08 aprel 2021 17:02
1180

Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin proqnozlar nəyə əsaslanır?

Beynəlxalq Valyuta Fondunun (BVF) “Global Economic Outlook” hesabatının aprel buraxılışında bildirilib ki, 2021-ci ildə Azərbaycanda 2,3  faizlik iqtisadi artım gözlənilir. Həmçinin "Moody's Investors Service" ("Moody's") şirkəti bu il Azərbaycan iqtisadiyyatının artım tempinin təqribən 3,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

COVID-19 pandemiyasının hələ də davam etməsini nəzərə alanda belə bir haqlı sual meydana çıxır ki, bəs iqtisadi artım hansı amillərin hesabına ola bilər?

"Moody's” hesab edir ki,  pandemiya ilə əlaqəli məhdudlaşdırıcı tədbirlərin yumşaldılması fonunda iqtisadi fəallığın artımı və hərəkət məhdudiyyətlərinin azaldılmasından qaynaqlanan müsbət təsirlərdən başqa “OPEC plus” razılaşması çərçivəsində neft hasilatının gözlənilən artımı, Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracının genişlənməsi Azərbaycanda bu il ümumi daxili məhsulun (ÜDM) artımını sözügedən səviyyədə dəstəkləyəcək.

Pandemiya ilə əlaqəli məhdudlaşdırıcı tədbirlərin yumşaldılması fonunda iqtisadi fəallığın artmasında bəhs etdikdə, ilk növbədə onu qeyd etmək lazımdır ki, cari ildə də iqtisadiyyatın kiçilməsi davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında ÜDM 3,2 faiz azalıb.

“OPEC plus” razılaşması çərçivəsində neft hasilatının gözlənilən artımının ÜDM-ə təsirinə gəlincə, yanvar-fevral aylarında neft hasilatı 4,9 faiz azalıb.  Lakin “OPEC plus” üzrə yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barrel, iyunda 7 min barrel, iyulda isə 10 min barrel artıracaq. Başqa ifadə ilə ölkəmiz gündəlik xam neft hasilatını 3 aylıq qrafik üzrə ümumilikdə 25 min barrel və ya  4 faizdən çox artıra biləcək.  

TAP vasitəsilə Avropaya qaz ixracının artımının ÜDM-ə təsirindən danışdıqda isə bu, özünü qaz hasilatında göstərir. Rəsmi statistikaya görə, təkcə yanvar-fevral aylarında hasilat 9,6 faiz artıb. Bununla belə hasilatın artmasına səbəb təkcə TAP yox, həmçinin Türkiyəyə qaz ixracının artmasıdır. Energetika Nazirliyinin məlumatına görə, ümumilikdə, 2 ay ərzində xaricə təbii qaz ixracı təqribən 32 faiz artıb. Lakin qaz hasilatındakı artıma baxmayaraq ümumilikdə neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz azalması bu mənbədən artımın ÜDM-ə elə də böyük təsir etməyəcəyini deməyə əsas  verir.   

Qeyd edək ki, BVF-nın 2020-ci ilin oktyabr ayında açıqladığı hesabatında Azərbaycanda  2021-ci il üçün təqribən 2 faizlik iqtisadi artım proqnozlaşdırılmışdı. Ötən ilin sonlarından başlayaraq vaksinasiyanın başlanılmasının qlobal iqtisadiyyatın bərpası gözləntilərini artması Azərbaycanla bağlı proqnozları da yaxşılaşdırmaqdadır. Digər tərəfdən, ötən il Azərbaycan iqtisadiyyatında əvvəlki illə müqayisədə 4 faizdən çox azalması bu il ən kiçik böyüməni belə artım göstəricisinə çevrilməyə imkan verəcəyi gözlənilir.   

BVF və "Moody's”, həmçinin növbəti illər üçün də Azərbaycanda iqtisadi artım proqnozlaşdırırlar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov hesab  edir ki, hər iki qurumun hesabatında Azərbaycanda növbəti illərdə iqtisadi artımın baş verməsi ilə bağlı proqnozların pozitivə doğru dəyişilməsi gələcək inkişaf üçün imkanların olduğunu göstərir. Onun sözlərinə görə, işğaldan azad olunmuş torpaqların reinteqrasiyası ilə bağlı yeni investisiya və bərpa siyasəti, Dövlət proqramlarının tərtibi və monitorinqi ilə bağlı qaydaların qəbulu, dövlət nəzarətinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması ilə bağlı müvafiq tədbirlər, ümumilikdə isə strateji idarəetmə siyasəti çərçivəsində iqtisadi addımların realizasiyası bu göstəricilərin daha da yaxşılaşmasına xidmət edəcək.

       

       Ceyhun Piriyev, “İki sahil”