazımi səviyyədə su ötürülməməsinə, torpaqların şoranlaşmasına səbəb olur. Məsələ burasındadır ki, keçmiş Sovet İttifaqı dövründə çəkilmiş kanalların böyük əksəriyyəti torpaqdan olub və onların böyük hissəsi bu gün də istismardadır. Yeni sədrin öhdəsindən gəlməli olduğu məsələlərdən biri də torpaq kanallara alternativin tapılması olacaq.
Ölkə başçısının qarşıya qoyduğu məsələlərdən biri də tikilməsi nəzərdə tutulan 10 yeni su anbarıdır. Məsələ burasındadır ki, su anbarının tikintisi, həmçinin buradan kanalların çəkilməsi və digər tədbirlər böyük vəsait tələb edir. Bu baxımdan görülməli olan işlərdən biri də həmin su anbarların səmərəliliyinin təhlil edilməsidir.
Həll edilməsi vacib məsələlərin arasında suyun ədalətsiz bölüşdürülməsi halların birdəfəlik aradan qaldırılması, işğaldan azad edilmiş torpaqlarda meliorativ tədbirlərin görülməsi və buradakı su təsərrüfatının təhlili də yer alır.
Bir sözlə, işğaldan azad edilmiş ərazilərdəki su təsərrüfatını da nəzərə alanda, bu sahədə görülməli olan işlərin miqyası artır. Ölkə başçısının tapşırığına uyğun olaraq müasirlik, ekoloji təhlükəsizlik və maksimum səmərəlilik bu sahədə gələcəkdə görüləcək işlərin əsas prinsiplərini təşkil etməli olacaq. Özü-özlüyündə yeni növ idarəçiliyi nəzərə tutan bu amili melorasiya və su təsərrüfatında yeni mərhələ də adlandırmaq mümkündür. Suyun həyat mənbəyi olmasını nəzərə alanda, yeni mərhələnin özü ilə inkişafı gətirməsi kənd təsərrüfatının daha da inkişafı deməkdir.
Ceyhun Piriyev, “İki sahil”