Bir zamanlar çiyinlərində məktəb çantası, gözlərində min bir sual olan uşaqlar məktəbin qapısından içəri addımlayanda həyat onlar üçün yeni başlayırdı. İlk zəngin sədaları onları məktəbin sehrli dünyasına aparmışdı. İllər ötüb keçdi... Artıq o uşaqlar bu gün böyüyərək, son zəngin pıçıltısı ilə bu sehrli aləmə əlvida deyirlər.
İyunun 14-də bütün ümumtəhsil müəssisələrində olduğu kimi, Xətai rayonundakı Humanitar fənlər təmayüllü məktəb-liseydə də məzunlar üçün “Son zəng” tədbiri keçirildi. Bayramsayağı bəzədilən məktəbin həyətində sevincli, həyəcanlı baxışlar bir-birinə qarışmışdı. Valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələri gənc məzunların bu əlamətdar günündə onların sevincinə şərik idilər.
“İki sahil” əməkdaşlarının izlədikləri tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Tədbiri giriş nitqi ilə açan liseyin direktoru, Əməkdar müəllim Nəzakət Əsgərova günün səbəbkarlarını yeni həyat yoluna yola salarkən onlara arxayınlıqla baxaraq dedi: “11 il öncə körpə addımlarla məktəbə qədəm qoyduğunuz günü sanki dünən kimi xatırlayırıq. Bu illər ərzində siz böyüdünüz, yetkinləşdiniz, bilik və savad qazandınız. Bu gün artıq yeni həyat mərhələsinə qədəm qoyursunuz. Qarşıda sizi böyük yollar gözləyir. İnanıram ki, bu yolları uğurla qət edəcək, Vətənimizin layiqli vətəndaşları olacaqsınız. Məktəbin son zəngi çalındı. Qoy uğurlarınızın, xoşbəxtliyin, zəfərin ilk zəngi bundan sonra çalınsın! Həyatın burulğanlarında büdrəməyin, hər zaman zəkanız, zəhmətiniz və ürəyinizlə irəliləyin”.
Nəzakət Əsgərova təhsilə və təhsil işçilərinə Ulu Öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin və eləcə də ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısından bəhs etdi.
Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin adından məzunları təbrik etdi, onlara yeni həyat mərhələsində uğurlar arzuladı. Gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi. Məzunlara xoş arzularını çatdırmaqla ölkəmiz üçün onların layiqli vətəndaş olacaqlarına əminliklərini bildirdi, gələcək həyatlarında uğurlar arzuladı.
Liseyin məzununun valideyni Məleykə Adıgözəlova ölkəmizin gələcək qurucuları olan gənclərə-günün səbəbkarlarına aydın səma, hansı sahədə çalışmalarından asılı olmayaraq hər zaman məktəbin şərəfini uca tutmağın vacibliyini diqqətə çatdırdı.
Valideyn Sevinc Namazova isə çıxış nitqində məzunların həyatında yeni mərhələnin açıldığını diqqətə çatdırdı, onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək proseslərdə fəal iştirak edəcəklərinə inandığını bildirdi. Əziz məzunlar, sizə hər zaman açıq yollar, işıqlı sabahlar arzu edirəm! Son zənginiz mübarək olsun!
Çıxış edən liseyin müəllimləri buraxılış siniflərinin şagirdlərini təbrik etdi, ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu qeyd etdilər. Onlar məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq hər birinə uğurlar arzuladılar.
Tədbirdə cari tədris ilində keçirilən müxtəlif müsabiqələrdə qalib olmuş liseyin şagirdlərinə Fəxri fərman və diplomlar verildi.
Rəsmi hissə bitdikdən sonra meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Mərasim məzunların hazırladıqları maraqlı mahnı və rəqslərdən ibarət ədəbi-bədii kompozisiyalarla davam etdirildi. Sehrli "Bilik açarı"nı liseyin onuncu sinif şagirdlərinə verən məzunlar məktəbə əlvida dedilər.
Sonda məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.
Son dəfə zəng çalındı… Amma bu zəng sanki bu dəfə bir az daha asta, bir az daha kövrək səsləndi. Elə bil, “get, amma unutma...” deyirdi. O zəngin sədasında müəllimin öyüdü, dostların gülüşü, valideynin duası gizlənmişdi...Və beləcə məktəbə, uşaqlığa, qələmlə yazılan ilk "A" hərfinə, ilk tapşırıq səhvinə, müəllimin "oxu" dediyi günlərə, bir böyük "əlvida" deyildi.
Tədbir yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.
Məzun olmağın sevinci ilə, məktəbdən ayrılmağın kədərini eyni anda yaşayan 11-cilərin həyatında ən önəmli günlərdən biridir. “İki sahil” olaraq müstəqil həyata ilk qədəmləri qoyan məzunların duyğulu anlarına şahidlik etdik.
Günün səbəbkarlarından olan Emil Əsədovun sözlərinə görə, hər zaman müəllimlərinin dəstəyini hiss edib: “Müəllimlərimə əziyyətlərinə görə təşəkkürümü bildirirəm. Məktəb illərim mənim üçün unudulmazdır. Bu il məzun olan hər kəsə uğurlar arzu edirəm. Məzunlara sözüm odur ki, inkişaf etmək üçün gələcək həyatınızda da daim çalışın. Oxumaqdan və öyrənməkdən heç zaman vaz keçməyin.
Məktəb həyatına əlvida deyən məzunlardan biri Nigar İsmayılovaya yaxınlaşdıqda onun da digər məzunlar kimi qarışıq hislər yaşadığını hiss etdik: “Nə qədər desək də ki, məktəb qurtarsın. Bu gün isə məktəbin bitməsini heç istəmirik. Sevinirəm ki, məktəb illərimin qədrini yaxşı bildim. Müəllimlərim hər zaman bizə dəstək olub, qayğımıza qalıb, öyrətməkdən heç zaman yorulmayıblar. Bütün məzunlara bol uğurlar və daha gözəl günlər arzu edirəm. İnşallah ki, bütün məzunlar tələbə adını qazanar, valideynlərinə xeyirli övlad olarlar.”
Aişə Namaz da təəssüratlarını belə ifadə etdi: “11 illik məktəb həyatına vida söyləmək heç də asan deyil. Hər zaman yanımda olub, mənə dəstək olduqları üçün məktəbimizin direktoru Nəzakət müəlliməyə, bütün müəllimlərimə və valideynlərimə təşəkkürümü bildirirəm. Sinif yoldaşlarımı müəllimlərimi, dogma məktəbimi heç zaman unuda bilmərəm.
Müəllimlər öz şagirdlərinə gözləri dolu-dolu baxaraq, həyat yollarında onlara aydın səma, işıqlı yollar arzulayırdılar. Çünki bilirdilər: artıq hər bir şagirdin qəlbində öz həyat xəritəsi çəkilib, yollar artıq onların seçimindən asılıdır.
Liseyin İngilis dili müəllimi Xatirə Mustafayeva bildirdi ki, bu gün hər bir müəllim üçün həm sevincli, həm də kövrək bir gündür. Bir zamanlar məktəbin qapısından ürkək, utancaq addımlarla içəri daxil olan balaca şagirdlər artıq böyük yolun astanasındadır.
Bu illər ərzində sizə təkcə dərs demədik. Sizə həyat dərsləri verdik: dürüstlük, zəhmətkeşlik, səbr, insanlıq, vətənə sevgi. İndi isə siz bu bilikləri öz həyat yolunuzda tətbiq etməyə gedirsiniz. Sizi müşahidə edərkən qürur duyuram. Çünki biliklə, tərbiyə ilə, mədəniyyətlə zəngin, Vətənə, ailəyə, insanlara faydalı ola biləcək gənclər yetişdiyini görürəm.Şagirdlərimə arzularım isə sonsuzdur. Hər birini gələcəkdə yüksək vəzifələrdə görmək istərdim. Onlara işıqlı yollar arzu edirəm.”
Riyaziyyat müəllimi Rəmziyyə Aslanova bu gün qürur hissi keçirdiyini dilə gətirdi: “
Bu gün siz həyatınızın ən duyğulu, ən yaddaqalan günlərindən birini yaşayırsınız. Bu gün məktəb illərinin son, böyük həyatın isə ilk səhifəsini açırsınız. Məktəb illərində qazandığınız dostluqlar, müəllimlərinizdən aldığınız biliklər, ailənizin sevgisi sizin üçün hər zaman güclü dayağınız olacaq. Oxumaqdan, öyrənməkdən, çalışmaqdan heç zaman yorulmayın. Böyük hədəflər qoyun və bu hədəflərə doğru inamla irəliləyin. Əminəm ki, siz Azərbaycanın, ailələrinizin fəxri olacaqsınız! Çətinliklərdən qorxmayın! Hər zəhmətin sonunda mütləq uğur var. Yolunuz açıq, həyatınız işıqlı, uğurlarınız bol olsun, əziz 11-cilər!”
Valideynlərin baxışlarında həm sevinci, həm də bir parça kədəri oxumaq çətin deyildi. Axı bir vaxtlar əllərindən tutub məktəbə gətirdikləri balaca uşaqlar artıq müstəqil həyatın astanasındadırlar.
Övladının həyatında yeni bir səhifə, gələcəyə yeni bir pəncərə açıldığı üçün sevincli olan Elnarə Məsiyeva bildirdi ki, bu gözəl hissi yaşamağı bütün valideynlərə arzu edirəm. Məzunlar, bu gün sizin üçün bir başlanğıcdır. Qarşıda sizi böyük yollar, yeni imkanlar gözləyir. Əminik ki, hansı yolla getsəniz də, məktəbdə qazandığınız dəyərlər, ailə tərbiyəniz və öz zəhmətiniz sizi uğura aparacaq. Həyatın çətinliklərindən qorxmayın. Hər çətinlik sizin üçün bir dərs, hər uğur isə bir mükafat olacaq. Həmişə Vətəninizə, ailənizə, müəllimlərinizə və öz prinsiplərinizə sadiq qalın.
Mikrafonumuza övladlarının xoş günü ilə bağlı təəssüratlarından danışan digər valideynlər də qeyd etdilər ki, bu gün burada məktəbin həyətində bir valideyn olaraq danışmaq mənim üçün həm şərəfdir, həm də böyük duyğudur. Bu illər ərzində müəllimlərimizin əvəzsiz zəhməti sayəsində övladlarımız təkcə dərsləri yox, həyatı öyrəndilər. Müəllimlərimizin qayğıkeşliyi, səbrlə verdikləri dərslər, ürəklə söylədikləri sözlər övladlarımızın yaddaşında əbədi qalacaq. Əziz müəllimlər, övladlarımız üçün gecə-gündüz çəkdiyiniz əziyyətə, onlara verdiyiniz bilik, tərbiyə və qayğıya görə minnətdarıq.
Beləliklə, məktəbə vida edən on birincilər məktəb xatirələrinin sonuncu səhifəsinə də bu başlığı yazdılar: SON ZƏNG…
Biz də “İki sahil” olaraq məzunların hər birinə gəncliyin verdiyi fürsətlərdən yararlanmağı, düzgün sənət seçməyi, müstəqil həyata doğru sağlam və uğur dolu əmin addımlarla irəliləməyi arzu edirik. “Son zənginiz” mübarək, əziz məzunlar!
Məktəbin son, müstəqil həyatınızın ilk zənginin sədası daim yüksəklərdən gəlsin.
Yaqut Ağaşahqızı, “İki sahil”