14 aprel 2021 16:54
1302

Valyuta satışı: Həm tələb azalıb, həm də... 

Ölkədə maliyyə sabitliyi özünü valyuta bazarında da göstərməkdədir. Bu ilin birinci rübündə Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirilmiş hərraclarda 1 milyard 479,9 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46,6 faiz azdır.

Cari ildə ixracla bərabər idxalın da azalması, ən əsası isə ötən ilin mart ayında baş vermiş valyuta ajiotajı 2021-ci ilin birinci rübündə xarici  valyutaya tələbatın azalmasını şərtləndirib. Ümumilikdə, 2019-cu ilin sonuna ölkənin tədiyə balansının müsbət 5 milyard 143 milyon dollar təşkil etməsinə baxmayaraq,  2020-ci ildə bu göstərici üzrə 1 milyard 987,2 milyon dollar kəsirin yaranması ötən il xarici valyutaya tələbin hansı səviyyədə olmasından xəbər verir. Lakin məlum olduğu kimi, ötən il tədiyə balansında kəsirin yaranmasına baxmayaraq Azərbaycanın valyuta ehtiyatları nəinki azalıb, əskinə, bu ilin yanvarın 1-i tarixinə 352,4 milyon ABŞ dolları və yaxud 0,7 faiz çox olub.

Tələbatın azalması bankların nağd dollar alışına da təsir edib. Belə ki, ötən illə müqayisədə əksər banklar dolların alış qiymətini azaldıblar.

Bununla belə, Dövlət Neft Fondunun xərclərini, xüsusilə də dövlət büdcəsinə transfertin həyata keçirildiyini nəzərə alanda, valyuta hərraclarında satışın azalması qurumun öhdəliklərini yerinə yetirməsi imkanlarını məhdudlaşdırır. Məsələ burasındadır ki, birinci rübdə valyuta satışı 47 faizədək azalsa da, Neft Fondunun cari ildə büdcəyə nəzərdə tutulan transfertinin məbləği ötənilki qədər 12,2 milyard manat təşkil edir. Ötən ilin mart ayında məlum valyuta ajiotajının xarici valyutaya tələbi artırması müqabilində Fondun valyuta satışı artmış olsa belə cari ildə təkcə dövlət büdcəsinə 12 milyard 200 milyon manatın transfert olunacağını nəzərə alanda, bu rüblük transfertin məbləği 3 milyard 50 milyon manat olmalıdır. Bu mənada Fond təkcə büdcə qarşısında rüblük öhdəliyini yerinə yetirmək üçün valyuta hərraclarında 1 milyard 794 milyon  117,65 min ABŞ dolları satmalı idi. Ancaq göründüyü kimi, rüb ərzində satılmış valyutanın məbləği büdcəyə transfert planının 82,5 faizidir.

Xatırladaq ki, analoji hal 2019-cu ilin birinci yarısında da baş vermişdi. Belə ki, ilin birinci yarısında Neft Fondu büdcəyə transfert planının 50 faizini icra etməli olsa da, xarici valyutaya tələbin azalması səbəbindən bu göstərici 39 faiz olmuşdu. Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, ARDNF büdcəyə transfert məqsədilə müəyyən qrafiklə vəsait satmalıdır.

ARDNF-in açıqlamalarının birində deyilir ki, büdcə proqnozları illik əsasda təsdiq olunur və nəzərdə tutulan büdcə ili üzrə icra səviyyəsi həmin ilin müəyyən dövrlərində müxtəlif olur:  “Belə ki, il ərzində həm dövlət büdcəsinin tələbindən, həm də valyuta bazarında tələbin dəyişməsindən asılı olaraq öhdəliklərin aylar üzrə eyni həcmdə icra olunmaması mümkündür”.

Görünəni odur ki, belə vəziyyətdə dövlət büdcəsinin xərcləri digər mənbələr hesabına icra olunur.

     

     Ceyhun Piriyev, “İki sahil”