«Dünyada görünməmiş böhranın baş verdiyi bir şəraitdə iqtisadi siyasətin qarşısında əsas məqsədlərdən biri azalmanı minimuma endirmək, əhaliyə və sahibkarlara dəstək vermək olmuşdur. Azərbaycanda dövlət başçısı İlham Əliyevin tapşırığı ilə miqyaslı işlər görülmüş, iqtisadi islahatlar aparılmış və iqtisadiyyatın dayanıqlılığını təmin edən amillər gücləndirilmişdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun yaratdığı yeni reallıq ölkə iqtisadiyyatının növbəti 10 ildə iki dəfə artırılmasına inamı gücləndirir. Qarabağın meşə, su, torpaq, faydalı qazıntı və qeyri-maddi resursları ilə Azərbaycan iqtisadiyyatının dövriyyəsinə cəlb olunması, həmçinin yeni reallığa uyğun olaraq regional nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi böyük artım potensialına malikdir. Xüsusən də Qarabağda yaşıl enerji, dağ-mədən, metallurgiya, emal sənayesi, aqrar sahə və turizm kimi sahələr həm dövlət, həm də özəl yerli və xarici sərmayələr hesabına inkişaf etdiriləcək. Bu günlərdə Beynəlxalq Valyuta Fondu və «Moody's» Azərbaycan iqtisadiyyatı üçün nikbin proqnozlar veriblər. Proqnozlara görə, Beynəlxalq Valyuta Fondunun ənənəvi «Qlobal İqtisadi Mənzərə» hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacaq. Qurumun müvafiq proqnozlarına əsasən, işsizlik səviyyəsi də növbəti iki ildə 6 faizdən aşağı olacaq.»
Bu fikirləri İkisahil.TV-yə müsahibəsində iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov bildirib.
E.Məmmədov qeyd edib ki, Azərbaycanın 2021-ci il üzrə iqtisadi artım göstəricisi 2 faiz civarında proqnozlaşdırılırdı. Eyni zamanda, fond cari əməliyyatlar balansı üzrə proqnozları da pozitivə doğru yeniləyib. Belə ki, cari əməliyyatlar balansının defisitinin ÜDM-ə nisbəti 2021-ci və 2022-ci illərdə müvafiq qaydada 3,6 və 4,4 faiz olaraq proyeksiyalaşdırılırdısa, yeni hesabatda müvafiq defisit profisitlə əvəz olunmaqla 1,1 və 0,5 faiz ətrafında qiymətləndirilib.
E.Məmmədov diqqətə çatdırıb ki, ölkəmizin iqtisadi artımı və reytinqləri ilə bağlı digər mühüm bir məqam onunla bağlıdır ki, "Moody's"
beynəlxalq reytinq agentliyi də ölkəmizin emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini «Ba2» səviyyəsində stabildən pozitivə doğru dəyişib. Pozitiv mənzərə daha çox idarəetmə və siyasət effektivliyinin artırılması ilə bağlıdır və bu ölkənin kredit profilini daha da yaxşılaşdıra bilər. «Moody's»in analitiklərinin mövqeyinə əsasən, monetar və makrosiyasət çərçivəsinin gücləndirilməsi bank və xarici sektorun şoklara qarşı dayanıqlılığını artırmağa, likvidlik və xarici sektorun risklərinin mitiqasiyasına xidmət edəcəkdir. Agentlik daha öncə «Cənub Qaz Dəhlizi» QSC-nin reytinqini də pozitivə doğru dəyişib. Hər iki qurumun hesabatında Azərbaycanla bağlı növbəti illərdə iqtisadi artımın baş verməsi ilə bağlı proqnozların pozitivə doğru dəyişilməsi gələcək inkişaf üçün imkanların olduğunu da göstərir.
E.Məmmədov əlavə edib ki, Prezident İlham Əliyevin Azərbaycanı qlobal iqtisadi layihələrə cəlb etməsinin səmərəli nəticəsi özünü göstərir. Dövlət başçımızın siyasi və iqtisadi məsələlərə diqqətlə yanaşmasının nəticəsidir ki, ölkəmiz bir tərəfdən Çinin təklif etdiyi «Bir kəmər, bir yol» layihəsinə qoşulmaqla Asiya ilə Avropa arasındakı iqtisadi əlaqələrdə dayaq məntəqəsinə, digər tərəfdən də İranın da iştirak etdiyi «Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə qoşularaq logistika mərkəzinə çevrilir. Nəzərə çatdırım ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistanın işğalında qalan ərazilərini azad etməsi qlobal iqtisadi proseslərdə yeni vəziyyətin yaranmasına səbəb olub. Bu vəziyyət ondan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yolları tezliklə bərpa edilərək istifadəyə veriləcək. Bu yollar Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq.
E.Məmmədov xüsusi olaraq qeyd edib ki, hazırda dünya COVID-19 pandemiyasını yaşayır. Bu pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyanın həcmi hələ tam ölçülməyib. Lakin indidən demək olar ki, ziyanın həcmi yüz milyardlarla hesablanacaq. Dünyanın bütün qitələri bu pandemiyadan zərər çəkir. Bu zərəri qarşılamaq üçün dünya dövlətləri ilə yanaşı, iri korporasiyalar, transmilli şirkətlər və dünya iqtisadiyyatının digər subyektləri məqam gözləyirlər. Dünya ölkələrində
hazırda əhaliyə peyvənd vurulması prosesi gedir. Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri bildirirlər ki, virusun tamamilə məhv olmasından asılı olmayaraq 2 ildən sonra dünya əhalisinin 70 faizi peyvənd olunacaq və virus qüvvəsini itirəcək. Ən uzaq perspektivə hesablasaq belə 2 ildən sonra sərhədlərin açılmasını və iqtisadiyyatda fəallığının artmasını müşahidə edəcəyimizə ümid edirik. Ancaq bu halda qitələr arasındakı iqtisadi əlaqələr də tam olaraq bərpa edilə bilər.
Şəmsiyyə Əliqızı, «İki sahil»