14 aprel 2021 00:56
918

Pandemiyanın dəyişdiyi əmək bazarı

Dünya əmək bazarındakı vəziyyət mütəmadi olaraq dəyişir. 10-20 il əvvəl ən çox tələb edilən və əhəmiyyətli on peşə arasında yer alanlar bu gün artıq tələb olunmur. Bu, normaldır. Çünki dünyada heç bir şey daimi deyil. Bəşəriyyətin ehtiyacları dəyişir, yeni texnologiyalar ortaya çıxır, elm inkişaf edir. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı (2010) Kristofer Pissarides “Dördüncü Sənaye İnqilabında insan kapitalı” adlı mühazirəsində, robotların insan əməyini sıxışdırmayacağı çox az sahə olduğunu söyləyib. Bunlar səhiyyə, təhsil, daşınmaz əmlak, ev və fərdi xidmətlərdir. Bəli,  bu, o deməkdir ki, indi gördüyümüz işi 50 ildən sonra robotlar edə bilər...

Bundan başqa, müasir dövrdə hədəf kontentə xitab etmək istəyi də yeni-yeni sahələr- peşələr ortaya çıxarır. Məsələn, sosial media meneceri, marketinq meneceri, rəqəmsal menecer, CEO mütəxəssisi və s. bu qəbildən olan yeni sahələrdəndir. Əlbəttə, qloballaşan dünyada həm tələb olunan, həm də yüksək maaşlı peşəyə yiyələnmək üçün də dünya əmək bazarına kifayət qədər bələd olmaq, araşdırmalar aparmaq lazımdır.  Yaxşı iş tapmaq, həvəslə işləmək, çalışdığın sahədə pillə-pillə ucalmaq hər kəsin arzusudur. Digər məsələ isə ondan ibarətdir ki, peşə seçərkən yalnız əmək haqqı səviyyəsini deyil, həm də əmək bazarındakı ixtisas tələbini nəzərə almaq vacibdir. Təəssüf ki, bu iki göstərici həmişə üst-üstə düşmür.  Ona görə də uğurlu karyera və peşəsində müvəffəqiyyət gözləyən gənc mütəxəssislər bəzən məyus olurlar.

Qeyd etmək lazımdır ki, koronavirus pandemiyası da əmək bazarında bir çox dəyişikliklərə və çətinliklərə səbəb oldu. Pandemiya dövründə həm işəgötürənlərin, həm də iş axtaranların fəaliyyəti azaldı. Bir ildən artıqdır ki, bütün dünya COVID-19-la  mübarizə aparır. Bu müddətdə bütün dünyada xüsusən xırda və orta sahibkarlıq böyük zərər gördü. Pandemiyanın davam etdiyi dövrdə həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə şirkərtlər, müəssisələr ciddi problemlərlə üzləşdilər. Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) açıqlamaları da heç ürəkaçan olmadı. BƏT-in yayımladığı hesabata görə, bəhs etdiyimiz zaman kəsiyində 305 milyon insan daimi iş yerlərini itirdi. Bu, yetərincə böyük rəqəmdir. Lakin koronavirus pandemiyası dövründə səhiyyə personalına olan ehtiyac iki dəfə artdı. Dünyanın hər yerində xroniki xəstəliyi olmayan xəstə baxıcılarına tələb artdı. Tələb artdığına görə bu sektorda çalışanların maaşları da artıb. ABŞ-da Əmək Statistika Bürosu ən çox maaş alan peşələri sıralayarkən Amerikanın ən prestijli və rəqabətə davamlı peşəkar sahələrindən olan səhiyyə işçilərinin maaşlarının ildə 260.000 dollara çatdığını qeyd edib.

Karantin qaydalarının sərtləşdirilməsi, insanlar arasındakı canlı ünsiyyətin minimuma endirilməsi əmək bazarının bir çox sahəsində rəqəmsallaşmanı sürətləndirir. Hazırda rəqəmsal baxımdan irəlidə olan ölkələrin pandemiyanın zərərlərinin öhdəsindən daha rahat gəldiyini görürük. Ona görə də postpandemiya dövründə də artıq fiziki mübadilənin rəqəmsal mübadilə ilə əvəzlənəcəyi proqnozlaşdırılır. Təcrübə göstərdi ki, məşğulluğun bir çox sahələrində rəqəmsallaşma zəruridir. Xüsusən, informasiya texnologiyaları sektorunda yeni ixtisasların yaranacağı, bundan başqa, insanların uzaqdan onlayn işləmə tendensiyasının postpandemiya dövründə də davam edəcəyi gözlənilir.

Olduqca sürətlə dəyişən dünya düzəni təbii ki, ixtisaslara da təsir edir. Peşələr öz çərçivələrindən çıxır, yəni fərqli ixtisaslar yaranır.

Günel Eyyubova, “İki sahil”