16 aprel 2021 10:09
805

İdmançılardan hər gün test götürüləcək

Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları idmançıların koronavirus testlərinin aparılma tezliyini artırmaq və belə analizləri hər gün etmək niyyətindədirlər.

"İki sahil" xəbər verir ki, bu barədə Yay Olimpiya və Paralimpiya Oyunlarının keçirilməsinə cavabdeh olan nazir Tamayo Marukava açıqlama verib.

"Bəzi ölkələr idmançılarını peyvənd edə, bəziləri isə etməyə bilər. Biz təhlükəsiz yarışlar keçirəcəyik və bütün ölkələrdən idmançıları gözləyirik. Hazırda gündəlik testlərin aparılmasının mümkünlüyünü ətraflı nəzərdən keçiririk", - deyə o vurğulayıb.

Beynəlxalq Olimpiya Komitəsinin daha əvvəl açıqladığı qaydalara əsasən, atletlər 4 gündə bir dəfədən az olmayaraq, test verməlidirlər. PZR testinin dövriliyi idman növündən və yarış cədvəlindən asılı olacaq. Yoxlamaların Olimpiya və Paralimpiya Kəndi ərazisindəki xüsusi laboratoriyada aparılması planlaşdırılır. İdmançı bu obyektlərdən kənarda yaşayırsa, o, analiz vermək üçün xüsusi ayrılmış nəqliyyat vasitələrindən yararlanmalı olacaq. Test nəticələrini isə smartfon üçün xüsusi əlavələr vasitəsilə izləmək mümkün olacaq.

Yoluxma aşkarlandıqda digər atletlər dərhal digər proqram əlavəsi ilə məlumatlandırılacaqlar. Həmin əlavə idmançıların şəxsi məlumatlarını özündə saxlamır, yalnız potensial risk xəbərdarlığı edir. O, Yaponiyada ötən ilin yayından istifadə olunur və Tokio olimpiadasına gələcək şəxslər üçün vacib sayılır.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.