11 aprel 2021 00:00
1439

 Zamanı qabaqlayan fenomen Lider!

Prezident İlham Əliyevin respublikaya başçılıq etdiyi müddətdə  xalqımızın qazandığı  nailiyyətlərin məntiqi nəticəsi  44 günlük  müharibədə qazanılan tarixi Zəfər, Böyük Qayıdışa hazırlıqdır

Ulu öndər  Heydər Əliyev siyasətinə  sadiqlik

Dünyada barmaqla sayıla biləcək  müdrik şəxsiyyətlər, siyasi xadimlər,  dövlət başçıları az olsa da,  özlərindən sonra  qənimət kimi   qalan təcrübələri ilə yaşayır, ardıcıllarına  düzgün yol göstərirlər. Liderin xalqına  xidməti  yaşadığı zamandan, iqtisadi, sosial və siyasi vəziyyətdən asılıdır. Zaman rəhbərə  imkanı diktə etdiyi üçün insanların 1-2 faizi lider, 99 faizi ardıcıllar olurlar.   Liderliyin şərtlərini açıqlayan  Hunların başçısı, «Tanrının qırmancı» Attilanın liderlik fəlsəfəsinin xronologiyasında  başçı olmağın şərtləri bu cür sıralanır: Xalqa  sədaqətli rəhbərlik, insanları arxasınca aparmaq  səriştəsi, onları  inandırmaq bacarığı, başqalarına nümunə olmaq istedadı: « Bütün rəhbərlər qəbul etməlidirlər ki,  qələbə o adamlara nəsib olur ki, onlar, təkcə nəyi etmək lazım olduğunu yox, həm də  nə vaxt etməyi bilirlər. Bu,  məkanı və zamanı hiss etməkdir.»

Tanınmış siyasi xadimlərin, dövlət başçılarının  bu keyfiyyətləri özündə  formalaşdıran ulu öndər Heydər Əliyev haqqında söylədikləri  «Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri var» sözlərini zaman  təsdiqlədi.   Ulu Öndərin  xalqına   ən böyük xidməti isə  yuxarıda qeyd olunduğu kimi, liderliyə layiq  ardıcılını yetişdirməsidir. Layiqli  lider adını siyasəti ilə doğruldan Prezident İlham Əliyev  Ulu Öndərin  Azərbaycan xalqına göstərdiyi ən böyük xidmətdir.

…1993-cü ilin 10 oktyabrında  Prezident kimi and içən, Azərbaycan xalqının müstəqilliyini tarixi hadisə adlandıran,  « Bu Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna  xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz» söyləyən  ulu öndər Heydər Əliyevin « Bizim  əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd –yuvasından didərgin düşmüş soydaşlarımızı, qardaşlarımızı, öz doğma  yerlərinə qaytarmaqdır»  sözlərində  əks olunan istəklərini yerinə yetirən siyasi  davamçısı, həm də varisi  olan Prezident İlham Əliyev  siyasi bacarığı və təcrübəsi ilə  həyatda özünü doğruldan  «Siyasət Əliyevlər ailəsinin taleyinə yazılıb» ifadəsini də reallaşdırdı.

 Daha güclü Azərbaycan naminə verilən vədlər həllini tapdı

2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkilərində  seçicilərin 76, 84 faizinin səsini toplayan,  sonrakı prezident seçkilərində də seçicilərin etimadını qazanan,  2018-ci ilin aprel ayının 11-də  keçirilən növbəti  seçkidə   dövlətə başçılıq  səlahiyyətlərini təkrarlayan,   andiçmə mərasimində  « Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki,  bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətin davam etdirəcəyəm» söyləyən Prezident İlham Əliyevin respublikaya  başçılıq etdiyi müddətlərdə  müəyyənləşdirdiyi bütün prioritetlərin əsasını dövlətimizin güclənməsi , müdafiə qüdrətimizin möhkəmlənməsi,  xalqın  rahat həyat şəraitinin təmin olunması, neft amilinin insan kapitalına  çevrilməsi kimi  vacib amillər təşkil edib.

Ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsi üçün görüləcək işlərin əks olunduğu «Azərbaycan Respublikasında  sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» Fərmanı imzalamaqla daha güclü Azərbaycan naminə yola çıxan Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi   ilə həyata keçirilən ,   nəzərdə tutulan müddətdə icra edilən  «Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları»nın  yerinə yetirlməsi ilə   bölgələrin siması dəyişildi, qeyri-neft sənayesi,  özəl sektor inkişaf etdi, ölkədə güclü sahibkarlar  ordusu formalaşdı, ordu quruculuğu istiqamətində aparılan islahatlar davam etdirildi. Fermer təsərrüfatlarının genişləndirilməsi, mövcud    potensialdan səmərəli istifadə etməklə daxili bazarda yerli məhsulların həcmi artırıldı. Keyfiyyətcə yeni inkişaf mərhələsinə başlayan aqrar sahədə  aparılan islahatlar nəticəsində əhalinin məşğulluq səviyyəsinin artmasını şərtləndirən  yeni iş yerləri yaradıldı. Ən müasir texnologiyaların ölkəyə gətirilməsi ilə  iri,  müştərək  sənaye müəssisələri fəaliyyətə başladı.  Qısa müddətdə  iqtisadi və maliyyə imkanları artan Azərbaycanın adı  beynəlxalq təşkilatların siyahısında ilk sıralarda  yer aldı.  Ölkəmiz investisiya qoyuluşu baxımından etibarlı dövlət kimi tanındı, islahatçı ölkələr sırasında önəmli yer aldı.   Vətəndaşların sosial müdafiəsinin güclənməsi istiqamətində aparılan islahatlar paketinə uyğun olaraq əməkhaqqı və pensiya siyasəti davamlı proses kimi diqqətdə saxlanıldı. Aztəminatlı , kimsəsiz ailələrə göstərilən güzəştlərin, sosial müavinətlərin şərtləri  sadələşdirildi. Həyata keçirilən kadr islahatlarının məqsədyönlü davamı ilə  dövlət siyasətinin əsas istiqamətlərindən olan gənclərə qayğı, inam artırıldı. Ölkəmizdə yaranan sağlam biznes mühiti xarici şirkətlərin  Azərbaycana marağını surətləndirdi.  Reallığa və praqmatizmə əsaslanan fəaliyyət proqramlarının tətbiqi,  neft gəlirlərindən dövlətin qüdrətlənməsi,  xalqın rifahının yaxşılaşdırrıması naminə istifadə ilə Azərbaycan dünyanın ən qüdrətli ölkələri sırasına daxil oldu. Azərbaycan brendi olan  «ASAN xidmət», «ABAD», DOST layihələrinin dünya dövlətləri tərəfindən maraqla qarşılanması, bu sahədəki təcrübəmizin müxtəlif ölkələr tərəfindən öyrənilməsi respublikamızın XXI əsrin tələblərinə uyğun  inkişaf yolu ilə getdiyini təsdiqləyən və beynəlxalq səviyyədə dəstəklənən uğurlarımızdandır. Deyilənlən də son deyil. Birləşmiş Millətlər Təşkilatının «Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik»”dən qaynaqlanan Milli Prioritetlərin tətbiqi ilə ölkəmiz daha da qüdrətlənəcək.  XXI əsrin « Qlobal xəritədə  ölkələrin oynadığı rol insanların intellekttual potensialından daha çox asılı olacaqdır» çağırışını əsas amil kimi daim diqqətdə saxlayan ölkəmizdə  insan kapitalına böyük sərmayələr yatırılır.

Sivilizasiyalararası körpü, mültikulturalizm mərkəzi kimi tanınan Azərbaycan beynəxalq aləmdə böyük etimad, nüfuz qazanıb

İqtisadi uğurları ilə dünyada  layiqli yer tutan Azərbaycan humanist siyasəti, xalqları birlik və həmrəyliyə çağırışları ilə də  fərqlənir. Vahid  milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin  əsasını təşkil edən birgəyaşayış qaydalarına sadiqlik,  birlik, həmrəylik kimi  prinisiplərin təşkil  etdiyi,  ölkəmizdə  dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. «Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək» söyləyən Prezident İlham Əliyevin  təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq  humanitar  konfranslar, Dünya Dini Liderlərinin Zirvə görüşləri, Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları,  simpoziumlar, Birinci Avropa Oyunları, IV İslamHəmrəyliyi Oyunları «Eurovision» mahnı müsabiqəsi, Formula-1 kimi   dostluq yarışları ölkəmizi sivilizasiyalararası məkan kimi tanıdır. Dünyada  baş verən münaqişələrin, təhlükəli proseslərin sülh yolu həllində  qüdrətli dövlət kimi iştirak edən Azərbaycanın təşəbbüsləri, islamofobiya, ksenofobiya, ayrı-seçkilik, dini radikalizmə qarşı mübarizə çağırışları  beynəlxalq  ictimaiyyət tərəfindən dəstəklənir. Milli- mənəvi dəyərlərimizə sadiqliyin nümunəsi  2016-cı və 2017-ci illərdə elan olunan «Multikulturalizm” ili» və «İslam Həmrəyliyiili”» təkcə  İslam dövlətləri tərəfindən deyil, bütün sülhsevər xalqlar  tərəfindən dostluq və həmrəylik  nümunəsi kimi dəstəkləndi.

« Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir»  söyləyən Prezident İlham Əliyevin  bu sözləri real həyatda da öz əksini tapır. İki il müddətinə155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri- rəsmi sədrlik edən Azərbaycan  bütün dövlətlərlə qarşılıqlı hörmət prisipləri əsasında  əməkdaşlığa  sadiqdir. İki və çoxtərəfli münasibətlər formatında  etibarlı dövlət kimi tanınan ölkəmizin, xüsusilə Heydər Əliyev    Fondunun dəstəyi və təşəbbüsü ilə müxtəlif ölkələrdə həyata keçirilən  humanitar layihələr  Azərbaycanın iqtisadi qüdrətinin nümunəsi olmaqla, multikultural dəyərlərə sadiqliyimizin göstəricisidir.  Dünyamızın düzənini dəyişən və əsrimizin bəlası adlandırılan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətə göstərdiyi yardım Azərbaycana etimadı daha da artırıb.  Pandemiyanın ilk günlərindən  digər xalqlara da  humanitar yardım  göstərən Azərbaycan  Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayırmış,  30-dan  artıq ölkəyə tibbi avadanlıq və qoruyucu vasitələrlə kömək göstərmişdir. Azərbaycanın təşəbbüsu ilə  sədrlik etdiyi Qoşulmama Hərəkatı və Türk Şurası üzvlərinin iştirakı ilə  videoformatda keçirilən Zirvə görüşlərində pandemiya ilə mübarizənin yolları müzakirə olunmuş,  təkliflər irəli sürülmüşdür. Qoşulmama Hərəkatının Sədri  İlham Əliyevin təşəbbüsü ilə    ötən ilin dekabrın ayının 3-də  BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş Xüsusi Sessiyası keçirildi. 150-dən çox ölkə bu təşəbbüsü dəstəklədi. Azərbaycanın sədrlik etdiyi   digər böyük təşkilat olan Türk Şurasına daxil olan dövlətlərin rəhbərləri ilə videoformatda keçirilən  Zirvə görüşündə  pandemiyaya qarşı mübarizə tədbirləri müzakirə olundu.    BMT İnsan Haqları Şurasının 46-cı sessiyası çərçivəsində  Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü müzakirəyə çıxarıldı və  «COVID-19 əleyhinə peyvəndlərə bərabər,  məqbul qiymətə, vaxtında  və universal əlçatanlığın təmin edilməsi» adlı qətnamə qəbul edildi.

 «Əsrin müqaviləsi»nin  yaşadığımız yüzilliyə  töhfəsi: «Yeni əsrin kontraktı»

Dənizdə sənaye üsuli ilə  neft çıxaran ilk ölkə olan Azərbaycan dünyanın enerji xəritəsini də  dəyişir. 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsu ilə hazırlanan «Əsrin müqaviləsi»nin XXI əsrdə davamı « Əsrin yeni kontkraktı» adlanır. Malik olduğu təbii sərvətləri  ilə Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycanın təşəbbüslərinin reallaşması ilə ölkəmizə maraq daha da artır.

Xəzərin  karbohidrogen ehtiyatlarından səmərəli istifadə məqsədilə Bakıda  keçirilən görüşlər,  imzalanan sənədlər, «Əsrin müqaviləsi»nin yenilənməsi,  istifadə müddətinin 2050- ci ilədək uzadılması  qarşılıqlı etimadı, əməkdaşlıq formatını genişləndirir. BTC və BTQ neft- qaz layihələrinin davamı olan Cənub Qaz Dəhlizinin, TANAP-ın TAP-ın istifadəyə verilməsi ilə Avropa ölkələrinin enerji ilə təchizatı şaxələndirilmiş prinsiplər əsasında təmin olunur.

Neft strategiyasından irəli gələn təşəbbüsləri ilə Xəzəri dostluq, əməkdaşlıq,  firavanlıq dənizi kimi tanıdan, müstəqilliyimizin ilk illərində  sahilyanı ölkələr arasında Xəzərin dibinin, təbii ehtiyatlarının bölüşdürülməsi ilə bağlı yaranan fikir müxtəlifliyinin həllində də aparıcı rola malik Azərbaycan bölgədə sülhün, sabitliyin  qorunması üçün faydalı təşəbbüsləri ilə hər zaman diqqəti cəlb edir. Xəzər dənizi üzrə danışıqlarda dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması naminə  səylər göstərən, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkə də Azərbaycan  olmuşdur. Neft amilindən istifadə etməklə regional sabitliyin, təhlükəsizliyin təminatçısı olan  Azərbaycanın Türkmənistanla  «Dostluq»” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu” imzalaması tarixi hadisə,  artıq reallığa çevrilən təşəbbüslərin davamıdır.

«Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii ehtiyatlarından istifadə edə bilər, ancaq müstəqillik dövründə Azərbaycan uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik, belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi,  Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanıölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi razılığın əldə edilməsinə xidmət edən Azərbaycan səyləri dünyada da  sülhün, təhlükəsizliyin təmin edilməsini şərtləndirir.
 Aşqabad şəhərində «Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində «Dostluq»” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında» Anlaşma Memorandumu”nun imzalanması tarixi hadisə olmaqla, bölgədə sabitliyin qorunması, əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Yatağın işlənməsi ilə Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsinə, xarici investorların  layihələrə cəlbinə, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsinə yeni imkanlar yaranacaq.  Artıq reallığa çevrilən «Azərbaycan qazı Avropa üçün  etibarlı və uzunmüddətli mənbədir”» sözlərinini qarantı       «Babək»,  «Abşeron», «Ümid» yataqlarının istismarı ilə  Xəzər dənizinin Azərbaycana məxsus sektorundan  hasil olunacaq resursların digər ölkələrin də enerji təhlükəsizliyini təmin edilməsidir.  SOCAR –la BP şirkətlərinin birgə layihəsi çərçivəsində həyata keçirilən «Şəfəq-Asiman» yatağında aparılan kəşfiyyat işləri ölkəmizə marağı daha da artıracaq.

Ölkəmizin nəqliyyat mərkəzinə, iqtisadi zonaya   çevrilməsi də iqtisadi qüdrətimizin artmasını göstərən amillərdən, günümüzün həqiqətlərindən, müasir dövrümüzün yeniliklərindəndir.  Avropanı Asiya ilə birləşdirən, ən səmərəli  nəqliyyat vasitəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu ilə  uzaqlar yaxınlaşıb.   Bölgədə ən iri infrastruktur layihəsi olan Ələt Beynəlxalq Dəniz Ticarəti limanının istifadəyə verilməsi  yükdaşıma sahəsində böyük əhəmiyyət malik olan Azərbaycanı daha bir iqtisadi körpüyə çevirib. Çinin təşəbbüsü ilə  həyata keçirilən və Avrasiya ölkələri araısnda infraskturun yaradılması və qarşılıqlı əlaqələrin qurulmasına  yönələn «Bir kəmər, bir yol»layihəsinə  qoşulan Azərbaycanın şaxələndirilmiş iqtisadi siyasət,  enerji, nəqliyyat , investisiya proqramlar davam etməkdədir. İkinci Qarabağ müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanatda qeyd olunan  Zəngəzur dəhlizinin bərpası ilə daha böyük nəqliyyat mərkəzinə çevriləcək Azərbaycan bölgədə yaratdığı yeni reallaqlarla  da    maraq dairəsinə çevriləcək.

« Dəmir yumruq» əməliyyatı ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.

Ordumuzun güclənməsi, Azərbaycan Silahlı Qüvvələrinin dünya dövlətlərinin orduları arasında  yer tutması,  müdafiə  imkanlarımızın artmasının nəticəsi olan Aprel döyüşləri, Lələtəpədə bayrağımızın dalğalanması, Cocuq –Mərcanlıya tarixi, Günnüt əməliyyatı  Ermənistan üzərində siyasi, iqtisadi, diplomatik  uğurlarımız  Azərbaycanın müdafiə qüdrətinin istənilən səviyyədə olduğunu  göstərdi. Ölkəmiz müasir silahlanmaya görə  Avropada  ikinci,  dünyada üçüncü yerdədir. Bu uğurlar, Ali Baş Komandan  İlham Əliyevin həyata keçirdiyi  ordu quruculuğu  siyasətinin məntiqi nəticəsidir. 44 gün davam edən Vətən müharibəsində  Ermənistan üzərində Qələbə çalan Azərbaycanın Zəfəri  Prezident, Ali Baş Komandan  İlham Əliyevin  30 ilə yaxın  davam etdirdiyi diplomatik səylər, uzaqgörənliklə müəyyənləşdirdiyi   və qələbəyə hədəflənən «yol xəritəsi»nin təntənəsidirı. Ermənistanın baş naziri Nikol Paşinyanın   «Münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır»  sərsəmləməsinə  «İndi deməliyəm ki, «Dağlıq Qarabağ xalqı»” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir» sözləri ilə aydınlıq gətirdi. Qlobal məsələlərin həllini beynəlxalq hüququn tələbləri baxımından ədalətli hesab edən dövlət başçımız  «Dəmir yumruq» əməliyyatını Zəfərlə başa çatdıraraq Ali Baş Komandan kimi  sərkərdəlik məharətini, bacarığını göstərdi. Nikol Paşinyanın  «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”» sarsaqlamasına  «Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi» sözləri ilə cavab verən Prezident İlham Əliyevin vurğuladığı kimi  Ermənistanını kaptulyasiya  Bəyanatını imzalaması ilə  Dağlıq Qarabağ statusu məfhumu  gora getdi: «Buna görə «Dağlıq Qarabağ ordusu» anlayışı yoxdur. «Dağlıq Qarabağ respublikası» anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan.»

Ötən ilin sentyabr ayının 27-dən başlanan və Ermənistanın təxribatlarına cavab olan 44 günlük müharibə dünya hərb tarixinə  müasir dövrün döyüş taktikasını və strategiyasını əks etdirən hərbi əməliyyat kimi yazıldı.  Prezident İlham Əliyevin «Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq» xəbərdarlığı bu gün də məğlub, əzilmiş  erməniləri  qorxuda saxlayır. İllərdən bəri  mötəbər tribunalardan Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran Prezident İlham Əliyevin sözlərini işğaldan azad olunmuş torpaqlarımızda dalğalanan üçrəngli bayraqlarımız  təsdiqləyir. Danışıqların  nəticə vermədiyi məqamda ərazilərimizi Ali Baş Komandan İlham Əliyevin başçılığı, güc ilə  azad edən  Azərbaycan əsgəri erməni faşizmini məhv etdi. Düşmən  tarixdə əbədi qalacaq, alçaldıcı  kapitulyasiya aktına imza atdı. Prezident İlham Əliyevin    « Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq» xəbərdarlığı əlləri azərbaycanlıların qanına bulaşmış erməni cəlladlarını təşvişə salır. Ağdamı, Füzulini,  Cəbrayılı, Qubadlını, Zəngilanı, Kəlbəcəri, Laçını, mədəniyyət beşiyimiz olan Şuşanı azad edən Azərbaycan əsgəri  işğalçı erməniləri torpaqlarımızdan iti qovan kimi qovdu.   «Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər»  söyləyən İlham Əliyev bildirir ki,  düşmən bir daha belə cəhd edərsə, axırı lap pis olacaq. Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı  abadlıq, quruculuq işləri aparılır, infrastruktur yenilənir, yollar çəkilir, eletrikstansiyaları quraşdırılır, dağıdılmış dini abidələr əvvəlki görkəmlərinə qayıdırı,qırılmış meşələrin yerində yeni ağaclar əkilir, su mənbələri, hövzələri yaradılır.

Prezident İlham Əliyevin  «Qarabağ bizimdir, Qarabağ Azərbaycandır» çağırışını dəstəkləyən bütün dünya azərbaycanlıları, türk dünyası, müsəlman aləmi ölkəmizlə həmrəyliklərini  işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etmək müraciətləri ilə bildirirlər.

Vədə sadiqlik, xalqına, torpağına bağlılıq Prezident İlham Əliyevin dəyişilməyən fəaliyyət prinsipi, davam etdirdiyi siyasətə sədaqət borcudur

« Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim. Onun ruhu qarşısında baş əydim, ürəyimdə dedim,  xoşbəxt adamam ki,  ata vəsiyyətini yerinə yetirdim.»  Prezident İlham Əliyevin ilk dəfə andiçmə mərasimində  söylədiyi bu sözlər  təkcə  «Heydər Əliyev siyəsəti davam etdiriləcək»  vədini yerinə yetirən övladın deyil, 10 milyondan artıq insanın taleyinin etibar edildiyi dövlət başçısının xalqı qarşısında verdiyi 17 illik hesabat idi. Bu gün bütün Azərbaycan xalqı ürəklə deyir: Cənab İlham Əliyev, Siz doğrudan da xoşbəxt insan, qətiyyətli  Lider, neft amilini insan kapitalına çevirmək naminə  tarixi xidmətlər göstərən təcrübəli  siyasətçi,  bacarıqlı iqtisadçı,  milli-mənəvi sərvətlərimizi qoruyan,  hörmətlə yanaşan əsl azərbaycanlı, multikultural dəyərləri dövlətə rəhbərləiyi dövründə formalaşdıran xeyirxah, humanist şəxsiyyət… milyonların etimadını qazanan hamının inanıb, taleyini etibar etdiyi  qüdrətli,  həmkarlarınız arasında sayılıb-seçilən qətiyyətli Prezidentsiniz! Azərbaycan Sizinlə fəxr edir və gələcəkdə də Sizin siyasətinizi dəstəkləyərək, ətrafınızda sıx birləşəcək!  İşğaldan azad olunmuş ərazilərdə, yüksəkliklərdə dalğalanan bayraqlarımız  Ali Baş Komandan kimi Sizin qətiyyətinizin, İlhamlı gələcəyimizin simvoludur!  Bu bayraq isə qələbə üfüqlərində  əbədi dalğalanacaq. Sizin  davam etdirdiyiniz yolla irəliləyən Azərbaycan   Ulu Öndərin istədiyi kimi  dünyaya Günəş kimi doğacaq.

Xuraman İsmayılqızı,

«İki sahil»