İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın cəlbediciliyini daha da artırıb. Belə ki, bərpa işlərində iştirak etmək niyyətlərini bildirən ölkələrin siyahısı genişlənməkdə davam edir.
Belə ölkələrdən biri də Belarusdur. Bu mənada Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə işgüzar səfərinin başlıca məqsədlərindən birinin bu məsələnin təşkil etdiyini desək, yanılmarıq. Prezident İlham Əliyevlə təkbətək görüşündə Belarus rəhbəri A. Lukaşenko işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasından bəhs edərək ölkəsinin bu sahədəki imkanlarına işarə edib.
Lukaşenko, həmçinin mətbuata bəyanatla çıxışında Azərbaycanın ölkəsi üçün təkcə neft yox, digər sahələrdə də əlverişli imkanlara malik olmasını vurğulayıb: “Mən nazirlərə kişi kimi demişəm ki, hər kəs buradan müəyyən həcmdə işlə getməlidir. Belarus naziri burada özünə iş tapmalıdır. Xüsusən ona görə ki, Prezident belaruslar üçün, onların bu son dərəcədə zəngin ölkədə işləmələri üçün qapıları geniş açıb”.
Prezident İlham Əliyevin çıxışından belə məlum olur ki, iki ölkə rəhbərinin görüşündə işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, həm də kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələlər ətraflı müzakirə edilib. Azərbaycan Prezidenti A. Lukaşenkoya Qarabağın “yaşıl enerji” zonası elan edilməsi və birinci “ağıllı kənd” layihəsinin praktiki olaraq həyata keçirilməyə hazır olması barədə məlumat verdiyini bildirib və bu sahədə Belarusun təcrübəsinin nəzərə alınmasının böyük maraq kəsb etdiyini deyib. Həmçinin alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı da müzakirə olunan məsələlər arasında olub.
Ölkə başçısı xatırladıb ki, Azərbaycan ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edir və Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlərin artıq fəaliyyət göstərdiklərini vurğulayan Prezident İlham Əliyev Belarusun dördüncü belə ölkə olacağına ümid etdiyini bildirib.
Ötən il Azərbaycanın bu ölkəyə ixracının dəyəri 164 milyon 915,53 min ABŞ dolları, idxalının dəyəri 148 milyon 248,21 min dollar olub. Müqayisə üçün deyək ki, 2019-cu ildə ixrac 21 milyon 103,90 min dollar idxal bundan az qala 10 dəfə çox – 206 milyon 156,62 min dollar olub. Ümimiyyətlə, ötən il istisna olmaqla digər illərdə Azərbaycanın bu ölkədən idxalı ixracından bir neçə dəfə çox olub. Bu baxımdan ötən il Belarusun Azərbaycandan idxalının 7 dəfədən çox artması Prezident A. Lukaşenkonu ölkəsinin məlum bərpa işlərində iştirakı istiqamətində cəsarətləndirib.
Lakin Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirib ki, artım əsas etibarilə xam neftin ixracı hesabına mümkün olub: “Bu ilin birinci rübündə xam neftin çatdırılması daha böyük həcmdə davam edib və düşünürəm ki, keçənilki həcmi əhəmiyyətli dərəcədə üstələyəcəyik. Marşrut artıq testlənib, layihə qarşılıqlı faydalıdır. Təbii ki, biz bu sahədə əməkdaşlığı genişləndirmək, məhz energetika sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik, yəni Belarusun neftayırma zavodlarına təkcə xam neft çatdırmaqla kifayətlənməyəcəyik”.
A.Lukaşenka hələ təkbətək görüşündə, xüsusən çətin vaxtlarda, elə indi də Belarus üçün karbohidrogen xammalı tədarükündə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyev təşəkkür etməyi unutmamışdı: “Bu gün səhər fikirləşirəm, bəlkə biz münasibətlərimizi məhz bu həssas sahədə dərinləşdirmək məsələsinə baxmalıyıq, ona görə ki, Belarus iqtisadi, siyasi hadisələrin mərkəzində yerləşir”.
Belarusun statistika qurumunun məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycandan 83,6 milyon dollar dəyərində xam neft idxal edilib. Başqa sözlə, iki ay ərzində Azərbaycanın Belarusa təkcə xam neft ixracının dəyəri ötən ilki ümumi ixracın 56,4 faizini təşkil edib. Eyni dövrdə, Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın bu ölkədən idxalı 15 milyon 415,62 min dollar olub.
Bu mənada “Sənaye, kənd təsərrüfatı, ağac emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində kooperasiya əlaqələrinin inkişafı üçün böyük potensial var. Bizdə daha çox sayda gənclərin təhsil alması üçün nə lazımdırsa edəcəyik” söyləyən Prezident Lukaşenko ölkəsinin Azərbaycanla hətta hərbi-sənaye kompleksi sahəsində də əməkdaşlıq etməyə hazır olduğunu deyib.
Belarus Prezidentinin əməkdaşlıq təklif etdiyi sahələrdən biri də koronavirus əleyhinə vaksin olub. Belarusun Rusiyanın “Sputnik V” texnologiyası əsasında yarım milyon doza vaksin istehsal edəcəyini xatırladan Lukaşenko bu göstəricinin ölkəsi üçün çox olduğunu, onu Azərbaycanla bölüşməyə hazır olmasını da dilə gətirib.
Belarus Prezidentinin səfəri çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında baytarlıq sahəsində anlaşma və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının “Milli Turizm Agentliyi” Dövlət qurumu arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Belarus Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu” imzalanıb.
Həmçinin SOCAR və Belarusun Dövlət Neft və Kimya Konserni (“Belneftexim”) arasında qarşılıqlı anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, əməkdaşlığın əsas istiqamətlərini Azərbaycan neftinin Belarusa tədarükünün təşkili sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, həmçinin karbohidrogen ehtiyatları istehsalçıları və istehlakçıları arasında dialoqun aktivləşdirilməsi, Belarusun neft emalı zavodlarında əməliyyat effektivliyinin artırılması üçün texniki auditin aparılması və sair təşkil ediləcək. Sənəd, həmçinin Belarusda istehsal olunan neft məhsullarının reallaşdırılması, birgə investisiya layihələri və dost ölkənin bazarında SOCAR tərəfindən neft məhsullarının satışı sahələrində tərəfdaşlıq məsələlərini əhatə edir.
Görünəni odur ki, iki ölkə arasında iqtisadi sahədə əlaqələrin gələcəkdə inkişafı daha çox energetika sahəsində əməkdaşlıqdan asılı olacaq.
Ceyhun Piriyev, “İki sahil”